Accessibility links

ABŞ dövlət katibi Somaliyə tarixi səfər edib


ABŞ dövlət katibi Somaliyə tarixi səfər edərək, bu ölkəni ziyarət edən ilk yüksək səviyyəli Amerika rəsmisi olub.

Con Kerrini müşayiət edən Amerikanın Səsinin müxbiri Pam Dkoings xəbər verib ki, Moqadişu hava limanında ABŞ Dövlət katibini Somali prezidenti Həsən Şeyx Mohamud, baş nazir və digər yüksək səlahiyyətli rəsmilər qarşılayıb.

Con Kerri təhlükəsizlik və Somalidə gələn il seçkilərdən öncə islahatların həyata keçirilməsi istiqamətində inkişaf məsələlərini müzakirə edib.

Somali paytaxtında təhlükəsizlik təminat altına alınsa da, hökumət hələ də Əl-Şəbəb yaraqlı qrupunun kamikadze hücumlarına qarşı ölçülər götürməlidir.

Con Kerrinin eyni zamanda, vətəndaş cəmiyyəti liderləri ilə QHT-lərin fəaliyyətini müzakirə edəcəyi gözlənilirdi.

Bundan əlavə ABŞ Dövlət katibi 2011-ci ildən Somalidə xidmət göstərən Afrika Birliyi əsgərlərinə ölkədə sabitliyin bərqərar edilməsindəki roluna görə təşəkkürünü bildirməyi planlaşdırırdı.

Amerikanın baş diplomatı Somaliyə Keniyadan gedib.

Dövlət katibi Kerri Keniyada keçirdiyi məntbuat konfransı zamanı Afrikaya milyonlarla dollar məbləğində yardım vəd edib.

Con Kerri deyib ki, 45 milyon dollarlıq vəsait Keniyada yaşayan qaçqınlara yardım məqsədi ilə BMT-nin Qaçqınlar Agentliyinə veriləcək.

ABŞ diplomatı Nayrobiyə qaçqınlara sığınacaq verdiyi üçün təşəkkürünü bildirib.

Daha əvvəl dövlət katibi 1998-ci ildə ABŞ-ın Nayrobidə öldürülən səfirlik işçilərinin anım mərasimində iştirak edib. O, Amerikanın terrorizmlə mübarizə səylərini davam etdirəcəyinə söz verib.

Bir zamanlar səfirlik binasının yerləşdiyi bölgədə açılan memorial önünə əklil qoyan Kerri terrorçuların həmişə məğlub olacağını bildirib.

ABŞ Dövlət katibi Keniya prezidenti Uhuru Kenyatta ilə keçirdiyi görüş zamanı Əl-Şəbəb yaraqlı qrupuna qarşı daha effektiv mübarizə yollarını müzakirə edib.

Con Kerri Afrika burnu regionunda yerləşən Amerikanın hərbi bazasına baş çəkəcək.

Daha sonra onun Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrlə görüşü planlaşdırılıb.

ABŞ Dövlət katibi qələbə günü mərasimlərində iştirak etmək üçün Parisə də gedəcək.

XS
SM
MD
LG