Accessibility links

Elxan Şahinoğlu: Fransa Ermənistanın mövqeyini müdafiə edir


Elxan Şahinoğlu: Fransa Ermənistanın mövqeyini müdafiə edir
Elxan Şahinoğlu: Fransa Ermənistanın mövqeyini müdafiə edir

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri prezident Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfərinin ən zəif nöqtəsinin Azərbaycan olduğunu düşünür.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna müsahibəsində Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfərinin yekunlarından danışıb. Politoloq prezident Sarkozinin səfərinin ən zəif nöqtəsinin Azərbaycan olduğunu bildirib.

Sual: Fransa prezidentinin Cənubi Qafqaz ölkələrinə səfəri regiona hansı yeniliklər gətirəcək?

Cavab: Fransa prezidentinin Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycana səfəri çox sönük keçdi. Prezident Sarkozi Ermənistanda bir gün qaldı, sözdə soyqırımla bağlı bəyanat verdi, xatirə kompleksinə əklil qoydu, muzeyə baş çəkdi, xatirə bağında ağac əkdi, media qarşısında çıxış etdi, Gürcüstanda xalq qarşısında çıxdı, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi, Rusiyanı pislədi, Azərbaycanda isə bunları etmədi. Nə mətbuat konfransı keçirdi, nə şəhidlər xiyabanını ziyarət etdi, nə də Azərbaycan ictimaiyyətinə hər hansı ismarıc göndərmədi.

Sual: Fransa prezidenti Ermənistanda Türkiyəyə qarşı soyqırımla bağlı çox sərt bəyanat verdi. Amma, Türkiyənin strateji müttəfiqi Azərbaycan bu bəyanatı sakit qarşıladı və əks bəyanat vermədi. Buna səbəb nədir?

Cavab: Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət kursu iflas nöqtəsindədir. Azərbaycan xarici siyasətdə hamı ilə eyni məsafədə olmaq istəyir. Amma, Azərbaycan qəliz bir bölgədə yerləşir. Bu səbəbdən də hamı ilə eyni məsafədə dayanmaq mümkün deyil. Gürcüstan mövqeyini müəyyənləşdirib, Avroatlantik məkana inteqrasiya edir. Ermənistan Rusiyaya inteqrasiya edir, Rusiyanın hərbi strateji müttəfiqidir. Azərbaycan bu yerdə neytral siyasət yürütmək istəyir. Bu isə mümkün deyil. Torpaqları işğal altında olan Azərbaycan da seçim etməlidir. Məhz, Azərbaycanın seçimi Rusiya və İran ola bilməz. Azərbaycan Gürcüstan kimi qərbə inteqrasiya yolunu tutmalıdır. Bu istiqamətdə önəmli addımlar atılmalıdır. Bunun nəticəsidir ki, Türkiyə ilə strateji müttəfiqlikdə də bir soyuqluq yaranıb. İndi də görürük ki, prezident Sarkozi Ermənistanda Türkiyə əleyhinə çox sərt bəyanatlar verdi və buna Azərbaycan adekvat cavab vermədi. Bu səbəbdən də Türkiyə məcbur olub, Saroziyə cavab verdi. Halbuki, strateji müttəfiqlik diqtə edirdi ki, Azərbaycan rəsmiləri də buna adekvat cavab versin.

Sual: Cənab Sarkozi Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da bəyanat verdi, təmas nöqtəsinin tapılmasının vacibliyini qeyd etdi. Azərbaycanda isə prezident Əliyev neft-qaz layihələrindən başlayaraq Dağlıq Qarabağ münaqişəsinədək çoxsaylı bəyanatlarla çıxış etdi. Bunun qarşılığında Fransa prezidenti təhsil və mədəniyyət əlaqələrindən danışmaqla kifayətləndi. Buna səbəb nədir?

Cavab: Səbəb ondan ibarətdir ki, Minsk qrupunun həmsədri olaraq Fransa tərəfsiz deyil. Sarkozi bu səfəri ilə bir daha sübut etdi ki, Fransa Ermənistanın mövqeyini müdafiə edir. Çünki, əgər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışılırsa, eyni bəyanatlar Bakıda da verilməli idi. Bu bəyanatlar olmadı. Görünür, Sarkozi gələn ilki prezident seçkilərinə hazırlaşır və ona erməni seçicilərin səsi lazımdır. Onun Ermənistanda Türkiyə əleyhinə bəyanatı da, erməni əhalisini sakitləşdirici bəyanatları da seçkilərə hesablanıb. Bu başa düşüləndir. Amma, məsələnin digər tərəfi də var. Bu, Fransanın vasitəçi kimi tərəfsizlik nümayiş etdirməməsidir. Bu səbəbdən də Azərbaycan düşünməlidir ki, artıq Rusiya Ermənistanın tərəfindən çıxış edir, Fransa da bu siyasətini biruzə verdi. Burada bitərəf həmsədr kimi yalnız Amerika qalır. ABŞ-la da Azərbaycan hakimiyyətinin münasibətləri gərgindir. Çünki, rəsmi Vaşinqtonun insan haqları və demokratiya ilə bağlı tələbləri Azərbaycan hakimiyyəti tərəfindən yerinə yetirilmir. Bu isə öz növbəsində Azərbaycan hakimiyyətinin Amerikadan münaqişəsinin həllinə kömək etmək barədə tələblərini çətinləşdirir.

Sual: Fransa prezidenti Ermənistanda soyqırım abidəsinə əklil qoydu, xatirə muzeyini ziyarət etdi, xatirə parkında küknar əkdi. Amma, Azərbaycanda Ermənistan-Azərbaycan münaqişəsində həlak olmuş insanların uyuduğu Şəhidlər xiyabanını ziyarət etmədi. Bunu necə qiymətləndirirsiniz?

Cavab: Bu, Azərbaycan hakimiyyətini aşağılayacaq hərəkət idi. Ermənistanda sözdə soyqırım abidəsini ziyarət etmək, Azərbaycanda isə Şəhidlər xiyabanını ziyarət etməmək Azərbaycan türklərinə qarşı nifrət hissinin göstəricisidir. Bu bağışlanılmaz bir haldır. Səfər proqramı hazırlanarkən Azərbaycan prezidentinin protokol idarəsi bunu nəzərə almalı idi. Bu nəzərə alınmayıbsa, Azərbaycan diplomatiyasının çox böyük günahıdır.

Sual: Cənab Sarkozinin Cənubi Qafqazdakı bəyanatlarına qayıdaq. O, Ermənistanda media qarşısında Türkiyəyə qarşı sərt bəyanat səsləndirdi, Dağlıq Qarabağ münaqişəsindən danışdı, Gürcüstanda geniş xalq kütləsi qarşısında Rusiyaya qarşı bəyanat səsləndirdi, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədi, demokratik islahatlardan, Avropaya, NATO-ya inteqrasiyadan danışdı, Azərbaycanda isə təhsil və mədəniyyət əlaqələrinə yer ayırdı. Bu üç ölkədəki bəyanatların ümumi yekunlarını necə qiymətləndirirsiniz?

Cavab: Hesab edirəm ki, Azərbaycanda protokolun tərtibində çox böyük yanlışlıqlara yol verilib. Cənab Sarkozinin bəyanatlarına gəlincə, azı demokratiya və insan haqları ilə bağlı Azərbaycanda mesajlar verə bilərdi. Əgər, Fransa Azərbaycanda insan haqları və demokratiyanın bərpası sahəsində Amerika kimi həqiqətən maraqlı olsa idi, görüşlərində dolayı yolla olsa da bir ismarıc göndərməli idi. Belə bir mesaj isə olmadı. Bu da ondan irəli gəlir ki, Fransanın Azərbaycana münasibətdə tamamilə fərqli mövqeyi var və çox təəssüf ki, Fransanın Cənubi Qafqazda bəzi maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür.

XS
SM
MD
LG