Üzv dövlətlərin iqtisadi problemlərə görə ölkələrini tərk edən miqrantlara və başqa yerlərdən sığınacaq axtaranlara məhdudiyyətləri gücləndirməsinə baxmayaraq, Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı milyonlarla ukraynalı qaçqına qapılarını açıb. Buraya keçən həftə yeni immiqrasiya qanunvericiliyini açıqlayan Fransa da daxildir.
Fransada soyuq bir gündə iş sənədlərinə görə etiraz edilir. Müharibədən əziyyət çəkən Malidən olan Əbubəkar Dembele 2018-ci ildə köhnə bir qayıqla Aralıq dənizini keçərək, iş tapmaq üçün Avropaya gəlib. "O qayıqda 72 nəfər idik. Bu, ya ölüm, ya da azadlıq demək idi. Bəziləri buraya müharibə səbəbindən, bəziləri iqtisadi vəziyyətə görə gəlir".
Bu gün o və buraya toplaşanlar illərlə kölgədə yaşayıb işlədikdən sonra hakimiyyət orqanlarından onlara qanuni sənədlər verməsini istəyir.
Ukraynalı qaçqınların Fransaya gəldiyi zaman onlara verilən sənədlər kimi. Burada çoxları müharibədən qaçmasa da, müharibədən qaçan ukraynalılara güzəştli münasibətdən narazıdır. Əbubəkar Dembele: "Mən ukraynalılara qarşı deyiləm, biz malililər müharibənin nə olduğunu bilirik. Onların qəbul edilmək və sığınacaq almaq haqqı var. Ancaq dövlətin dünya boyu səfalətdən qaçanları qəbul etməyə yer olmadığını iddia etməsi ikiüzlülükdür. Söhbət yerdən deyil, irqçilikdən gedir".
Milyonlarla ukraynalı müharibə qaçqını Avropa İttifaqından iş sənədi, mənzil və sosial xidmətlər alır. Onların axını Avropada xidmətləri çətinləşdirir və sığınacaq axtaran qeyri-ukraynalıları bəzən Hollandiya və Fransa kimi ölkələrdə sığınacaq axtarmağa məcbur edir. Onların bəzisi Paris ətrafında çadır düşərgələrində yaşayır. Avropa Siyasi İnkişaf Mərkəzindən Polin Veron: "Biz keçən ildən bəri ukraynalı qaçqınlara münasibətdə inanılmaz həmrəylik görürük. Bu, Avropaya gələn digər qaçqınlara qarşı getdikcə məhdudlaşdırıcı siyasətlə bir qədər ziddiyyət təşkil edir."
2022-ci ildə Avropa İttifaqına bir milyondan çox qeyri-ukraynalı miqrant və sığınacaq axtaran gəlib ki, bu da son illərin ən böyük rəqəmlərindəndir. Blok bəzilərini geri göndərməyin yeni yollarını nəzərdən keçirir. Avropanın daxili işlər üzrə komissarı İlva Yohanson: "Bizim sığınacaq üçün müraciətlərimiz qeyri-qanuni gələnlərdən üç dəfə çoxdur. Bunlar qəbul imkanlarını məhdudlaşdırır və onların çoxunun beynəlxalq müdafiəyə ehtiyacı yoxdur".
Avropada 2015-ci il miqrant böhranı zamanı olduğu kimi daha çox ölkə məhdudiyyətlər yaradır. İtaliyada və başqa yerlərdə sağçı partiyalar miqrasiyanın qarşısını almaq üçün daha sərt siyasət tələb edir.
Fransada yeni miqrasiya qanun layihəsi deportasiyaları artıracaq və bəzi sənədsiz işçilərin işçi qüvvəsi çatışmazlığı yaşanan sektorlarda qanuniləşdirilməsi də daxil olmaqla, mərkəzçi hökumətin "balanslaşdırılmış" adlandırdığı miqrasiyanı təmin edəcək. Bu, Fransada qanuni status almaq üçün müraciət edən bu Qərbi Afrikalı miqrantlar üçün yaxşı xəbər ola bilər.