Accessibility links

Ekspert: 'Azərbaycanda minimum əmək haqqı Əfqanıstandakı qədərdir'


Azərbaycanda minimum əmək haqqı 14 manat artırılaraq, 130 manat müəyyən edilib. Bununla bağlı dekabrın 25-də prezident İlham Əliyev sərəncam imzalayıb.

İqtisadçı Zöhrab İsmayılən fikrincə, son 10 ildə 132 milyard dollar neft gəliri olan bir ölkədə minimum əmək haqqının 130 manat - 76 dollar olması biabırçılıqdır:

"Azərbaycanda minimum əmək haqqı Əfqanıstandakı qədərdir. Müharibədən çıxmış, aclıq içində olan, vətəndaş müharibəsi gedən, heç bir təbii sərvəti olmayan Əfqanıstanla Azərbaycanda minimum əmək haqqı eynidir. Bu böyük bir faciədir. O biri yandan Kanadanı götürək. Orada 1 saat iş 11 dollardır. Yəni, bir kanadalı cəmi 8 saat işləyir və Azərbaycandakı bir aylıq minimum əmək haqqını alır".

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

Amerikada və əksər Qərb ölkələrində minimum əmək haqqı hər saat üçün hesablanır. Azərbaycan rəsmiləri bəyan edirlər ki, minimum əmək haqqının tədricən yaşayış minimumuna uyğunlaşdırılması hökumətin əsas hədəfidir. Hökumətin qəbul etdiyi "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu haqda xüsusi qeyd edilir. Konsepsiyada yazılır:

"İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə, iqtisadiyyatın inkişafından asılı olaraq, minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyənləşdirilmiş normativə - orta aylıq əmək haqqının 60 faizi məbləğinə çatdırılması üçün tədbirlər görüləcək".

Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, qarşıya qoyulan hədəfə çatmaq üçün plan uğurla icra edilir.

Statistika komitəsinin bu ilin noyabrında açıqladığı məlumata görə, Azərbaycanda 2017-ci ildə orta aylıq əməkhaqqı 525 manatdır. Başqa sözlə, 2020-ci il inkişaf konsepsiyasında göstərilən hədəfə çatılarsa, indiki rəqəmlərlə minimum əmək haqqı 315 manatdan az olmamalıdır.

Azər Mehdiyev
Azər Mehdiyev

İqtisadçı Azər Mehtiyev yada salır ki, Azərbaycan Avropa "Sosial Xartiya"sına qoşularkən götürdüyü öhdəliklərdən biri də minimum əmək haqqını orta aylıq əmək haqqının 60 faizinə çatdırmaq olub. Azərbaycan "Dəyişdirilmiş Avropa Sosial Xartiyasına" 2004-cü ildə qoşulub:

"Neçə illərdir bu haqda danışılır, amma bu istiqamətdə hökumətin real addımı görünmür. Və ya hökumət bunu necə edəcəyi barədə konkret bir proqrama, yol xəritəsinə malik deyil. 2015-ci il devalvasiyasından sonra demək olar ki, bütün məhsullar bahalaşıb, inflyasiyanın səviyyəsi yüksəlib, yaşam üçün tələb olunan əmək haqqı artıb. Bu baxımdan minimum əmək haqqının 130 manat təyin olunmasının əhalinin rifahı üçün hansısa dəyişiklik gətirəcəyini düşünmək mümkün deyil. Bundan sadəcə sosial sığorta ödənişlərinin hesablanmasında, bəzi cərimələrin hesablanmasında istifadə ediləcək".

Dövlət Statistika Komitəsinin noyabr ayında açıqladığı məlumata görə, bu ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq malları təqribən 17 faizdən çox bahalaşıb.

Azərbaycanda maaş azlığı ilə bağlı müzakirələr illərdir davam edir. Hökumət həm özünün inkişaf konsepsiyasında, həm də strateji yol xəritəsində minimum əmək haqqının tədricən minimum yaşayış standartlarına uyğunlaşdırmağa çalışdığını hər fürsətdə ifadə edir. Amma illərlə bu cür vədlər olsa da hələ ki, hələ də ölkədə hökumətin təyin etdiyi minimum əmək haqqı heç rəsmi müəyyən olunan yaşayış minimumuna da çatmır.

Başqa sözlə, elə bu gün - dekabrın 26-da qəbul edilən qanunla Azərbaycanda bir işləyən adamın aylıq minimum ehtiyaclarını ödəməsi üçün rəsmən 183 manat lazımdır. Amma işləyən ödənən minimum aylıq əmək haqqı 130 manatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG