Accessibility links

ABŞ və Avropa: Qərblə ittifaqın gücləndirilməsi


“Əgər biz regionda sabitliyi təmin edən ortaq təhlükəsizlik öhdəliklərimizi qoruyub saxlamaq istəyiriksə, bu halda Tramp administrasiyası bizim müttəfiqlərimizin güclü, suveren, çiçəklənən və ortaq Qərb ideallarının müdafiəsinə sadiq olmalarını vacib hesab edir”.

Bu barədə ABŞ dövlət katibi Reks Tillerson noyabrın 28-də Vaşinqtonda Vilson Mərkəzində “ABŞ və Avropa: Qərblə ittifaqın gücləndirilməsi” mövzusunda çıxışında bildirib.

ABŞ Avropanın və Amerikanın təhlükəsizliyini dəstəkləyən yeni strateji siyasətin icrasına başlayıb.

Dövlət katibinin sözlərinə görə, ötən 10 ay ərzində ABŞ hökuməti Avropanın və Amerikanın təhlükəsizliyini dəstəkləyən yeni strateji siyasətin icrasına başlayıb, yəni “Rusiya ilə münasibətlərin sıfırdan başlanması” səylərinin uğursuzluqla nəticələnməsindən sonra ABŞ Avropaya olan dəstəyini bir daha bəyan edib.

Dövlət katibinin çıxışının Azərbaycan dilində mətnin təqdim edirik (tərcümə ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsusdur):

Yeni səylərimiz terrorçuluq, kiber hücumlar və nüvə silahının yayılması kimi yeni təhdidlərə qarşı mübarizədə təhlükəsizlik institutlarının yeni şəraitə uyğunlaşmasını təmin edəcəkdir və ümid edirik ki, Avropa dövlətləri müdafiəyə daha çox töhfə verdikcə öz təhlükəsizliklərini daha da artırdıqlarını qəbul edəcəklər.

Bu yeni siyasətin istiqamətləri bizim çiçəklənməyimizə təhlükə yaradan amillərə, bizi xaosa sürükləməyə, qanunlarımıza və təsisatlarımıza qarşı şübhə yaratmağa çalışan tərəflərə, eləcə də bizim təhlükəsizliyimizi təhdid edən və həyat tərzimizə qarşı çıxan düşmənlərimizə qarşı mübarizə aparmaqda Birləşmiş Ştatlara və Avropaya kömək edəcəkdir.

Mən bu ismarışı NATO və ATƏT liderləri ilə keçirəcəyim görüşlərdə və növbəti həftə Avropaya edəcəyim səfər zamanı keçirəcəyim ikitərəfli görüşlərdə də səsləndirəcəyəm.

ABŞ NATO ilə təhlükəsizlik sahəsində olan əlaqələrinə böyük önəm verir

Azadlığımızın qorunması, bizim xalqımızın təhlükəsiz həyatına zəmanət verə bilməyimizdən başlayır. Bu baxımdan Birləşmiş Ştatlar, avropalı müttəfiqləri, o cümlədən NATO ilə təhlükəsizlik sahəsində olan əlaqələrinə böyük önəm verir. Əgər müttəfiqlər öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdə maraqlı olmasalar və yaxud bunu edə bilməsələr o zaman həmin ittifaqların heç bir mənası olmaz. Bu ilin əvvəlində prezident Tramp NATO sazişinin 5-ci maddəsinə Birləşmiş Ştatların sadiq olduğunu bir daha bəyan etdi, çünki bu, təcavüzün qarşısını almağımız üçün ən yaxşı mexanizmdir. 5-ci maddədə yazılıb, “Tərəflər razılaşırlar ki, onlardan birinə və yaxud bir neçəsinə qarşı Avropada və yaxud Şimali Amerikada baş verən hər hansı silahlı hücum onların hamısına qarşı olan hücum kimi nəzərə alınacaqdır”. Hər hansı bir tərəfin istənilən NATO-ya üzv olan dövlətə qarşı edəcəyi hər hansı hücum 5-ci maddənin işə düşməsinə rəvac verəcəkdir və Birləşmiş Ştatlar üzərinə götürdüyü öhdəliyi yerinə yetirən ilk dövlət olacaqdır. Biz, 11 sentyabr hücumundan dərhal sonra NATO üzvlərinin bizim köməyimizə gəldiyini heç zaman unutmayacağıq və əgər onlar hücuma məruz qalarlarsa biz də eynisini edəcəyik.

"Rusiyanın artmaqda olan təhlükəsini anlayırıq"

Qərb post-sovet Rusiyası ilə yeni, məhsuldar əlaqələrin qurulması səylərini davam etdirsə də, bu vaxta qədər bu səylər ciddi nəticə verməmişdir, belə ki, Rusiya ilə əlaqələrin yenidən qurulması üçün əvvəlki administrasiya tərəfindən və ABŞ-Avropa əlaqələri vasitəsilə edilən cəhdlərdən sonra Rusiya 2008-ci ildə öz qonşusu Gürcüstanı və 2014-cü ildə isə Ukraynanı işğal etdi. Rusiya seçki prosesinə müdaxilə etməklə və qeyri-demokratik ideyaları dəstəkləməklə digər regional qonşularına qarşı təcavüzkar davranış göstərməyə davam edir. Biz, Avropadakı dostlarımızla birlikdə son dövrdə Rusiyanın artmaqda olan təhlükəsini anlayırıq.

Məhz buna görə də, Birləşmiş Ştatlar, Avropada Təhdidlərə Qarşı Təşəbbüs və yaxud ATŞ proqramı vasitəsilə özünün Avropada təhlükənin qarşısının alınması və müdafiə dəstəyini daha da gücləndirmişdir. Bu ilin əvvəlində administrasiya büdcədən ATŞ proqramına 4.8 milyard dollar ayrılmasını xahiş etmişdir. Ötən illə müqayisədə bu vəsaitin 1.4 milyard dollar artırılması ABŞ ordusunun təhdidlərin qarşısının alınması və müdafiə bacarıqlarını gücləndirəcək və bizim Avropadakı qüvvələrimizin hazırlığını daha da artıracaqdır. ATŞ çərçivəsində ordularımız arasındakı inteqrasiyanı artırmaq və Avropanın təhlükəsizliyini təmin etmək məqsədilə bizim Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımızla hərbi təlim və məşqlər keçirilir. Bu, bizim ordumuzun, hərbi dəniz donanmasının, hava qüvvələrinin və dəniz qoşunlarının hərbi vasitələrin yerləşdirilməsi və NATO-nun birgə təlimlərini dəstəkləmək imkanlarını gücləndirəcəkdir. Sentyabr ayında Rusiyanın “Zapad” adı altında Baltik dövlətlərinin sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimləri nəzərə alsaq, hər hansı hücuma qarşı müttəfiqlərimizlə birlikdə cavab verə bilmək imkanlarımız həmişəkindən indi daha vacibdir.

"Biz, müstəqil və bütöv Ukraynanın uğur qazanmasını dəstəkləyirik"

ATŞ proqramı çərçivəsində ərazi bütövlüyünü müdafiə imkanlarını qurmaq üçün Ukraynaya yardım məqsədilə 150 milyon dollar vəsaitin ayrılması da nəzərdə tutulur. Birləşmiş Ştatlar hesab edir ki, Ukraynadakı müharibəyə - hələ də hər gün insanların həlak olduğu müharibəyə - son qoymaq lazımdır. Biz, Minsk razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə, dəfələrlə Rusiyanı sülhün bərqərar olması istiqamətində addım atmağa çağırmışıq. Ukraynanın tam müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etməyən hər hansı müharibə qərarı qəbul edilməzdir. Rusiya, Avropanın ərazisinə görə ən böyük dövlətinin suverenliyini pozmuşdur. Birləşmiş Ştatlar və Avropa 2014-cü ildən bəri Rusiyanın bu təcavüzünə qarşı birgə sanksiyalar siyasəti yürütməklə çiyin-çiyinə mübarizə aparır. Bizim transatlantik birliyimiz Rusiya Hökumətinə bildirmişdir ki, biz beynəlxalq normaların bu cür kobud şəkildə pozulmasına göz yummayacağıq. Ümid edirik ki, Rusiya Ukraynanın tam suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması və üzərinə götürdüyü Minsk öhdəliklərinin tam şəkildə yerinə yetirməsi üçün addımlar atacaqdır, bu isə bizə normal əlaqələrin bərpasına başlamağa imkan verəcəkdir. Bununla belə, aydın şəkildə bildirmək istərdim ki, Rusiya bu sanksiyaların tətbiqinə səbəb olan amilləri aradan qaldırmayınca Minsklə bağlı sanksiyalar qüvvədə qalacaqdır.

Biz, Ukraynaya korrupsiyanı azaldacaq və sonda aradan qaldıracaq etibarlı təsisatların qurulmasını, ədliyyə sistemini gücləndirməyi və öz vətəndaşlarının iqtisadi çiçəklənməsini təmin etməyi tövsiyə edirik.

Biz, müstəqil və bütöv Ukraynanın uğur qazanmasını dəstəkləyirik. Bununla belə, Ukraynanın gələcəyi eyni zamanda daxildə mübarizə aparılan bir sıra iqtisadi, ədliyyə, təhlükəsizlik və sosial sektorda islahatların aparılmasından da asılıdır. Biz, Ukraynaya korrupsiyanı azaldacaq və sonda aradan qaldıracaq etibarlı təsisatların qurulmasını, ədliyyə sistemini gücləndirməyi və öz vətəndaşlarının iqtisadi çiçəklənməsini təmin etməyi tövsiyə edirik.

Ukrayna böhranı eyni zamanda enerji təchizatından siyasi silah kimi istifadə oluna biləcəyini də aşkarladı. Ucuz, etibarlı, çoxtərəfli və təhlükəsiz enerji təchizatının təmin olunması vasitəsilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi milli təhlükəsizlik məqsədləri baxımından fundamental rol oynayır. Birləşmiş Ştatlar sıxılmış təbii qaz və ABŞ-da istehsal olunan xam neftin ixracını tənzimləyən qaydaları yumşaldır və biz, Avropaya çoxşaxəli təchizatı təmin edəcək terminalların və boru xətlərinin inşası kimi tələb olunan infrastrukturun qurulması istiqamətində avropalı müttəfiqlərimizlə birgə çalışmaqda maraqlıyıq.

İyul ayında baş tutmuş “Üç dəniz ölkələri” sammitində prezident Tramp Birləşmiş Ştatların, Xorvatiyanın Krk Adası layihəsinə texniki dəstək göstərəcəyini bəyan etdi. Birləşmiş Ştatlar, Avropa Enerji İttifaqından kənardakı hər hansı bir ölkənin digər dövlətləri təhdid etmək məqsədilə öz resurslarından və yaxud mövqeyindən istifadə etməsinə imkan verməmək üçün Avropadakı infrastruktur layihələrini, eləcədə Polşadakı sıxılmış təbii qaz qəbul edən müəssisələrin və Yunanıstanla Bolqarıstan arasındakı birləşdirici boru xəttinin inşasını dəstəkləməyə davam edəcəkdir. Biz, Şimal Axını 2 və Türk Axını kimi çox tərəfli boru xəttinin inkişaf etdirilməsini məqbul hesab etmirik, çünki bu layihələr Avropada yalnız bir təchizatçıdan olan asılılığı daha da artıracaqdır.

"ABŞ Balkanlardakı vəziyyətin kövrək olduğunu anlayır"

Birləşmiş Ştatlar, Balkanlardakı vəziyyətin kövrək olduğunu anlayır və regionda sabitlik, çiçəklənmə və demokratiyanın bərqərar olması üçün Aİ-dakı tərəfdaşları ilə çalışmağa davam edəcəkdir. Balkan yarımadasındakı ölkələrə xitabən biz bildiririk, köhnə düşmənçiliklərdən əl çəkin ki, sülh daimi olsun. Sizin tarixin gedişini fərqli istiqamətə dəyişdirmək imkanınız var. Qan qohumluğu əlaqələri artıq düşmənçilik əlaqələrinə çevrilməməlidir. Birləşmiş Ştatlar və bütün dünya artıq hətta heç zaman unuda bilməsələr belə, keçmişi bağışlayan serblər, xorvatlar, albanlar, bosniyalılar, kosovalılar və digər xalqların yeni nəslinin formalaşmasını arzu edir.

"İŞİD-in Suriyadakı son sığınacaqları məhv edildikdən sonra..."

Amerikanın Avropa ilə ortaq dəyərlərinin sübutu bizim hər birimizə təsir edən məsələlərlə bağlı Avropanın sərhədlərindən kənarda da birgə əməkdaşlıq etməyimizdir. Birləşmiş Ştatlar və bizim avropalı müttəfiqlərimiz öz xalqına qarşı törətdiyi cinayətlərə görə Bəşər əl-Əsədin məsuliyyət daşıması üçün birgə sanksiyalar tətbiq etdik. Suriya böhranı yarandıqdan bəri, Aİ və onun üzv dövlətləri humanitar, stabilləşmə, bərpa sahəsindəki yardımlara 9.5 milyard avrodan çox vəsait ayırmışlar və İŞİD-in Məhv Edilməsi üzrə Qlobal Koalisiya tərəfindən azad olunan ərazilərdə vəziyyət sabitləşdikcə bu səylər davam edəcəkdir.

İŞİD-in Suriyadakı son sığınacaqları məhv edildikdən sonra, beynəlxalq ictimaiyyət diqqətini Suriyadakı vətəndaş münaqişəsinin həllinə yönəltməlidir, bizim avropalı tərəfdaşlarımız BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən BMT-nin rəhbərliyi altında baş tutmuş Cenevrə prosesinin həyata keçirilməsini dəstəkləməyə davam etməlidirlər. Bu, ölkənin yenidən qurulması, Əsəd rejimi və yaxud onun ailə üzvlərinin Suriya hökumətindən kənarlaşdırılması üçün əsas rol oynamalıdır.

