Accessibility links

Daniel Balson: Mehman Hüseynov və bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilməlidir


“Mehman Hüseynova aclığı dayandırması barədə təzyiqlər olmasına baxmayaraq, o, möhkəm dayanıb, aclıq aksiyasını davam etdirir. Onun beynəlxalq dəstəyə daha çox ehtiyacı var. Biz yalnız Mehman üçün deyil, Azərbaycandakı bütün siyasi məhbuslar üçün vəziyyəti dəyişməliyik”.

Bu barədə Mehman Hüseynovun məcburi mühacirətdə olan qardaşı Emin Hüseynov yanvarın 10-da Vaşinqtonda Amerika Milli Mətbuat Mərkəzində bloger Mehman Hüseynov və digər siyasi məhbuslarla bağlı təşkil edilən mətbuat konfransında bildirib.

Tədbirdə blogerin qardaşı, Reprtyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovla yanaşı, Amerika PEN Klubun rəhbəri Tomas Melia, Amnesty International təşkilatının Avropa və Orta Asiya üzrə nümayəndəsi Daniel Balson, jurnalistlər Ələkbər Raufoğlu və Sevinc Osmanqızı çıxış edib.

Emin Hüseynov bildirib ki, son altı gündə qardaşı Mehmanla danışa bilmir.

“Biz son günlər Mehmanla yalnız vəkillər vasitəsi ilə əlaqə saxlaya bilirik. Lakin Mehmanın vəkilləri ilə olan söhbətini də yazırlar. Hətta mən sonuncu dəfə Mehmanla danışanda da telefon danışığımıza müdaxilə edirdilər. Deyirdilər prezident haqqında danışmayın. Müdaxilə edib kommunikasiyamıza mane olmağa çalışırdılar.”

RATİ direktoru deyib ki, yanvarın 10-da vəkil Mehman Hüseynovla görüşməyə müvəffəq olub.

“Vəkil mənə dedi ki, Mehman hələ də aclığı davam etdirir. O, süd və su qəbul edir, səhhətində problemlər yaranıb. Ayaqlarında ağrılar var.”

Emin Hüseynov insanları hökumət tərəfindən blogerin yanına göndərilən hüquq müdafiəçilərinə inanmamağa çağırıb.

Mehmanın sözü budur ki, o aclığı fevral ayınadək davam etdirmək niyyətindədir. Biz onun vəziyyəti ilə bağlı çox ciddi narahatlıq keçiririk.
Emin Hüseynov

“Bundan öncə hökumətin dırnaqarası hüquq müdadfiəçiləri Mehmana baş çəkib. Onlar iddia etmişdilər ki, heç kim Mehmana işgəncə vermir, aclıq aksiyası keçirmir, hər şey yaxşıdır. Bunların hamısı tamam yalandır. Bu gün vəkil yenə Mehmanın qardaşları ilə telefon əlaqəsi saxlamaq hüququnu xatırladıb. Mehmanın sözü budur ki, o, aclığı fevral ayınadək davam etdirmək niyyətindədir. Biz onun vəziyyəti ilə bağlı çox ciddi narahatlıq keçiririk. Yanvarın 8-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də Mehmanla görüşüb. Eyni gündə hökumətin göndərdiyi dırnaqarası hüquq müdafiəçiləri də görüşüb. Mehman hökumətin hüquq müdafiəçilərinə də deyib ki, aclıq aksiyasını heç zaman dayandırmayıb, hazırda da davam etdirir.”

RATİ direktoru atası Rafiq Hüseynova da təzyiqlər olduğunu diqqətə çatdırıb.

“İndi artıq atama da təzyiqlər artır. Atama deyirlər ki, sən gərək Mehmanla görüşüb aclığı dayandırmasını tələb edəsən. Atamın səhhəti ilə bağlı narahatlıq keçirirəm. O, bir neçə dəfə xəstəxanaya aparılıb, onun da səhhəti pisləşib. Atamın 67 yaşı var. Biz bir neçə ay əvvəl anamızı da itirmişik.”

İndi atama da təzyiq var. O bir neçə dəfə xəstəxanaya aparılıb, onun da səhhəti pisləşib. Biz bir neçə ay əvvəl anamızı da itirmişik.
Emin Hüseynov

Emin Hüseynov deyib ki, o, bir neçə ay qabaq qardaşının həbsdən buraxılmayacağı ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar edib.

