Accessibility links

Fələstinlilərlə israillilər arasında zorakılıqlar artır


İsrailin döyüş təyyarələri şənbə günü Qəzzəyə hava hücumu həyata keçirib, Həmas militantları isə cavab olaraq İsrailə raket atıb. Tərəflər arasında zorakılıqlar artıq beşinci gecədir davam edir.

Bir hava hücumu uşaqlar daxil olmaqla 10 fələstinlinin ölümünə səbəb olub. Fələstinin səhiyyə rəsmilərinin bildirdiyinə görə, bir digər hava hücumu da azı iki nəfəri öldürüb.

Şənbə günü fələstinlilər 1948-ci ildə Fələstinin dağıdılması və İsrailin yaranmasını qeyd edən Nəkbə və ya “Fəlakət günü”nü qeyd etdiyi zaman gərginlik daha da artıb.

Cümə günü israillilərlə fələstinlilər arasında zorakılıqlar artıb, İordan çayının qərb sahilində döyüşlər aparılıb, Qəzzəyə havadan zərbələr endirilib, İsrail daxilində isə ərəblər arasında iğtişaş yaranıb.

İordan çayının qərb sahilində yüzlərlə fələstinli İsrail polisi ilə toqquşub, onlar bir-birilərinə daş və yanan təkər atıblar. Bu, son illərdə regionda baş verən ən böyük etirazlardır.

Fələstinli rəsmilər zorakılıqlar nəticəsində 11 fələstinlinin öldürüldüyünü bildirir.

İsraildə artıq dördüncü gecədir icmalar arasında zorakılıqlar davam edib. Belə ki, Lod şəhərində yəhudi və ərəb kütlələr arasında toqquşma baş verib.

Qəzzədə İsrail fələstinlilərin nəzarət etdiyi Qəzzə zolağı ilə sərhədə əlavə quru qoşun yerləşdirib. Bu da 5 günlük münaqişənin böyük müharibəyə çevriləcəyinə dair qorxulara səbəb olub.

İsrail ordusunun sözçüsü polkovnik-leytenanat Conatan Konrikus deyib ki, İsrailin Qəzzəyə hücumunda əsas hədəf Həmasın illər ərzində qurduğu tünellər sistemidir.

İsrailin ehtiyatda olan təxminən 9000 əsgəri sərhəddəki qüvvələrə qoşulub.

Qəzzədə səhiyyə rəsmiləri cümə günü Ramazan bayramında Qəzzənin şimalında 13 nəfərin, o cümlədən bir qadın və onun üç uşağının öldürüldüyünü bildirir. Onların cəsədləri binanın dağıntıları altından çıxarılıb.

Qəzzənin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, döyüşlərdə 32 uşaq, 11 qadın daxil olmaqla azı 124 fələstinli ölüb, 900 nəfər yaralanıb. Raket hücumları nəticəsində isə 6 yaşlı bir oğlan daxil olmaqla səkkiz israilli ölüb.

XS
SM
MD
LG