"Pxenyan rejiminə qarşı təzyiqi maksimum artırmaq..."

Avropalı tərəfdaşlarımız da ilk gündən indiyə qədər bizim Şimali Koreyaya qarşı olan diplomatik və iqtisadi təzyiq kampaniyamızı yaxından dəstəkləmişlər. BMT Təhlükəsizlik Şurasının qərarlarını böyük həvəslə dəstəkləməklə bərabər, ölkələr Pxenyan rejiminə qarşı təzyiqi maksimum artırmaq üçün birtərəfli addımlar da atmışlar. İyul ayında Portuqaliya, Koreya Xalq Demokratik Respublikası ilə olan bütün diplomatik əlaqələrini dondurdu. İspaniya və İtaliya Şimali Koreyanın səfirlərini ölkələrindən qovdular. Latviya bu ölkəyə qarşı sanksiyaların tələblərini pozmuş bankları cərimələdi. Bizim avropalı müttəfiqlərimiz Şimali Koreyanın bütün məsuliyyətli dövlətlərə qarşı bir təhlükə olduğunu və buna qarşı birgə cavab tədbirlərinin görülməsinin vacibliyin bilirlər. Biz, Koreya yarımadasında tam, daimi və həqiqi mənada nüvə silahından azad bölgənin təmin olunması üçün Pxenyan rejiminə qarşı təzyiqi artırdıqlarına görə bütün müttəfiqlərimizə təşəkkür edirik.

Birləşmiş Ştatlar və Avropa dövlətləri arasında formalaşmış tərəfdaşlıq həlledici əhəmiyyət kəsb edir, bu tərəfdaşlıq həm Avropada, həm də Avropadan kənarda bugünün və sabahın təhdidlərinə qarışı mübarizə aparmaq üçün önəmli zəmin yaradır.

"Rusiya sovetlərdən sonra yeni bir qlobal güc balansını müəyyən etməyə çalışdığını nümayiş etdirir"

Birləşmiş Ştatlar və Avropa bir sıra çətinliklər və təhlükələrlə üzləşir, bu təhlükələr keçmişdəkindən fərqli olaraq eyni vaxtda bir çox coğrafi cəbhələrdə və çoxsaylı sahələrdə yayılırlar, istər qeyri-dövlət terrorçuluq fəaliyyətləri olsun, istərsə daha çox ənənəvi xarakter daşıyan kiber təhdidlər və yaxud nüvə təhlükələri olsun. Buna baxmayaraq biz bilirik ki, birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik, biz Avropa dövlətləri, bizim ən yaxşı tərəfdaşlarımızla olan əməkdaşlığımızı daha da gücləndirəcəyik. Tarix göstərmişdir ki, biz nə zaman birlikdə olsaq, ortaq çətinliklərimizə qarşı uğurla mübarizə aparmışıq.

Əvvəldə qeyd etdiyim kimi bu çətinliklərdən biri Rusiyadır. Avropa və Birləşmiş Ştatlar, Rusiya ilə əlaqələrin normallaşmasında maraqlıdır. Buna baxmayaraq Rusiya, sovetlərdən sonra yeni bir qlobal güc balansını müəyyən etməyə çalışdığını nümayiş etdirir, buna misal olaraq özünün nüvə arsenalından istifadə etməklə güc yolu ilə və yaxud öz vətəndaşlarına qarşı etinasızlıq edən rejimlərlə əməkdaşlıq etməklə öz istəklərini digərlərinə qəbul etməyə çalışır, necə ki, Bəşər əl-Əsəd öz xalqına qarşı kimyəvi silahlardan istifadə etməyə davam edir.

Enerji resurslarından istifadə edərək siyasi oyunlar oynamaq, azad seçkiləri pozmaq üçün kiber hücumlar təşkil etmək və dezinformasiyalar yaymaq, vaxtaşırı diplomatlara hücumlar etmək və onları qorxutmaq kimi əməllər cavabdehlik daşıyan bir dövlətin davranışları deyildir. Qonşu ölkəyə hücum etmək və digərlərini təhdid etmək nə rusiyalıların həyat şəraitini yaxşılaşdırır, nə də ki, Rusiyanın dünyadakı mövqeyini gücləndirir.

Sovet İttifaqının süqutu Rusiya cəmiyyətini azadlığa qovuşdurdu və Rusiyanın, Avropanın və Amerikanın faydalana biləcəyi yeni ticarət imkanları yaratdı. Buna baxmayaraq Rusiya bizi bir-birimizdən ayırmaq, etibarımızı zəiflətmək və Soyuq Müharibə başa çatdıqdan sonra birlikdə əldə etdiyimiz siyasi və iqtisadi uğurlara kölgə salmaq üçün tez-tez ABŞ və Avropaya qarşı məkrli taktikalardan istifadə etmişdir. Enerji resurslarından istifadə edərək siyasi oyunlar oynamaq, azad seçkiləri pozmaq üçün kiber hücumlar təşkil etmək və dezinformasiyalar yaymaq, vaxtaşırı diplomatlara hücumlar etmək və onları qorxutmaq kimi əməllər cavabdehlik daşıyan bir dövlətin davranışları deyildir. Qonşu ölkəyə hücum etmək və digərlərini təhdid etmək nə rusiyalıların həyat şəraitini yaxşılaşdırır, nə də ki, Rusiyanın dünyadakı mövqeyini gücləndirir.

Biz Rusiyanın, Avropanın və bütövlükdə transatlantik ictimaiyyətin konstruktiv bir qonşusu olmasını istəyirik, lakin bunu etmək üçün Rusiyanın öz seçimi olmalıdır. Rusiya iğtişaş toxumları səpməklə və öz daxilində azadlığa maneələr yaratmaqla özünü təcrid etməyə və yoxsullaşmağa davam edə bilər və yaxud da rusiyalıların azadlığını və Avrasiyada sabitliyi təmin edən bir qüvvəyə çevrilə bilər.

"biz İran təhlükəsini bütövlükdə tənzimləməkdə maraqlıyıq"

Prezidentin bu yaxınlarda İranla bağlı siyasətimizi bəyan etməsindən sonra, əslində Birləşmiş Ştatları və Avropanı bağlayan daha çox məqamlar vardır, nəinki bizi bir-birimizdən ayıran. Hərtərəfli Birgə Fəaliyyət Planı artıq ABŞ-ın İranla bağlı siyasətinin yeganə mövzusu deyildir, biz İran təhlükəsini bütövlükdə tənzimləməkdə maraqlıyıq. Biz avropalı tərəfdaşlarımızı bizimlə birlikdə İranın bütün məkrli davranışlarına qarşı mübarizə aparmağa çağırırıq. İran rejimi fərdlərə, siyasi və dini azadlıqlara qarşı totalitar təzyiqlər göstərməklə qərb prinsiplərinə qarşı çıxır. Nə Birləşmiş Ştatlar, nə də Avropa, Şimali Koreya kimi ikinci bir nüvə təhlükəsinin yaranmasını istəmir, bizim dövlətlərimizin heç biri terrorçu təşkilatlara, İraq və Suriyadakı hərbi birləşmələrə və ballistik raket proqramlarının inkişafına dəstək verməklə Orta Şərqdə hegemonluq etməyə çalışan İranın hərəkətlərini sakitliklə qəbul edə bilməz.