“Sentyabr ayından Mehmana bu xəbərdarlıqlar edilirdi. Ona İlham Əliyev administrasiyası təhlükəsizlik xidmət vasitəsi ilə bu mesajı çatdırlımaqda idi: `əgər sən öz xəttini, davranışını dəyişməsən, heç vaxt azadlığa çıxmayacaqsan. “Mən elə o vaxtlar ABŞ-da Dövlət Departamentində, beynəlxalq təşkilatlarda bu təbili çalırdım ki, Mehman Hüseynov azadlığa çıxmaya bilər. Ümid edirdim ki, buna inanacaqlar. Amma mənə tez-tez sual verirdlər ki, Mehman azadlığa çıxsa, kimin üçün təhlükə törədəcək? Rəhbərlik üçün təhlükə nədən ibarətdir? Mehman onlara deyirdi ki, həbsdən çıxandan sonra da məmurların korrupsiyası, özbaşınalığı və dərəbəyliyini ifşa etməkdə davam edəcək.”

RATİ direktorunun sözlərinə görə, Mehman Hüseynovla yanaşı digər siyasi məhbusların başına da eyni oyunlar gətirilməkdədirlər.

“Məsələn, Hacı Talehlə (Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə-red) bağlı işgəncələrə, aclıq aksiyalarına, Azərbaycanın təcridxanalarında baş verən dərəbəyliyə heç kəs diqqət yetirmir. Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti də qalmayıb. Hökumət nəzarətində olan vətəndaş cəmiyyətləri vasitəsi ilə belə təəssürat yaratmaqdadır ki, guya aclıq aksiyası yoxdur.”

Emin Hüseynov blogerin və bütün siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı keçirilən aclıq aksiyalarına, etirazlara da diqqət çəkib.

“Azərbaycanda yalnız bizim ailə təzyiqlərə məruz qalmır. Hətta onlarla ailə var ki, Mehmanın ailəsindən də pis durumdadır. Onlara da beynəlxalq qayğı gərəkdir. Bakıda Mehmana dəstək məqsədi ilə aclıq aksiyası keçirilir. Hətta evlərində aclıq aksiyası keçirən adamlar var. 15 nəfər Mehmana dəstək aksiyalarında iştirak etdiyinə görə inzibati həbs edilib, cərimə edilib.”

O, beynəlxalq dəstəkdən danışarkən ABŞ Konqresinin də dəstəyinə ehtiyac duyulduğunu deyib.

“Biz aclıq aksiyalarına daha geniş beynəlxalq dəstəyi görmək istərdik. ABŞ sentatoru Marko Rubio, müxtəlif beynəlxalq təşkilatlar dəstək verib. Ancaq ABŞ təkcə Dövlət Departamentindən ibarət deyil. Konqres də böyük gücdür. Azərbaycan qarşı Konqresdə çağırış olarsa, yüksək məmurlara qarşı Maqnitski qanunundan istifadə olunarsa, bunun nəticələri olar.”

RATİ direktoru hesab edir ki, Mehmana beynəlxalq dəstək olmasa idi, onu öldürə bilərdilər.

“Senator Marko Rubio, Sərhədsiz Reportyorlar, Amnesty İnternational və digər nüfuzlu təşkilatlar Mehmana dəstək bəyanatları yayıb. İnanın ki, beynəlxalq dəstək olmasa idi, indi Mehman da yox idi. Məsələn, bloger Mehman Qələndərov təcridxanada öldürüldü, dedilər özü özünü öldürüb. Mehman Hüseynovu da eyni tale gözləyirdi.”

Biz bu qənaətdəyik ki, Azərbaycan hökuməti heç bir tənqidə dözümlü olmadığını və olmayacağlını açıq göstərir. Hökumətin siyasətinə etiraz edən şəxslər həbs olunur.
Daniel Bəlson

Amnesty International təşkilatının Avropa və Orta Asiya üzrə nümayəndəsi Daniel Balson bildirib ki, təşkilatı Azərbaycanda siyasi və vicdan məhbusları ilə bağlı baş verənləri izləyir.

