Accessibility links

Dövlət Departamenti: Azərbaycanda insan alveri ilə bağlı cinayət təqibi zəifləyib


ABŞ Dövlət Departamentinin iyunun 20-də 2019-cu il üçün İnsan Alverinə dair Hesabatı (2019 Trafficking in Persons (TIP) Report) açıqlanıb.

Hesabatı ABŞ dövlət katibi Mayk Pompeo təqdim edib.

ABŞ-ın İnsan alveri Qurbanlarının Müdafiəsi Qanununa (Trafficking Victims Protection Act -TVPA) uyğun olaraq hazırlanan illik hesabat bütün dünyada hökumətlərin insan alveri və müasir quldarlıqla mübarizəsini qiymətləndirir.

Hesabatda deyilir ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara cavab verməsə də, bu istiqamətdə əhəmiyyətli səylər göstərir.

Qeyd olunur ki, Azərbaycanda xaricə gedən miqrantlar üçün xəbərdarlıq kampaniyaları artırılıb.

Buna baxmayaraq, Azərbaycan hökumətinin səyləri əvvəlki dövrlə müqayisədə zəif olub, bu sahədə cinayət təqibi zəifləyib və məhkəmələr trafikinqdə ittiham olunanların hamısı üçün şərti cəzalar verməklə kifayətlənib.

Azərbaycan hökuməti habelə QHT-lər tərəfindən idarə olunan sığınacaqların saxlanmasına maliyyə dəstəyi verməyib.

Hesabatda deyilir ki, məsələn, büdcə təşkilatları işçilərinin pambıq yığımına cəlb edilməsinə dair məlumatlar var.

Məhz bütün bunlara görə Azərbaycanın reytinqi azaldılıb və o, 2-ci dəstənin içərisində xüsusi nəzarət siyahısına daxil edilib.

Nəzarət siyahısında Azərbaycandan başqa Əfqanıstan, Konqo, İraqla yanaşı keçmiş Sovet İttifaqından Qazaxıstan, Qırğızıstan, Özbəkistan da var. Avropa ölkələrindən bu siyahıda yalnız Macarıstan qərar tutub.

Hesabatda Azərbaycan hökumətinə xüsusi tövsiyələr verilir.

Bunlar xüsusilə də ölkə daxilində insa alverinə, məcburi əməyə və uşaq trafikinqinə diqqətin gücləndirilməsi, xüsusilə də pambıq yığımı dövründə məcburi əməyin qarşısının alınması, bu barədə faktların hakimiyyət orqanlarına çatdırılmasının stimullaşdırılmasıdır.

Hüquq-mühafizə orqanlarının, prokuror və hakimlərin bu sahədə təlimləndirilməsi də tövsiyələrdən biridir.

Rəsmi Bakı hələ hesabata münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini bildirir və tənqidləri qəbul etmir, qərəzli sayır.

XS
SM
MD
LG