Accessibility links

Dağıstanda Xəzər dənizi sahilində 150-dən çox suiti ölü halda tapılıb


Rusiyalı tədqiqatçılar bir neçə gün ərzində Xəzər dənizinin sahillərində nəsli kəsilməkdə olan 150-dən çox suitinin ölü halda tapıldığını bildirir.

Moskva Dəniz məməliləri tədqiqat mərkəzindən Viktor Nikiforov mayın 6-da ölü suitilərin Dağıstan bölgəsində tapıldığını deyib. Lakin ölümlərin səbəbi hələ də bəlli deyil.

Suitilərin ölümünə "sənaye çirklənməsi, balıq ovu və ya brakonyerlikdə istifadə olunan torlar"-ın səbəb ola biləcəyini deyən Nikiforov əlavə edib ki, "Bu bəlkə də iqlim dəyişikliyi və ya bir neçə səbəbin nəticəsidir".

Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib ki, dəniz məməlilərinin bir çoxu balıq torlarına ilişmiş halda tapılıb.

Tədqiqatçılar suitilərin Mahaçqaladan 100 kilometr cənubda, eləcə də şəhərdən 50 kilometr şimalda tapıldığını bildirir.

Şimali Qafqazdakı Federal Balıqçılıq Agentliyi sayım aparmaq üçün əraziyə müfəttişlər göndərib.

İstintaq Komitəsi də məsələyə baxıldığını bildirib.

Bu suitiləri dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində yaşayan yeganə məməlidir.

Bu endemik növlər son on illərdir həddindən artıq ovlanma və dənizin çirklənməsindən əziyyət çəkir. 20-ci əsrin əvvələrində onların ümumi sayı 1 milyondan çox olsa da hazırda cəmi 70 minə yaxın qaldığı təxmin edilir.

Keçən ilin dekabr ayında da Rusiya rəsmiləri Dağıstanın Xəzər dənizi sahilində 300-dən çox suitinin öldüyünü xəbər vermişdi.

2008-ci ildən bəri Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) tərəfindən təhlükədə olan növlər siyahısına daxil edilmiş bu suiti növü bu il Rusiyanın nəsli kəsilməkdə olan və nadir növlərin Qırmızı Kitabına daxil edilib.

Zəngin karbohidrogen yataqlarına sahib olduğu üçün beş sahil dövlətin hamısında Xəzərdən neft çıxarılma işi aparılır. Bu da öz növbəsində çirklənmə və suyun səviyyəsinin azalması eləcə də bir çox yerli növün məhv olma təhlükəsinə səbəb olur.

XS
SM
MD
LG