“Biz bu qənaətdəyik ki, Azərbaycan hökuməti heç bir tənqidə dözümlü olmadığını və olmayacağını açıq göstərir. Hökumətin siyasətinə etiraz edən şəxslər həbs olunur. Bu həbslər ötən ildə də davam edib. Məsələn, noyabr ayında keçirilən çox dinc bir aksiya zamanı 41 nəfər həbs olunub. Onlar şəhidlərə, veteranlara öz həmrəyliklərini bildirmək üçün çox dinc bir aksiya keçirirdilər. Yerli rəhbərlik aksiyaları güclə dağıdır. Bu, təkcə beynəlxalq hüquqa deyil, yerli qanunvericiliyə də ziddir. Belə ki, adamların sərbəst toplaşmaq hüququ konstitusiyada da təsbit olunub. 2017-ci ilin sentyabrında cinsi azlıqların (LGBT-çi fərdlərin) nümayəndələrinə qarşı həbslər olub. Lakin onlar azadlığa çıxdıqdan sonra məlum olub ki, alçaldılıblar, həm yerli icmalar qarşısında, həm də həbs yerlərində onlarla pis davranılıb.”

Onun fikrincə, Azərbaycvanda həbs olunanların özlərini müdafiə etmək üçün çox az imkanları var.

“Azərbaycanda insan hüquqlarını müdafiə edən vəkillərin özləri də hər an təqiblərə məruz qalır. Siyasi məhbusları müdafiə edən vəkillər vəkillikdən uzaqlaşdırılır. Azərbaycanda vəkillərin sayı da çox azdır. Təxminən 1000 nəfərə yaxındır. Onların isə çoxu siyasi məhbusları müdafiə etməkdən imtina edir. Odur ki, siyasi motivli ittihamlar irəli sürülmüş şəxslərin özünü müdafiə etməsi qeyri mümkündür,” Daniel Balson qeyd edib.

Onun sözlərinə görə, özbaşınalıqlar təkcə Azərbaycanda deyil, digər ölkələrdə də davam etdirilir.

“Məsələn, jurnalist Əfqan Muxtarlı Gürcüstanda həbs edilib zorla Azərbaycana gətirilib. O həm cərimə təcridxanasına salınıb, həm də tibbi yardım göstərilməsində problemləri var.”

Mehman korrupsiyaya qarşı fərdi qaydada mübarizə aparır, yüksək vəzifəli məmurları ifşa edir. Onun bu fəaliyyəti ciddi narahatlığa səbəb olub. Azərbaycan korrupsiyanın geniş yayıldığı ölkələr sırasındadır.
Daniel Bəlson

Balson sual edib ki, Mehman niyə Bakının diqqətini cəlb edir?

“Ona görə ki, Mehman korrupsiyaya qarşı fərdi qaydada mübarizə aparır, yüksək vəzifəli məmurları ifşa edir. Onun bu fəaliyyəti ciddi narahatlığa səbəb olub. Azərbaycan korrupsiyanın geniş yayıldığı ölkələr sırasındadır. “Azərbaycan landromatı” barədə də bilirsiniz. Azərbaycanda Avropadakı məmurlara rüşvət verilməsi üçün çirkli pullardan istifadə olunub. Azərbaycan rəhbərinin öz müsbət imicini yaratması çox böyük məbləğdə pul tələb edir”.

Hüquq müdafəçisi deyib ki, 2016-2018-ci illərdə Azərbaycan Pentaqondan 20 milyon dollar dəstək alıb və digər proqramlardan da dəstək alıb.

“Əlbəttə, bu dəstəyi göstərənlər deyəcək ki, Azərbaycanda sabitlik istəyirlər, onun regiondakı rolunun olmasını istəyirlər. Lakin bununla yanaşı onlar bilməlidir ki, Azərbaycanın korrupsiya sahəsindəki reputasiyası pisdir. Mehman kimi şəxsləri həbs etməklə, onları saxta ittihamlarla həbsə atmaqla Azərbaycan hökuməti açıq-aydın bildirir ki, onlar həm istədikləri pulları ala biləcəklər, həm də vətəndaşlara qarşı istədikləri qəddarlığı həyata keçirəcəklər. Bu ölkə ilə işləyən hər bir şəxs açıq şəkildə bildirməlidir ki, Mehman kimi siyasi məhbuslar dərhal həbsdən azad edilməlidir” , Balson qeyd edib.

Öz növbəsində, Azərbaycan rəsmiləri bildirir ki, ölkədə insanlar qanun qarşısında bərabərdir, fikir, siyasi baxışlara görə həbslər həyata keçirilmir.

Ölkə rəhbərləri fundamental azadlıqların, o cümlədən söz və toplaşmaq azadlığının tam təmin edildiyini bildirir. Rəsmi şəxslər Azərbaycanda siyasi məhbusların olmaığını bəyan edir və beynəlxalq tənqidləri qərəzli sayır.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 siyasi məhbusun, beynəlxalq təşkilatlar isə 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib. Amnesty İnternational ondan çox şəxsi vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG