Accessibility links

Makronun partiyası seçkilərdə böyük üstünlük əldə edib


Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun siyasi partiyası iştirak etdiyi ilk parlament seçkilərində böyük üstünlük əldə edib. Seçkilərin bazar günü keçirilən ilkin mərhələsində Makronun “İrəliləyən Respublika” (La République En Marche) siyasi hərəkatı ölkə üzrə səslərin 28 faizini qazandığı bildirilir.

İrəliləyən Respublika hərəkatının bu nəticəsi ilə müttəfiqləri olduğu Demokratik Hərəkatın qazandığı 4 faiz səsin verdiyi üstünlük seçkilərin ikinci mərhələsində də qorunduğu halda, 577 yerlik Fransa Milli Assambleyasında 400-dən çoxu Makronu dəstəkləyən siyasi qüvvələrə aid olacaq.

Bazar günü keçirilən ilkin mərhələdə seçicilərin iştirakı rekord aşağı həddə olub. Səsvermə hüququ olan əhalinin təxminən 52 faizi seçkilərdə iştirak etməyib.

Makronun prezident seçilməsinən bir il öncə yaranan İrəliləyən Respublika hərəkatı seçkilərə çoxlu sayda tanınmamış namizədlərlə qatılıb. Namizədlərin əksəriyyəti heç zaman seçkili qurumlarda təmsil edilməyiblər. Hərəkatın irəli sürdüyü namizədlərin yalnız beş faizi hazırkı parlamentin üzvləridir.

İlkin mərhələnin nəticələri onu da göstərir ki, Milli Assambleyada təmsil edilən ikinci siyasi blok Respublikaçılar (Les Republicains) olacaq. Onların qazanacağı yerlərin sayı 95-125 arası olacağı proqnozlaşdırılır.

Son prezident seçkilərində ikinci tura çıxmağa müvəffəq olan Marin LePenin ifrat-sağçı Milli Cəbhə partiyası parlament seçkilərinin ilkin mərhələsində səslərin yalnız 14 faizini qazana bilib.

Fransa parlament seçkilərinin ikinci mərhələsi iyunun 18-i keçiriləcək. Baş nazir Eduard Filip bu seçkilərin vacibliyini vurğulayaraq, seçiciləri daha fəal olmağa çağırıb.

XS
SM
MD
LG