Polisin çərşənbə axşamı Gürcüstan müxalifətinin lideri Nika Meliyanın partiyasının ofisinə basqın edərək, onu nəzarət altına alması ölkədə keçən həftə baş nazirin istefasına səbəb olan siyasi böhranı daha da dərinləşdirib.
Meliyanın tərəfdarları ofislərinin qapılarını bağlamaq üçün mebellərdən istifadə edərək, barikadalar qurub. Səhər tezdən keçirilən reyd zamanı polis binaya damdan daxil olmaq üçün yanğınsöndürmə pilləkənlərindən istifadə edib.
İnterfaks xəbər agentliyinin bildirdiyinə görə, polislə fəallar arasında baş verən qarşıdurma zamanı 17 nəfər yaralanıb. Polis qaz kanistrlərindən istifadə etməsindən sonra bəzi fəalların öskürdüyü və gözlərində qıcıqlanma olduğu bildirilib.
Gürcüstanda Milli Birlik Hərəkatı partiyasına rəhbərlik edən Meliya 2019-cu ilin iyun ayında keçirilən küçə nümayişləri zamanı zorakılığa təhrikdə günahlandırılır. O, ittihamın siyasi motivli olduğunu deyərək, rədd edir.
ABŞ Dövlət Katibi Entoni Blinken Vaşinqtonun Meliyanın həbsinə görə "dərin narahatlıq keçirdiyini" bildirib və Gürcüstan hökumətini gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Dövlət Departamentinin nümayəndəsi son hadisələrin ölkənin Avro-Atlantik səylərinə zidd olduğunu vurğulayıb.
Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili məhkəmənin Meliyanın həbsinə qərar verməsindən sonra istefa verən baş nazir Giorgi Qaxariyanı vəzifədə əvəz etmək üçün parlament tərəfindən bazar ertəsi gecə seçilib. Qaxariya məhkəmənin qərarının siyasi qarışıqlığa səbəb olacağını deyib.
Çərşənbə axşamı Facebook-da yerləşdirilən bir videoda yeni baş nazir "ölkəmizə dəyər verən bütün siyasi qüvvələr həqiqi bir dialoqa başlamalıdır" deyə, çağırış edib.
Meliyanın həbsinə etiraz olaraq yüzlərlə insan paytaxt Tbilisidə parlament binası qarşısında toplaşaraq, iki çadır qurub. Etirazçılardan biri növbədənkənar seçki, hökumətin istefası və "siyasi məhbuslar"a azadlıq tələbi ilə plakat qaldırıb. Rustavi 2 media qurumu Milli Birlik Hərəkatı partiyasının üzvünqn cümə günü genişmiqyaslı etiraz yürüşünə çağırdığı barədə məlumat verib.
ABŞ-ın Gürcüstandakı səfirliyi bundan öncə təmkin və dialoq çağırışına məhəl qoyulmamasına görə təəssüfləndiyini dilə gətirib.
Britaniya səfiri Mark Klayton tərəfləri təmkinli olmağa, Avropa İttifaqının səfiri isə ortaq razılığa gəlmək üçün səy göstərməyə çağırıb.