"İran və Rusiya, Türkiyəyə Qərb dövlətlərinin verə biləcəyi iqtisadi və siyasi faydaları verə bilməz"

Avropanın bölgədəki kəsişməsində, bilirik ki, Türkiyə coğrafi yaxınlıq və mədəni əlaqələr baxımından İranı nəzərə almaya bilməz, lakin biz Türkiyədən bir NATO müttəfiqi kimi ittifaq üzvlərinin ümumi müdafiəsinə böyük önəm verməyi xahiş edirik. İran və Rusiya, Türkiyəyə Qərb dövlətlərinin verə biləcəyi iqtisadi və siyasi faydaları verə bilməz.

"Cənubi Asiya strategiyasının son hədəfi terrorçuların sığınacaqlarını məhv etməkdir"

Biz, NATO müttəfiqlərimizin Əfqanıstandakı fəaliyyətlərə verdiyi əhəmiyyətli töhfəni yüksək qiymətləndiririk və onlardan bu missiyanın həyata keçməsinə verdikləri vədləri qoruyub saxlamağı xahiş edirik. Birləşmiş Ştatların yeni Cənubi Asiya strategiyasının son hədəfi terrorçuların sığınacaqlarını məhv etmək və onların yenidən yaranmasının qarşısını almaqdır, bütün bunlarla bərabər Əfqanıstan hökuməti də təhlükəsizliyin təmin olunması, Talibanla barışıq imkanlarının yaranması və Əfqanıstanın müxtəlif etnik qruplarının təmsil olunacağı hökumətin formalaşması istiqamətində öz imkanlarını gücləndirməyə davam edir. Biz bilirik ki, bütün bunlara xeyli vaxt lazımdır, lakin əgər biz harada olmasından asılı olmayaraq terror təhdidlərinə qarşı sayıqlıq göstərməsək və onlara qarşı mübarizə aparmasaq, o zaman 11 sentyabr hücumlarının planlaşdırılmasına və həyata keçirilməsinə imkan vermiş münbit şəraitin yenidən yaranması təhlükəsi ilə üzləşə bilərik. Biz, yalnız yarandığı bölgələrlə məhdudlaşmayan terror təhdidlərinin aradan qaldırılması üçün göstərilən hərbi qüvvə, maliyyələşmə və digər formada yardımların bərabər səviyyədə həyata keçirilməsini tövsiyə edirik. NATO-nun “Həlledici Dəstək” əməliyyatı bizim Əfqanıstanın regional sabitliyə töhfə vermək və əl-Qaidə və İŞİD kimi terror təhdidlərinə qarşı mübarizə aparmaq imkanlarının təmin olunması baxımından ortaq hədəflərimiz üçün həlledici əhəmiyyət kəsb edir.

İŞİD-ə qarşı mübarizə

İŞİD, İraq və Suriyada artıq tamamilə məhv olmaq mərhələsində olsa da, İŞİD və onunla əlaqəli terror şəbəkələrinin təhdidləri bizim ölkəmizdə və digər yerlərdə mövcud olmağa davam edəcəkdir. İŞİD digər bölgələrdə, o cümlədən Qərbi Afrikanın Sahel bölgəsində özünə yeni dayaq nöqtələri axtarır. Biz, Sahel və yaxud Məğrib kimi ərazilərin İŞİD-in, əl-Qaidənin və yaxud digər terrorçu qrupların fəaliyyətinə münbit şərait yaradacaq yeni bölgələrə çevrilməməsi üçün addımlar atmalıyıq. Bu qruplar maneəsiz hər hansı bir ərazini ələ keçirdikdə, onların strateqləri, bomba hazırlayanları və internet üzərindən təbliğat aparan qüvvələri dünyanın digər bölgələrində hücumların təşviqi, hazırlanması və həyata keçirilməsi üçün yaxşı fürsət tapırlar. Raqqanın misalında bu fəaliyyətlər bir neçə ay davam etmişdir. Bizim afrikalı və avropalı tərəfdaşlarımızın, xüsusilə Fransanın dəstəyi ilə Birləşmiş Ştatlar bu yaxınlarda terrorizmə və Afrikanın Sahel bölgəsinə İŞİD-in ayaq açmasına qarşı mübarizə aparmaq məqsədilə G5 Sahel Birgə Qüvvələrinə yardım üçün 60 milyon dollar vəsait ayırmışdır.

İŞİD-in Sahel bölgəsində peyda olması onu göstərir ki, bizim xalqlarımızın təhlükəsizliyi və rifahına qarşı yeni və gözlənilməz təhlükələr mövcud olmağa davam edəcəkdir. Bizim üzləşdiyimiz təhlükələrin daima təkamül edən və gözlənilməz xüsusiyyətləri artıq Paris, Brüssel, Orlando, Nitsa, Berlin, İstanbul, London, Mançester, Barselona, Nyu York kimi şəhərlərin sakinlərinə və əksəriyyəti öz evlərində, öz vətənlərində kompüterin ekranı qarşısında radikallaşmış islamçı terroristlərin əməllərindən əziyyət çəkmiş bir çox digər bölgələrin insanlarına yaxşı bəllidir. Bizim üzləşdiyimiz təhlükələr Türkiyə, Yunanıstan, İtaliya və Almaniya kimi Şimali Afrikadan və Orta Şərqdən olan qeyri-qanuni miqrasiyanın dağıdıcı təsirləri ilə üzləşmiş ölkələrə yaxşı bəllidir.

II Dünya Müharibəsinin ən ağır dövründə Uinston Çörçil bəyan etdi ki, Britaniya xalqı öz ölkəsini müdafiə etmək üçün meydanlarda, çimərliklərdə və küçələrdə döyüşəcəkdir. Bu gün biz mübarizəmizi getdikcə daha çox internetdə, pasport yoxlanış məntəqələrində, Avropada və dünyanın müxtəlif yerlərindəki gənclərin ürəklərində və düşüncələrində aparırıq. Avropanın təhlükəsizlik təsisatları, o cümlədən NATO, radikal islamçı terroristlər, kiber hücumlar və nəzarətsiz miqrasiya kimi daxili və xarici təhlükələrə qarşı mübarizə aparmaq üçün hazır olmalıdırlar. Biz, bütün bunların gələcəyin təhlükəsi olduğunu bilsək də, artıq bir çox xəbər başlıqları bu təhlükələrin bugünün təhlükəsi olduğunu bəyan edirlər.

