Dünya ölkələrinin liderlərinin əksəriyyəti çərşənbə günü Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koraya lideri Kim Conq Un arasında Pxenyanın nüvə proqramının sona çatdırılmasını nəzərdə tutan razılaşmanın əldə edilməsini razılıq hissi ilə qarşılayıb.
Cənubi Koreya prezidenti Mun Cae-in bildirib ki, o, telefon söhbəti zamanı Trampa Sinqapur sammitinin Koreya yarımadasında və bütün dünyada sülhə nail olunması üçün böyük planın əsasını qoyduğunu deyib.
Çinin xarici işlər naziri Vanq Yi bildirib: “Birləşmiş Ştatlar və Şimali Koreya yarım əsrdən çox vaxt ərzində düşmənçilik mövqeyində idi. Lakin bu gün iki ölkənin ən yüksək səviyyəli liderlərinin birlikdə oturub, bərabər danışıqlar aparması mühümdür, müsbət məna daşıyşır və bu, yeni tarix yaradır”.
Yaponiyanın baş naziri Şinzo Abe Kim Conq Unun tam nüvəsizləşdirilməyə dair təəhhüdünü razılıq hissi ilə qarşılaıb. O, Trampa Şimali Koreya tərəfindən Yaponiya vətəndaşlarını oğurlanması məsələsini qaldırdığnıa görə təşəkkürünü bildirib və deyib ki, “Yaponiya Şimali Koreya ilə məsələni ciddi şəkildə qarşı-qarşıya müzakirə edəcək”.
Rusiyanın Xarici İşlər Nazirliyi “Amerika-Şimali Koreya münasiblətlərinin normallaşmasının Koreya yarımadasının problemlərinin həllinin əsas tərkib hissəsi olduğunu bildirib.
Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Federika Mogerini bildirib ki, “sammit Koreyalararası münasibətlərdə müsbət inkişafa nail olunması üçün mühüm və lazımi addımdır”.
Britaniyanın xarici işlər naziri Boris Conson Tramp-Kim sammitini “qlobal iqtisadi inkişaf üçün həyat əhəmiyyətli regionun sabitliyi istiqamətində mühüm bir addım” adlandırıb.
BMT-nin nüvə agentliyinin baş direktoru Yukiya Amano deyib ki, onun rəhbərlik etdiyi qurum Şimali Koreyada Kim rejimi silah proqramını dayandırdığı zaman “nüvəsizləşdirmə fəaliyyətlərinin hər hansı yoxlanmasına hazırdır”.