Bu gün, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq məqsədi daşıyır.
Bu il də koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlər keçirilmir.
Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkədəki hesabında paylaşım edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O zaman Azərbaycan xalq hərəkatının fəalları Nemət Pənahlının rəhbərliyi ilə Şimali (Azərbaycan Respublikası) və Cənubi Azərbaycan (İran Azərbaycanı) arasındakı keçmiş Sovet İttifaqının qurduğu sərhəd dirəklərini dağıdıb.
Bu zaman İstanbulda keçirilən Türkdilli Xalqların Konfransı 31 dekabrda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması barədə təklif verib.
1992-ci ildə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Əbülfəz Elçibəy həm də Azərbaycan Xalq Cəbhəsinin sədri kimi keçmiş SSRİ-nin İranla sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub.
Dünya ölkələrində azərbaycanlıların sayı barədə rəsmi statistika yoxdur. Ancaq bir çox nəşrlər hazırda dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını bildirir.
Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır.
Azərbaycanın müstəqillik dövründə ABŞ-a minlərlə azərbaycanlı köçüb. ABŞ-da həmçinin İrandan mühacirət etmiş çoxsaylı azərbaycanlılar yaşayır.