Avropaya qarşı yeni təhlükələr

Birləşmiş Ştatlar və Avropaya qarşı olan yeni təhlükələr uzun-müddətli, zaman baxımından əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan və bir çox müxtəlif məkanlarda yerləşən təhlükələrdir. Bu təhlükələrin müvafiq qaydada proqnozlaşdırılması və onlara qarşı mübarizə aparılması Avropa ictimaiyyətindən təhlükəsizliklə bağlı böyük addımların atılmasını tələb edir, çünki yerli icraçılar ən effektiv qabaqlayıcı qüvvələrdirlər. Birləşmiş Ştatlar bölgədə təhlükəsizliyin faciəvi şəkildə pozulmasının qarşısını almaq üçün verdiyimiz təminatı yerinə yetirməyə və bizim müdafiə çətirimizin qorunub saxlanılması üçün təmin olunan resursları genişləndirməyə davam edəcəkdir, bütün bunlarla bərabər Avropa dövlətləri də, özlərinin təhlükəsizlik problemləri ilə bağlı üzərilərinə daha böyük məsuliyyət götürməlidirlər. Hazırkı strateji mühitdə bizim müttəfiqliyimiz daha da güclənməlidir, göstərilən səylərin və vəzifələrin azalması yalnız daha böyük təhlükələrin yaranmasına səbəb ola bilər.

"Avropalı tərəfdaşlarımızı ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayırmağa çağırırıq"

Prezident Tramp Varşavada bəyan etmişdir, sitat, “Yadda saxlamalıyıq ki, bizim müdafiəmiz yalnız ayırdığımız vəsaitlə bağlı deyil, bu, bizim niyyətimizlə bağlıdır”. Bizim xərclərimiz müəyyən qədər bizim sülh və azadlığı qorumaqda nə qədər maraqlı olduğumuzu göstərir. Biz bir daha, bu günə qədər buna əməl etməyən avropalı tərəfdaşlarımızı ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayırmağa çağırırıq. Bu il Albaniya, Xorvatiya, Fransa, Macarıstan və Rumıniya 2 faizlik göstəriciyə nail olmaq barədə öhdəlik götürmüşlər. Bu dövlətlər bilirlər ki, onlar öz azadlıqlarını qoruyub saxlamaq üçün təhlükəsizliyə sərmayə yatırmalıdırlar. Hər bir NATO üzvü Müdafiə İnvestisiyası ilə bağlı Uelsdə keçirilmiş sammitdə qəbul olunmuş öhdəliklə razılaşmışdır. Artıq bizim hər birimizin həmin razılaşmaya əməl etməyimizin vaxtıdır. Biz eyni zamanda, qarşılıqlı əlaqələrin səmərəsi və ortaq maraqlara xidmət etməsi baxımından təhlükəsizlik sahəsində daha geniş inteqrasiyanın həyata keçirilməsini tövsiyə edirik.

Bu öhdəliklər çox vacibdir, çünki söhbət bizim azadlığımızdan və təhlükəsizliyimizdən gedir. Birləşmiş Ştatlar və bütün Avropa dövlətləri - xüsusilə bir zamanlar kommunist diktaturası altında yaşamış dövlətlər - bizim azadlığımızı müstəqil fəaliyyət göstərmək baxımından yüksək qiymətləndirilər. Əgər biz üzərimizə cavabdehlik götürməsək, o zaman suverenliyimiz olmaz, və əgər bizim suverenliyimiz olmasa, o zaman bizim azadlığımız da olmaz.

"Azad dövlətlər vətəndaş cəmiyyətlərinin, eləcə də onları formalaşdıran ailələrin və fərdlərin müdafiəsi üçün ciddi addımlar atmalıdırlar"

Suverenliyi qoruyub saxlamaq eyni zamanda bunu mümkün edən keyfiyyətlərin də formalaşdırılmasını özündə ehtiva edir. Azad dövlətlər vətəndaş cəmiyyətlərinin və qrupların, eləcə də onları formalaşdıran ailələrin və fərdlərin müdafiəsi üçün ciddi addımlar atmalıdırlar. Qanunun aliliyi və nümayəndəli hökumətlər, vətəndaş cəmiyyətindən və sübuta ehtiyacı olmayan müəyyən həqiqətlərə olan hörmətdən kənarda qaldıqda boş örtüyə çevrilirlər. Biz hər bir böyük geosiyasi mübarizədə qalib gələ bilərik, lakin əgər biz öz davranışlarımızda daima ayıq-sayıq olmasaq, o zaman son nəticədə bizim xalqımız itirə bilər. Qərb ideallarının qorunub saxlanılması bizim siyasi və iqtisadi azadlıqlarımızın təməli hesab olunan əsas həqiqətləri nə dərəcədə müdafiə etmək niyyətimizdən asılıdır.

bizim müttəfiqlərimiz öz tarixi, perspektivi və gələcəyini müəyyən etmək hüququ olan müstəqil və demokratik dövlətlərdir.

Bilirik ki, Avropa xalqı və liderləri öz gələcəkləri haqqında bir çox müzakirələr aparırlar. Amerika bu suallara olan cavabların qəbul etdirilməsinə cəhd etməyəcəkdir. Biz bilirik ki, Avropa böyük qərb ənənəsinə sahib olan azad dövlətlərdən ibarətdir və onlar öz gələcək yollarını özləri seçməlidirlər. Keçmişdə olduğu kimi, Birləşmiş Ştatlar, Avropanın institusional qanadları ilə əməkdaşlıq etməyə davam edəcəkdir və biz eyni zamanda anlayırıq ki, bizim müttəfiqlərimiz öz tarixi, perspektivi və gələcəyini müəyyən etmək hüququ olan müstəqil və demokratik dövlətlərdir.

Breksitin nəticələri

Bu mövqe Breksitlə əlaqədar olaraq Birləşmiş Krallıqda müşahidə olunan hadisələrdə xüsusilə özünü bariz şəkildə göstərir. Breksitin nəticələrindən asılı olmayaraq Birləşmiş Ştatlar, Birləşmiş Krallıqla olan uzun-müddətli xüsusi əlaqələrini davam etdirəcəkdir və eyni zamanda Aİ ilə güclü əlaqələri qoruyub saxlayacaqdır. Biz, danışıqlara təsir göstərməyə cəhd etməyəcəyik, lakin biz Aİ və Birləşmiş Krallığa bu prosesi qısa vaxt ərzində və gərəksiz çəkişmələr olmadan yekunlaşdırmağı tövsiyə edirik. Biz, hər iki tərəfə tərəfsiz dostluq əlimizi uzadırıq.

Avropa tarixinin növbəti səhifəsi Avropanın öz sözləri ilə yazılmalıdır.

Sovet hakimiyyətini səciyyələndirən bir sıra simvollar və ifadələr hələ də ingilis dilində qalmaqdadır: Qulaq, beşillik plan, Dəmir Pərdə, Berlin Divarı.

Əvvəldə qeyd etdiyim kimi, 2017-ci ildə Amerikanın I Dünya Müharibəsinə qoşulmasından artıq 100 il keçir. Eyni zamanda bu ilin noyabr ayında digər bir tarixi hadisənin, Rusiya inqilabının başlanmasının yüzüncü ildönümüdür. Sovet İttifaqı 26 il bundan öncə süqut etsə də, Sovet hakimiyyətini səciyyələndirən bir sıra simvollar və ifadələr hələ də ingilis dilində qalmaqdadır: Qulaq, beşillik plan, Dəmir Pərdə, Berlin Divarı. Dünyanın demək olar ki, hər bir yerində başa düşülən bu kimi sözlər kommunist hakimiyyətinin Avropa və Rusiyadakı acı və amansız tarixini özündə ehtiva edir. Bu sözlər eyni zamanda bizə, Qərb ənənəsində mövcud olan azadlıq və suverenliyinin əsas prinsiplərini müdafiə etmədiyimiz halda başımıza nələrin gələ biləcəyini xatırladır.

