Accessibility links

Donald Tramp hələ ki, büdcə layihəsi ilə bağlı qərar verməyib


ABŞ-da Demokrat və Respublikaçı qanunvericilər bayram həftə sonunu Floridadakı kurortunda keçirən Prezident Donald Trampın bu həftənin əvvəlində sərt şəkildə tənqid etdiyi pandemiya ilə əlaqədar mühüm yardım paketini və hökümətin büdcə layihəsini imzalayıb-imzalamayacağı maraqlandırır.

892 milyard dollarlıq koronavirus yardım paketinin daxil olduğu 2.3 trilyon dollarlıq büdcə layihəsi Trampın imzalaması üçün Vaşinqtondan onun Mar-a-Laqo klubuna göndərilib. Tramp qanun layihəsini veto edəcəyini birbaşa deməsə də, onun aylardır davam edən danışıqlar nəticəsində həm Nümayəndələr Palatası, həm də Senatın təsdiq etdiyi büdcə layihəsini “biabırçılıq” adlandırması hər iki partiyadan qanunvericiləri təəccübləndirib.

Tramp yardım paketində xüsusi maraqlara və xarici yardıma çox pul ayrıldığını və amerikalılar üçün nəzərdə tutulan 600 dollarlıq birbaşa ödəmələrin 2000 dollaradək artırılmalı olduğunu söyləyib. Bu isə onun mənsub olduğu və Demokratların daha böyük ödəmə tələblərinə müqavimət göstərən Respublikaçılar partiyasının üzvlərinə qarşı narazılıq kimi görünür.

Əgər Tramp büdcə layihəsini imzalamasa, ABŞ hökuməti çərşənbə axşamı qismən bağlana bilər. Konqres bazar ertəsi ənənəvi Milad tətilini yarıda kəsərək işə geri dönməyi və bu çıxılmaz vəziyyət həll olunanadək hökümətin əlavə bir neçə gün və ya həftə maliyyələşdirilməsini təmin etmək üçün müvəqqəti tədbir görməyi planlaşdırır.

Nümayəndələr Palatasının üzvlərinin həmçinin bazar ertəsi Trampın ölkənin müdafiə proqramlarına ayırılan 740 milyard dollarlıq büdcə layihəsinə qoyduğu vetonu ləğv etmək üçün səsvermə keçirəcəyi nəzərdə tutulub. Əgər Nümayəndələr Palatasındakı səsvermə nəticə versə, Senatda da çərşənbə axşamı səsvermə keçirilə bilər. Prezidentin vetosunu ləğv etmək üçün Konqresin hər iki palatasının üzvlərinin üçdə-ikisi bunun lehinə səs verməlidir.

Tramp müdafiə layihəsinin bir neçə hissəsini tənqid edib və heç bir izahat vermədən bu büdcə layihəsinin Çinə fayda gətirdiyini iddia edib və Konfederasiya liderlərinin şərəfinə adlandırılan hərbi bazaların adlarının dəyişdirilməsinə çağıran müddəaların çıxarılmasını tələb edib.

O həmçinin sosial media şəbəkələrini istifadəçilərin yerləşdirdikləri məzmuna görə məhkəməyə verməyi asanlaşdıran müddəanın əlavə olunmasını tələb edib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampın vetosunu “qoşunlarımıza zərər verən son dərəcə heyrətləndirici ehtiyatsızlıq” adlandırıb.

Lakin Pelosi Trampın müəyyən gəlir səviyyəsindən aşağı olan bütün amerikalılara 2000 dollarlıq ödəmələrin verilməsinə dair çağırışını dəstəkləyib.

Pelosi bazar ertəsi bununla bağlı bir başqa səsvermənin keçirilməsini tələb etməyi planlaşdırdığını elan edib. Məsələnin Demokartların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında səsvermədən keçəcəyi gözlənilsə də, Respublikaçıların nəzarət etdiyi Senatdan keçməsi gözlənilmir.

Ağ Ev president Milad bayramı zamanı qrafikinin detallarını paylaşmasa da, bildirib ki, “Prezident Tramp yorulmadan Amerika xalqı üçün işləməyə davam edəcək. Onun iş qrafikinə bir çox iclaslar və telefon danışıqları daxildir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG