Facebook və Twitter şirkətlərinin icraçı direktorları noyabr ayında ABŞ-da ara seçkilərindən öncə kiber təhlükəsizlik sahəsində hansı işlər gördüklərinə dair qanunvericilərin suallarını cavablandırırmaq üçün Konqresdə dinləmələrdə ifadə verir.
Facebook şirkətinin əməliyyatlar şöbəsinin direktoru Şeril Sandberq Senatın Kəşfiyyat komitəsində keçirilən dinləmələrdə bildirib ki, onun şirkəti hər gün “saxta hesabları qeydiyyatdan keçirmək üçün milyonlarla cəhdin qarşısını alır”. Onun sözlərinə görə, bu sahədə inkişaf əldə edilib və şirkətin səyləri “nəticə verməyə başlayıb”.
Sandberq deyib ki, Facebook “təhlükələr haqda informasiyanın bölüşdürülməsi və zərərin qarşısının alınması məqsədilə tərəfdaşlar və hökumətlər, eləcə də hüquq-mühafizə orqanları da daxil olmaqla, kənardan ekspertlərlə” iş aparır.
Sosial media şirkətləri xarici ölkələrin ABŞ seçkilərinə müdaxiləsi, dezinformasiyanın yayılması, məxfilik və senzura kimi məsələlərlə bağlı təzyiqlərlə qarşılaşır. Konqres Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etdiyi dövrdə və bundan sonra sosial media şirkətlərinin rolu aydın olduqda keçən il ərzində onları tənqidlərə məruz qoyub.
Xüsusi prokuror Robert Müller sosial mediada bölücü əhval-ruhiyyələrin qızışdırılması məqsədilə saxta hesablar yaradaraq, 2016-cı il seçkilərinə müdaxilə cəhdləri ilə bağlı Rusiyanın 12 vətəndaşına qarşı ittihamlar irəli sürüb. Bu şəxslər Rusiya Federasiyasının kəşfiyyat xidməti olan GRU-nun üzvləridir.
Twitter şirkətinin icraçı direktoru Cek Dorsi bildirib ki, onun şirkəti xaricdən nüfuz göstərmək üçün aparılan kampaniyaların fəaliyyətinin qarşısını almaq üçün “kifayət qədər hazırlığa malik olmayıb”. Lakin o, saxta hesabların bağlanması üçün şirkət tərəfindən səylərin artırıldığını bildirib.
Dorsi həmçinin deyib ki, Twitter Rusiya ilə əlaqədar olan hesabların aşkar edilməsini davam etdirir və 3 min 843 hesab bağlanıb.
Konqres keçən il sosial media şirkətlərinin diqqətini Rusiyanın müdaxiləsinə cəlb etməyə çalışsa da, Facebook və Twitter şirkətlərinin manipulyasiyaya məruz qaldığını etiraf etməsi üçün aylar tələb oldu.
Bir sıra sosia media şirkətləri saxta hesabların aşkar edilməsi və bağlanması məqsədilə dəyişikliklər etməli oldu.
Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq Washington Post qəzetində dərc edilmiş baş məqalədə rəhbərlik etdiyi şirkətin “Amerikanın demokratik prosesinə müdaxilə etmək üçün xarici aktyorların koordinasiya edilmiş kampaniya apardığını” çox gec aşkar etdiyini yazıb.