Fransanın xarici işlər naziri deyib ki, ABŞ prezidenti Donald Tramp Fransa siyasətinə müdaxilə edə bilməz. Nazir bunu Trampın tvit şərhindən sonra deyib.
"Biz Amerikanın daxili siyasətini hesaba almırıq və buna qarşılıqlı cavab verilməsini istəyirik," deyə Jan İv Le Drian bildirib. "Bunu mən prezident Trampa deyirəm, prezidentimiz də bunu deyir."
"Parisdə olduqca məyusedici gündüz və gecə. Bəlkə indi olduqca bahalı və gülünc Paris sazişinə son qoymağın və pulları aşağı vergilər formasında xalqa qaytarmağın vaxtıdır?" Tramp yazıb.
ABŞ dövlət başçısı Parisdəki nümayişlərlə bağlı daha əvvəlki şərhində Paris sazişindən çıxmaq fikrini dolayı yolla etirazlarla qarşılaşdırmışdı.
"Paris sazişi yaxşı işləmir. Fransanı iğtişaşlar və etirazlar bürüyüb. İnsanlar böyük məbləğdə pul ödəmək istəmir. Tam ətraf mühiti mühafizə adı altında üçüncü dünya ölkələri kimi. İnsanlar “Biz Trampı istəyirik!” şüarları səsləndirir. Səni sevirəm, Fransa," Tramp yazıb.
Şənbə günü Fransada 1800-ə yaxın insan həbs edilib.
Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, ümumilikdə ölkə boyu keçirilən aksiyalarda 136,000 adam iştirak edib. Etiraz aksiyaları Parisdən əlavə Marsel, Bordo, Lyon və Tuluzda da keçirilib.
Fransa polisi şənbə günü Parisin mərkəzi Yelisey çölləri (Şanzelize) prospektində toplaşan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər ölkədə yaşayış məsrəflərinin yüksək olmasına etiraz edirlər.
Parisdə keçirilən aksiya zamanı ictimai asayişi qorumaq üçün küçələrə 8,000-ədək polis çıxarılıb.
Ölkə boyu asayişin qorunmasına 89 min polis cəlb edilib.