Accessibility links

Cənubi Qafqazda sərhəd idarəçiliyi layihəsi dəstəklənir


Cənubi Qafqazda sərhəd idarəçiliyi layihəsi dəstəklənir
Cənubi Qafqazda sərhəd idarəçiliyi layihəsi dəstəklənir

Cənubi Qafqazda inteqrasiya edilmiş sərhəd idarəçiliyi sisteminə dəstək layihəsinə 6,3 milyon avro ayrılıb

Bakıda “Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” layihəsinin təqdimatı olub. Layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və region ölkələr tərəfindən həyata keçirilir.

Layihənin Azərbaycan üzrə meneceri Məzahir Əfəndiyev bildirib ki, proqramın əsas məqsədi sərhədlərin idarə olunması sahəsində milli qurumlararası əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, qonşu sərhəd ölkələri (Ermənistan istisna olmaqla), habelə Avropa İttifaqı ölkələri və müvafiq beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlıq səviyyəsinin artırılması, Azərbaycanın Gürcüstan ilə pilot layihələrinin həyata keçirilməsi, sərhəd təhlükəsizliyinin təminatı, milli qanunvericiliyin təkmilləşdirilməsidir.
BMT-nin Azərbaycandakı koordinatoru Fikrət Akçura sərbəst hərəkət və qlobal təhlükəsizlik baxımından sərhədlərin effektiv idarə olunması sisteminin təminatının vacibliyini vurğulayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin departament rəhbəri Jan Lui Lavroff deyib ki, Avropa ölkələri təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə sərhəddən sərbəst hərəkət sistemini yaradıb. “Avropa İttifaqı öz təcrübəsini bölüşməyə və Cənubi Qafqazda inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək göstərməyə, əsasən Azərbaycanla Gürcüstan arasında bu sahədə qarşılıqlı fəaliyyəti dəstəkləməyə hazırdır”.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə deyib ki, əvvəllər Avropa İttifaqı Azərbaycanın cənub sərhədlərində nəzarətin təkmilləşdirilməsinə yardım layihəsini həyata keçirib. “Hazırda bu sərhədlər müasir müşahidə sistemi, informasiyanın hazırlanması və təhlili sistemi ilə təchiz olunub”.

Gürcüstanla əməkdaşlıq məsələlərinə toxunan cənab Tağızadə deyib ki, söhbət sərhəd idarəçiliyi sisteminin təkmilləşdirilməsi üzrə razılaşdırılmış və sinxronlaşdırılmış hərəkətlərdən gedir. “Bundan əlavə, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulur”.
Proqram menecerinin müavini Riçard Martines bildirib ki, 30 ay müddətinə nəzərdə tutulan layihənin reallaşmasına 6,3 mln avro ayrılıb. “Layihəyə Fransa, Latviya, Çexiya və başqa ölkələr daxildir”.

XS
SM
MD
LG