Accessibility links

Gənc fəallara Əfqan Muxtarlı ilə görüşə icazə verilməyib


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

İyunun 24-ü gənc fəalları Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşə buraxmayıblar.

Bu barədə AzadlıqRadiosuna gənc fəal Samir Əsədli xəbər verib.

Onun sözlərinə görə, bir neçə başqa gənc fəalla birgə Əfqan Muxtarlı ilə görüşə gediblər.

“Əfqan Muxtarlının ailəsi bizə onunla görüşmək, ərzaq, dava-dərman aparmağımız üçün etibarnamə verib. Bu etibarnamə bizə tam olaraq görüş hüququ verir. Ancaq yenə də bizi görüşə buraxmadılar ”, S.Əsədli bildirib.

O, ötən həftə sonunda da Bakı İstintaq Təcridxanasına getdiklərini, ancaq görüşə buraxılmadıqlarını xatırladıb.

Məktub yetişməyib

“Təcridxana deyirdi ki, istintaqı aparan müstəntiq məktub verməlidir. Müstəntiq deyir, görüşə icazə üçün təcridxanaya məktub göndərmişik. İndi də təcridxanadan deyirlər ki, məktub gəlməyib, ona görə də görüş vermirik”.

S.Əsədli Ə.Muxtarlıya apardıqları elektrik qızdırıcısının da qəbul edilmədiyini söyləyib.

Gənclərin açıqlamasına, hələlik, 1 saylı Bakı İstintaq Təcridxanasının münasibətini almaq mümkün olmayıb.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun bildirməsinə görə, saxlanarkən işgəncəyə məruz qalıb, sərhədə gətirilərək Azərbaycan hüquq mühafizə əməkdaşlarına təhvil verilib.Üstəlik, sərhədə cibinə 10min avro pul qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar isə iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, rəsmi qurumların açıqlamasına görə, jurnalist saxlanarkən hüquq mühafizə orqanları əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG