Accessibility links

2019-cu ildə vergilər necə olacaq? - Ekspert sualları cavablandırır


Vüqar Bayramov 2019-cu ildə vergilərin necə olacağını izah edir
please wait

No media source currently available

0:00 0:07:06 0:00

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun Amerikanın Səsinə müsahibəsi

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Amerikanın Səsinə müsahibəsində “Vergi Məcəlləsi”nə edilmiş yeni dəyişikliklərdən sonra 2019-cu ildə hüquqi və fiziki şəxslərin nə qədər vergi ödəyəcəyindən danışıb.

Amerikanın Səsi: “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdən sonra 2019-cu ildə fiziki şəxslərin əmək haqlarından və gəlirlərindən vergitutmada hansı dəyişikliklər olacaq? Bu dəyişikliklərin vergi ödəyiciləri üçün hansı müsbət və mənfi tərəfləri ola bilər?

Gəlir vergisi ləğv olunsa da belə, vətəndaşlar 10 faiz sosial vergi ödəyəcəklər.

Vüqar Bayramov: Gəlir vergisi ilə bağlı tətbiq edilən dəyişikliklər gəlir vergisinin azalmasına səbəb olacaq. Aylıq gəliri 8 min manatadək olan vətəndaşlarımız gəlir vergisi ödəməkdən azad olunacaq. Ayda 8 min manatdan çox gəliri olan vətəndaşlar isə 14 faizlə gəlir vergisinə cəlb olunacaq. Mövcud qanunvericiliyə əsasən gəliri 2500 manatadək olanlar 14 faiz vergi ödəyirdi, 2500 manatdan çox olanlar üçün isə bu rəqəm 25 faiz idi. Artıq gəlir vergisi praktiki olaraq ləğv olunur. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışanların aylıq əmək haqları 8 min manatdan azdır. Bu o deməkdir ki, yeni dəyişiklik demək olar ki, bütün işləyən vətəndaşları əhatə edəcək. Xüsusən qeyd etmək lazımdır ki, söhbət qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlardan gedir. Eyni zamanda, gəlir vergisinin ləğv edilməsi heç də vətəndaşın ödəyəcəyi verginin tamamən ləğv olunacağı anlamına gəlmir. Çünki bəzi hallarda əmək müqaviləsi ilə işləyən vətəndaşlar düşünür ki, onlar vergi ödəməyəcək. Amma dəyişikliklərə əsasən elə deyil. Gəlir vergisi ləğv olunsa da belə, vətəndaşlar 10 faiz sosial vergi ödəyəcəklər. Yəni praktik olaraq 14 faiz gəlir vergisi yoxdur, amma onun müqabilində işləyən əhali 10 faiz sosial vergi ödəyəcək. Sosial vergi 22+3 faiz, yəni 25 faiz idi. 25 faiz işçi və işəgötürən arasında bölüşdürülür, 10 faiz işçi, 15 faiz isə işəgötürənin üzərinə düşür. Burada müsbət məqam ondan ibarətdir ki, sosial ödəniş işçinin yığım kartına yığılır və gələcəkdə, bu, onun daha çox pensiya almasına zəmin yaradır. Xidməti müqavilə ilə bağlı ödənilən verginin məbləği artırılır. Əgər biz gəlir vergisində əmək müqaviləsi ilə çalışanlarda verginin ləğv edilməsi, ümumiyyətlə ödənişin azalmasını müşahidə edəcəyiksə xidməti müqavilə ilə çalışanlarda ödəniş artır. Əvvəllər xidməti müqavilə ilə 1000 manat gəlir əldə edən vətəndaşımız 66 manat ödəyirdi, yəni 40 manat vergi, 26 manat sosial vergi. Yeni qaydalara əsasən vergi 5 faizdir, yəni bu o deməkdir ki, xidməti müqavilə ilə 1000 manat əmək haqqı alan şəxs 40 manat deyil 50 manat vergi ödəyəcək. Eyni zamanda, xidməti müqavilə ilə işləyənlər üçün sosial ödəniş məbləği də artıb. Yəni, təxminən əvvəl xidməti müqavilə üzrə 66 manat ödəniş edən vətəndaş gələn ildən 90 manata yaxın ödəniş edəcək. Bu da ondan xəbər verir ki, xidməti müqavilə üzrə ödənişlərdə artım var.

Amerikanın Səsi: Yeni dəyişkilklərdən sonra hüquqi şəxslərin vergi ödəmələrində hansı yeniliklər baş verəcək?

Sadələşmiş vergidə iştiralçıların sayı azalacaq.

Vüqar Bayramov: Hüquq şəxslərin ödədiyi vergilərdə müəyyən fəqrlər var. Sadələşdirilmiş vergi dərəcələri bütün respublika üzrə 4 faizdən 2 faizə endirilib. Sabit sadələşdirilmiş vergi dərəcələri müəyyənləşdirilib. Eləcə də hüquqi şəxslərlə bağlı xeyli fərqlər var. Məsələn, mikrosahibkarlar üçün mənfəət vergisinə 75 faiz güzəşt var, startaplar (texnologiya sahəsində biznesə yeni başlayanlar-red) növbəti 3 ildə mənfəət vergisindən azaddır. Eləcə də mənfəət vergisindən fərqli qruplar üzrə güzəştli və tam olaraq azad olmalar var. Amma sadələşmiş vergi daha çox diqqəti cəlb edir. Sadələşmiş vergidə iştiralçıların sayı azalacaq. Yəni əvvəlki illərlə müqayisədə gələn ildən sadələşmiş vergi ödəyən sahibkarların sayında azalmalar müşahidə ediləcək. Ticarət sadələşdirilmiş verginin subyekti olmayacaq, ictimai iaşə 8 faiz sadələşmiş vergi ödəyəcək. Amma, biz ticarətin sadələşmiş vergi subyekti kimi saxlanmamasının tərəfdarı deyilik. Biz tərəfdar idik ki, yeni dəyişkilklərdə də ticarətlə məşğul olanlar sadələşmiş vergi ödəsinlər. Aksiz vergi dərəcələrində də artımlar var. Ölkəyə idxal edilən avtomobil, spirtli içkilər, enerji içkiləri, tütün məmulatlarının tətbiqinə aksiz dərəcələrinin artırılması, nəticə etibarı ilə onların xərcinin artmasına səbəb olacaq. Güman edirik ki, 2019-cu ildə avtomobillər daxil olmaqla sözü gedən məhsullarda qiymət artımı olacaq. Xüsusən avtomobillərin qiymətlərində artımlar gözlənilir. Artıq avtomobillərdə qiymət artımları müşahidə edilməkdədir. Çünki mühərrikin gücündən asılı olmayaraq ölkəyə idxal edilən bütün avtomobillərə tətbiq edilən vergi dərəcələri artırılıb.

Amerikanın Səsi: “Vergi Məcəlləsi”nə yeni dəyişkliklər gizli iqtisadiyyatın səviyyəsini aşağı sala biləcəkmi? Gizli iqtisadiyyatın səviyyəsini aşağı salmaq üçün daha hansı mexanizmlərə ehtiyac duyulur?

Vergi orqanları ilə, vergi nəzarəti ilə münasibətlərin elektonlaşdırılması gələcəkdə gizli iqtisadiyyatın payını azalda bilər.

Vüqar Bayramov: Fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəştlər qeyri məşğulluğun səviyyəsini azalda bilər. Çünki burada məqsəd odur ki, qeyri məşğulluğun səviyyəsini azaltmaq mümkün olsun. Əvvəlki dövrlərdə əmək müqaviləsi ona görə bağlanmırdı ki, ödəniş çox idi. Əvvəl bir tərəfdə 14 faiz vergi, digər tərəfdə 25 faiz sosial vergi var idi. Nəticə etibarı ilə işəgötürən və işçi 40 faizə yaxın vergi ödəyirdi. Yeni qaydalara əsasən bu azalıb, 25 faizlik vergi işəgötürən və işçi arasında 10, 15 faiz bölünür. Bu qeyri məşğulluğun aradan qaldırılmasına gətirib çıxara bilər. Amma, bütövlükdə bizim yanaşmamız ondan ibarətdir ki, gizli iqtisadiyyatın minimumlaşdırılması üçün iqtisadiyyatın daha da liberallaşması və vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərin tam elektronlaşdırılmasına ehtiyac var. Vergi nəzarəti güclənməlidir, amma elektron formada güclənməlidir. Vergi orqanları ilə, vergi nəzarəti ilə münasibətlərin elektonlaşdırılması gələcəkdə gizli iqtisadiyyatın payını azalda bilər.

Amerikanın Səsi: Bir sıra ekspertlər “Vergi Məcəlləsi”nin çətin anlaşıldığını, yeni daha anlaşılan məcəlləyə ehtiyac duyulduğunu bildirir. Siz necə düşünürsünüz?

Daha anlaşıqlı, dəyişkliklərə daha az məruz qalacaq bir “Vergi Məcəlləsi”nin hazırlanması daha məqsədəuyğundur

Vüqar Bayramov: Mən də düşünürəm ki, yeni “Vergi Məcəlləsi”nin qəbulu daha məqsədəuyğun olardı. Nəzərə alsaq ki, bir neçə il öncə “Vergi Məcəlləsi”nə yüzdən artıq dəyişiklik olub, hal-hazırda isə “Vergi Məcəlləsi”nə 200-dən artıq dəyişiklik oldu. Nəticə etibarı ilə son illər “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərin sayı 300-dən artıqdır. Eyni zamanda, “Vergilər Məcəlləsi”ndə olan terminlərin anlaşılması ilə bağlı müəyyən çətinliklər var. Dəyişikliklər çox olduğu üçün bəzən sahibkarlar, xüsusilə orta və kiçik sahibkarlar dəyişiklikləri izləməkdə çətinliklər çəkir. O baxımdan daha anlaşıqlı, dəyişkliklərə daha az məruz qalacaq bir “Vergi Məcəlləsi”nin hazırlanması daha məqsədəuyğundur. Bu kontekstdən daha məqsədəuyğundur ki, Vergilər Nazirliyi, eləcə də hökumət tərəfindən yeni “Vergi Məcəlləsi” hazırlansın. Yeni “Vergi Məcəlləsi” həm dil baxımdam anlaşıqlı olsun, həm də sahibkarlarlar məcəlləni daha yaxşı başa düşə bilsin. O da məcəllıənin icrası baxımından daha məqsədəuyğundur.

XS
SM
MD
LG