Bir aydan çoxdur həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxana xəstəxanasına köçürülüb.
Penitensiar Xidməti noyabrın 8-də bildirib ki, Saakaşvili səhhəti ilə bağlı narahatlıqlar səbəbindən Rustavi şəhərindəki həbsxanadan Qldani həbsxanasının klinikasına köçürülüb.
Vəkilləri və şəxsi həkimi 53 yaşlı keçmiş prezidentin vəziyyətinin pisləşdiyini və onun həbsxana sistemindən kənarda, özəl klinikaya köçürülməli olduğunu bildirib.
Hökumət bu tələbləri rədd edərək, lazım gələrsə, həbsxana xəstəxanasına köçürüləcəyini deyib.
Saakaşvilinin tərəfdarları və rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının fəalları səkkiz illik mühacirətdən sonra müxalifətin seçki kampaniyasını aparmaq məqsədilə oktyabrın 1-də ölkəyə dönən kimi həbs edilən və aclıq aksiyasına başladığı həbsxananın önündə nümayişlər keçirib.
Noyabrın 8-də Saakaşvili aclıq aksiyasını “ölənə qədər” davam etdirəcəyinə söz vermişdi. Lakin Penitensiar Xidməti həftə sonu keçmiş prezidentin təcridxananın tibb otağında nə is əyediyini və butulkadan nə isə içdiyini əks etdirən video paylaşıb.
Saakaşvili “Facebook” səhifəsində verdiyi açıqlamasında tərəfdarlarını və müxalifət siyasətçilərini diqqətlərini aclıq aksiyasına deyil, “oğurlanmış seçkilər və hökumətin gürcü xalqına qaytarılması” məsələsinə yetirməyə çağırıb.
Saakaşvili Facebook səhifəsində “Mən [Gürcüstana] qayıtdım, könüllü olaraq girov oldum və ölkəmizin azad edilməsinə, onun Avropa yolunu qoruyub saxlamaq səylərinə töhfə vermək üçün ölənə qədər aclıq aksiyasında qalmaq niyyətində idim” yazılmışdı.
Noyabrın 5-də ədliyyə naziri Rati Breqadze Saakaşvili şirədən əlavə sıyıq da yediyini bildirib.
Bir gün sonra isə Penitensiar Xidməti keçmiş prezidentin Rustavidəki təcridxananın tibb otağında yemək yeyib şirə içdiyini sübut edən video yayıb. Elə həmin gün Saakaşvili etiraz olaraq vitamin və şirə qəbulunu dayandırdığını elan edib.
2004-2013-cü illərdə prezident olan Saakaşvili 2013-cü ildə keçirilən prezident seçkisindən sonra ölkəni tərk edib və 2018-ci ildə qiyabi olaraq səlahiyyətdən sui-istifadə etmək və parlamentdəki müxalifət üzvünün döyülməsi ilə bağlı dəlilləri ört-basdır etmək ittihamı ilə məhkum edilib.
Saakaşvili ona qarşı sürülən ittihamların siyasi motivli olduğunu deyir.