Accessibility links

Con Brennanın məxfi məlumatlara çıxış imtiyazları əlindən alınıb


ABŞ prezidenti Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) sabiq rəhbəri Con Brennanın məxfi məlumatlara çıxış imtiyazlarını əlindən alıb və deyib ki, Brennan onun administrasiyasında “hərc-mərclik salmağa” çalışır.

Ağ Evin mətbuat katibi Sara Sanders çərşənbə günü prezidentin bəyanatını oxuyub.

“Bu əsaslandırmaların heç biri Brennanın məxfi məlumatlara çıxış imtiyazlarının davam etməsinə bəraət qazandırmır. Birincisi, hazırda mənim admınistrasiyamın yüksək vəzifəli rəsmilərinin cənab Brennandan aldıqları məsləhətlərin faydaları onun təhlükəli davranışının yaratdığı risklərdən daha azdır. İkincisi isə, onun bu davranışı peşəkarlıq limitini aşıb”, Sara Sanders oxuyub.

Brennan Trampın ötən ay Finlandiyada Rusiya prezidenti Vladimir Putinlə mətbuat konfransı zamanı etdiyi çıxışını “vətənə xəyanət” adlandırıb.

Brennan Twitter hesabında yazıb ki, Trampın bu addımı söz azadlığını məhdudlaşdırmaq və tənqidçiləri cəzalandırmaq cəhdidir. O həmçinin əlavə edib ki, “fikirlərini dilə gətirdikləri üçün ödədikləri bədəl kəşfiyyat pəşəkarları da daxil olmaqla, bütün amerikalıları narahat etməlidir”.

Senatın Kəşfiyyat Komitəsinin yüksək səviyyəli üzvü bildirib ki, Trampın bu addımı ABŞ prezidenti Riçard Niksonu xatırladır.

“Məxfi məlumatlara çıxış imtiyazlarının alınması mənə Niksonun onu tənqid edən hər bir kəsi susdurmağa çalışmaq cəhdlərini xatırladır”, demokrat senator Con Uorner deyib.

Respublikaçı senator Rand Pol isə söyləyib ki, Brennanın hakimiyyətdə və hakimiyyətdən kənardakı davranışları onun məxfi məlumatara çıxış verilməməli olduğunu göstərir.

XS
SM
MD
LG