"Hərcmərclik hərisi olan qüvvələr..."

Bizim dövrümüzdə, avtoritar dövlətlər, radikal islamçı terrorçular və hakerlər kimi hərcmərclik hərisi olan qüvvələr bizim azadlıq, bərabərlik, insan ləyaqəti, qanunun aliliyi və nümayəndəli hökumət kimi prinsiplərimizi məhv etməyə çalışırlar. Biz bu azadlıqların müdafiə olunması üçün üzərimizə düşən suveren məsuliyyətdən yayına bilmərik. Teodor Ruzveltin dediyi kimi, “İstər Amerikada olsun, istər dünyanın digər bir yerində, öz azadlığını, müstəqilliyini qorumaq istəyən hər bir dövlət anlamalıdır ki, müstəqillik hüququ, ondan səmərəli istifadə etmək məsuliyyətindən ayrı ola bilməz”.

Bu məsuliyyəti yaxşı dərk edən ABŞ, Avropada sülh, sabitlik, çiçəklənmə və azadlığı qəti şəkildə dəstəkləməyə davam edəcəkdir. Avropa ilə olan əlaqələrimizin son 100 ildə uğurla davam etdiyini qeyd edərək, Birləşmiş Ştatlar bizim azad cəmiyyətlərimizin bundan sonrakı 100 ildə də birlikdə güclü olması üçün avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızın yanında olacaqdır.

Vilson Mərkəzinin prezidenti Ceyn Harman:

Təşəkkür edirəm, cənab Katib, adını çəkdiyiniz bir sıra liderlərə - yüz il bundan öncə bizim prezidentimiz olmuş Vudro Vilson, Teodor Ruzvelt, Franklin Ruzvelt, Uinston Çörçilə layiq bir çıxış etdiyinizə görə. Siz dünyanın bütün bölgələrini bir-biri ilə əlaqələndirdiniz və məhz buna görə də biz, uzun illər ərzində sizin kimi insanları dövlət və biznes sahəsində olan mükafatlarımızla təltif edirik.

İcazənizlə Avropa mövzusuna yenidən qayıdaq, bir halda ki, siz də bu mövzuya toxundunuz və növbəti həftə Avropaya səfər edəcəksiniz. Bob Diki və mən bu yaxınlarda bizim son dərəcə istedadlı səfirimiz Key Beyli Hutçisonla birlikdə NATO tədbirində iştirak etdik və o, NATO-da fəaliyyət göstərən səkkiz xarici ölkənin səfirlərini nahar yeməyinə dəvət etmişdi. Məndə belə bir təəssürat yaranmışdı ki, burada kiminsə mütləq uduzacağı və kiminsə mütləq udacağı bir oyun gedir. Birləşmiş Ştatlar dünyanın müxtəlif yerlərindəki problemlərə - təxirəsalınmaz problemlərə və onların bir çoxunu siz qeyd etdiniz – Şimali Koreya və İran kimi məsələlərə diqqət ayırdığı bir vaxtda Avropaya daha az diqqət ayıracağı təəssüratı yaranır.

Düşünürəm ki, sizin çıxışınız göstərdi ki, burada kiminsə udacağı və ya uduzacağı bir oyun getmir, əksinə əgər bizim yanımızda güclü bir Avropa olarsa, o zaman biz, dünyanın müxtəlif yerlərində üzləşdiyimiz və Avropaya da mənfi təsirləri olan problemlərə qarşı birlikdə daha da güclü mübarizə apara bilərik. Düzdürmü? Qısaca təqdimat etsək belə ifadə etmək olarmı?

DÖVLƏT KATİBİ TİLLERSON: Bəli, növbəti həftə mən məhz bu ismarışı verəcəyəm, necə ki, ötən 100 il də bunu sübut edir, biz indi də həmin fikirdəyik ki, Birləşmiş Ştatlar bütün bu təhlükələrə qarşı təkbaşına mübarizə apara bilməz. Bu təhlükələr olduqca geniş və bir-biri ilə sıx şəkildə əlaqəlidir. Mənim toxunduğum təhlükələrdən hər hansı birini seçsəniz onların hər biri ilə formaca və yaxud üslubca əlaqəli olan bir sıra məqamlar aşkarlaya bilərsiniz, istər Rusiyanın, istər Çinin, İranın, istərsə də islamçı terrorçuların iştirakı olsun. Biz vətəndaş cəmiyyətinə qarşı təhdidlərə qarşı mübarizə apararaq xüsusilə mürəkkəb bir dövr yaşayırıq. Biz bu təhlükələrə yalnız öz müttəfiqlərimizin köməyi, müttəfiqlərimizin gücü sayəsində qalib gələ bilərik.

Birləşmiş Ştatların xarici siyasət və milli təhlükəsizlik sahəsində bəxti həm də onda gətirmişdir ki, bizim dünyanın müxtəlif yerlərində çoxlu müttəfiqlərimiz var, bir çox müttəfiqlərimiz vardır və biz bir əldə olan barmaqların sayından da az müttəfiqləri olan düşmənlərimizin bir çoxundan fərqli olaraq qurduğumuz ittifaqları birlikdə qan tökməklə, birlikdə qurbanlar verməklə yaratmışıq, onlar isə yaratdıqları birlikləri qurbanlar verərək və yaxud ortaq ideyalar əsasında qurmayıblar.

Ona görə də mən düşünürəm ki, biz həmin tarixi ittifaqların gücünü indi dərk edirik və onu daha da möhkəmləndiririk, məncə bu ittifaqların daxilində olan qarşılıqlı əlaqələr müəyyən müddət ərzində, bəlkə də, Soyuq Müharibə başa çatdıqdan sonra bir qədər zəifləmişdir, bəlkə də xüsusilə Avropa ilə münasibətdə hesab olunmuşdur ki, hər kəsin 70 il ərzində üzləşdiyi birbaşa təhlükə Soyuq Müharibə başa çatdıqdan sonra azalmışdır, lakin biz indi görürük ki, bu azalmayıb. Bu təhlükə azalmayıb. O hələ də özünü müəyyən etməkdədir, o hələ də Rusiyanın timsalında öz rolunu axtarmaqdadır.

Orta Şərqdən qaynaqlanan bu təhlükələr indi kütləvi miqrasiya və ya digər vasitələrlə bizim avropalı müttəfiqlərimizin sərhədlərinə qədər ayaq açmışdır, çünki digərlərini qətlə yetirməyə və bunu etmək üçün özlərini qurban verməyə hazır olanlar da kütləvi miqrasiyadan istifadə edərək özlərinə yola tapa bilirlər, bütün bu təhlükələrlə biz yalnız güclü müttəfiqlik şəbəkəsi vasitəsilə mübarizə apara bilərik.

Beləliklə bu, həqiqətən də, müəyyən mənada bir növ əvvəlki sıx tərəfdaşlığın yenidən bərpasıdır, lakin eyni zamanda bu ittifaqın məğzinin yenidən müəyyən olunmasıdır. Hesab edirəm ki, Prezident Tramp bundan əvvəl Avropaya səfəri zamanı da bu fikri çatdırmışdır – buna görə onu çoxları tənqid də etmişdilər – ki, biz müttəfiqlərimizdən onlara görə narahat olduğumuz qədər onlardan da öz azadlıqları və xalqlarının təhlükəsizliyinə görə narahat olmalarını, bunun qayğısına qalmağı tələb edirik. Siz ABŞ-ın verdiyi dəstəyə - ABŞ-ın təkcə vergi ödəyicilərinin vəsaiti hesabına üzləşdiyi itkilərə deyil, eyni zamanda əsgərlərimizin misalında verdiyi qurbanlara nəzər salsanız görərsiniz ki, bizim verdiyimiz dəstək bir qədər qeyri-bərabərdir. Düşünürəm ki, Prezident də, bu fikri çatdırmaq istəyirdi ki, biz bu ittifaqa dəstək olmağa hazırıq. Siz də hazır olmalısınız – siz də, bizim qədər hazır olmalısınız.

Hesab edirəm ki, mənim avropalı həmkarlarımla olan bir çox danışıqlarımızda bu fikrin qəbul olunduğu qənaətinə gəlmişəm. Biz indi bunun NATO-ya münasibətdə verilən dəstəkdə, müdafiə xərclərinə vəsaitlərin ayrılmasında və şəxsi heyətin təmin olunması ilə bağlı edilən köməklikdə görürük. Bizim hazırkı dövrdə məhz buna ehtiyacımız vardır, biz bu qədər böyük təhlükələrlə üzləşdiyimiz bir vaxtda müttəfiqliyimizi gücləndirməliyik, biz, NATO-nun yeni və dəyişməkdə olan təhlükələrə qarşı mübarizə aparmaq imkanlarını gücləndirməliyik. Prezidentliyinin ilk dövründə Prezidentin səsləndirdiyi fikirlərin də məqsədi məhz bundan ibarət idi, indi biz bu fikirlərə əməl etməklə daha güclü əlaqələrin qurulması üzərində çalışırıq.

Bizim hələ görməli olduğumuz çox işlər var, lakin düşünürəm ki, bizim Avropaya olan ismarışımız bizim sizə olan sadiqliyimizi dəyişməmişdir. Biz 100 il bundan əvvəl sizin müdafiənizə qalxaraq I Dünya Müharibəsinə qoşulmaq qərarını verdiyimiz vaxtdan bu günə qədər heç nə dəyişməmişdir, fundamental olaraq heç bir dəyişiklik yoxdur. Bizi bir-birimizə bağlayan dəyərlər hələ də qalmaqdadır.

Vilson Mərkəzinin prezidenti Ceyn Harman: Vaxtınızın məhdud olduğunu nəzərə alaraq, istərdim ki, digər mövzularla bağlı, o cümlədən auditoriyadan verilən sualların da bir neçəsini səsləndirək. Mən sizin çıxışınızdakı Türkiyə ilə bağlı səsləndirdiyiniz maraqlı bir məqamı qeyd etmək istərdim ki, indi Türkiyənin seçimi vardır, o, Avropa ilə və bizimlə daha yaxın ola bilər, hansı ki, böyük üstünlükdür və yaxud olmaya bilər. Mən bunun kifayət qədər açıq və aydın bəyan edildiyini düşünürəm.

Mən, Dövlət Departamentinin maliyyələşməsi və strukturu ilə bağlı, bir çox insanları maraqlandıran sualı vermək istərdim. Hər bir təşkilatın yenilənməyə ehtiyacı vardır. Vilson Mərkəzinin də yenilənməyə ehtiyacı vardır. Əlbəttə ki, buradakı hər bir kəs, o cümlədən uzun-müddət diplomatik xidmətdə çalışmış insanlar da düşünürlər ki, Dövlət Departamentinin yenilənməsi lazımdır. Bununla belə, İnzibati və Büdcə İdarəsi tərəfindən sizin büdcənizlə bağlı təklif olunan kəskin azalmalar – bunun Konqres tərəfindən olduğu kimi qəbul ediləcəyi demək deyil – bir sıra suallar doğurmuşdur və bəziləri sizin departamentdə biz çox yerlərin boşalacağını iddia edirlər. Bu gün, Vilson Mərkəzinin iki ən dəyərli dostu, Nik Börns və Rayan Krokerin, onların hər ikisi diplomatik xidmət fəaliyyətində və səfir kimi çalışmış, böyük təcrübəyə malik olan insanlardır, “The New York Times” qəzetində dərc olunmuş məqaləsində kimlərin gedəcəyi və bunun hansı təsirlərinin olacağı barədə geniş məlumat verilmişdir.

Mənim anladığım qədər məsələnin başqa tərəfi də vardır. Ona görə də, bu məsələ ilə bağlı sizin də fikirlərinizi və Dövlət Departamentinin gələcəyi ilə bağlı sizin baxışlarınızı öyrənmək istərdim.

DÖVLƏT KATİBİ TİLLERSON: İcazənizlə ilk növbədə büdcə məsələsinə toxunmaq istərdim, düşünürəm ki, bunu cavablandırmaq daha asandır. Dövlət Departamentinə 2016-cı ildə ayrılmış büdcə rekord səviyyədə yüksək büdcə idi – təxminən 55 milyard dollar. Bu, ənənəvi olaraq ortalama 30 milyard dollar səviyyəsində büdcəyə malik olan bir təşkilat üçün yüksək idi. Bu rəqəm son bir neçə ilə ərzində getdikcə artırılmışdır, bir çox hallarda bunun kifayət qədər əsaslı səbəbləri olmuşdur. Lakin biz qeyd olunan xərc səviyyəsinə nəzər salarkən görürük ki, tam səmimi deyirəm, o, məqsədəuyğun deyildir. 55 milyard dollar həcmində bir büdcəni icra etmək və onu yaxşı icra etmək çox çətindir. Bu, böyük xərc və çoxsaylı resurslardan istifadə olunması deməkdir və mən ayrılan hər bir dolların xərclənməsinə görə daşıdığımız məsuliyyəti çox ciddi qəbul edirəm və konqresin bizim üzərimizdə olan nəzarət öhdəliklərini də çox ciddi qəbul edirəm və bunu nəzərə almaya bilmərəm. Ona görə də, bu məsələnin bir tərəfi də reallığın yoxlanılması idi. Biz həqiqətən də bunu davam etdirə bilərikmi? Həqiqət ondan ibarətdir ki, bunu davam etdirmək və öhdəsindən lazımınca gəlmək çox çətin olacaqdır.

İkincisi, büdcə rəqəmlərinin əvvəlki səviyyəsinə qaytarılması həm də, onunla bağlıdır ki, bəzi münaqişələrin həllinə nail olmaqla həmin münaqişə bölgələrində müvəffəqiyyət qazanacağımıza ümid edirik və göstərəcəyimiz köməkliklərin artıq fərqli məkanlarda həyata keçirilməsinə ehtiyac olacaqdır. Ona görə də bu, müxtəlif məsələlərin birləşməsidir – dayanıqlı inkişaf, həmin rəqəmlərin həqiqətən də kəskin şəkildə fərqləndiyinin qəbul olunması. Bizim qəbul edəcəyimi yeni rəqəmlər kəskin fərqlənmir, onlar xərclərin səviyyəsi baxımından əvvəlki illərə daha yaxındır.

Dövlət Departamentinin modernləşdirilməsinə gəldikdə - mən “modernləşdirmə” sözündən istifadə edirəm, çünki təşkilati strukturu bir günün içərisində dəyişdirmək daha asandır. “Təşkilati strukturu dəyişdirmək” dedikdə mən bu strukturu əks etdirən diaqram daxilindəki qutuların yerdəyişməsini nəzərdə tuturam. Mən ilk dəfə Dövlət Departamentinə gələrkən təşkilati strukturu əks etdirən diaqramı gördükdə heyrətə gəlmişdim, Dövlət Katibinin Ofisinə birbaşa tabe olanların sayı 82 idi, tək mənə 82 nəfər. Onların təxminən 70-i xüsusi elçilər, xüsusi səfirlər adı ilə yaradılmış vəzifələr idi. Ona görə də biz dərhal Dövlət Departamentinin idarə olunması üçün hansı yolun daha məqsədəuyğun olması barədə araşdırma apardıq və indiki vəziyyətin məqbul olmadığını aşkar etdik. Üç qlobal təşkilata rəhbərlik etmiş bir şəxs kimi – təcrübəmdə mən üç dəfə böyük həcmdə təşkilati strukturun dəyişdirilməsini həyata keçirmişəm və bundan zövq alıram – hər zaman insanlara daha effektiv olmaları üçün necə yardım edə bilərik, onların qarşısındakı maneəni necə aradan qaldıra bilərik kimi məsələləri diqqətdə saxlamışam.

Beləliklə biz fərqli yanaşma tətbiq etdik və mənim departament və onun mədəniyyəti ilə əvvəl tanış olmadığımı nəzərə alaraq biz ilk növbədə çoxlu sayda dinləmələr apardıq. 35,000 nəfərdən cavablar aldıq və 300 nəfər əməkdaşla üzbəüz müsahibələr keçirdik və bu gün də insanlarla fəal dialoqu davam etdiririk – onlara sizin fəaliyyətinizi daha səmərəli etmək və özünüzdən, gördüyünüz işdən razı qalmağınızı təmin etmək üçün nə edə bilərik kimi suallar ünvanlayırıq. Yüzlərlə yeni ideyalar daxil olub. Onların içərisindən təxminən 170 ideyanı seçmişik və indi onlarım üzərində çalışırıq. Biz bunu modernləşdirmə adlandırırıq çünki, bu işlərin əksəriyyəti daxildə və təşkilatlararası əsasda aparılan iş prosesləri ilə bağlıdır və biz insanların öz fəaliyyətini həyata keçirə bilmələri üçün tələb olunan metodları təkmilləşdirməliyik. Onlardan bəziləri alətlər və uğuru təmin edəcək şəraitlə bağlıdır, məsələn bizim İT sistemimiz köhnəlmişdir. Mən A Bürosunda bütün günortanı bir məsələnin həllinə sərf etdikdən sonra “Bunun üçün mən öz tərəfimdən nə edə bilərəm?” deyə soruşdum və onlar mənə cavabında “Bizə məlumatları kənardan idarə olunan mənbədə saxlamağa kömək edin” deməsi məni heyrətə gətirdi. Mən onlara baxıb soruşdum, “Siz nə danışırsınız? Bizim məlumatlar kənardan idarə olunan mənbədə deyil?” Onlar isə “Xeyr. Biz hələ də buradakı serverlərdə çalışırıq” dedilər. Bu, ilk növbədə böyük bir kiber təhlükədir. Bu isə bəzi əməkdaşların öz işini görməsini çox çətinləşdirir, mən də öz kompüterimdən istifadə etməyə başlayanda bunun həqiqətən nə qədər çətinlik yaratdığını hiss etdim.

Beləliklə, modernləşdirmə çərçivəsində müəyyən edilmiş bir çox layihələr prosesin modernləşdirilməsi və insanların fəaliyyətinin dəstəklənməsinə yönəlmişdir və bütün bunların məqsədi Dövlət Departamentində çalışan insanlara öz işlərini daha effektiv, daha səmərəli həyata keçirməyə və karyera fəaliyyətindən zövq almağa imkan yaratmaqdır. İnsan Resursları Departamentinin fəaliyyətində də bir sıra proseslər vardır ki, on illər ərzində yenilənməmişdir və onları da yeniləmək lazımdır. Biz kənarda insanların təyinatını necə həyata keçiririk – xarici ölkələrdəki missiyalarımızda əməkdaşların işə götürülməsi üçün böyük məbləğdə vəsait sərf edirik və bu missiyaların əksəriyyətindəki təyinatların bir illik olduğunu müəyyən edəndə dəhşətə gəldim. Biz bu qədər vəsait sərf edirik, onları diplomatik missiyada xidmət etməyə göndəririk. Onlar isə orada bir il çalışırlar, iş fəaliyyətinə alışdıqları və səmərə verdikləri bir vaxtda biz onları geri çağırır və başqa bir yerə göndəririk. Bir çoxları mənimlə olan söhbətlərində “əlavə bir il də qalmaq və töhfə vermək istərdim” deyə bildirmişlər. Beləliklə, keçirdiyimiz dinləmələr nəticəsində bu kimi bir çox məsələlər üzə çıxmışdır.

Bizim beş böyük komandamız vardır. Onların hamısı çalışan əməkdaşların təşəbbüsü əsasında yaradılmışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində bizə köməklik etmək üçün bir neçə konsultant dəvət etmişəm, lakin modernləşdirmə fəaliyyətinə bütövlükdə Dövlət Departamentinin əməkdaşları tərəfindən rəhbərlik olunur.

Kimlərinsə gedəcəyi məsələlərinə gəldikdə - düşünürəm ki, hamınız razılaşarsınız ki, hər dəfə hökumət dəyişəndə diplomatik xidmətdə aparıcı vəzifə tutan şəxslər və digər əməkdaşlar öz fəaliyyətlərini başqa sahələrdə davam etdirmək barədə qərar qəbul edirlər. Hazırkı mərhələdə bizdə işdən çıxmaq barədə olunan istefaların sayı 2016-cı ildə olduğu ilə eynidir. Bu gün diplomatik xidmətdə çalışan əməkdaşların sayı 2016-cı ilin eyni dövründə olan rəqəmlərlə eynidir – 10 nəfər azalma vardır. İşə qəbul prosesinin müvəqqəti dayandırılması barədə qərar qəbul etmişəm, çünki təşkilatın fəaliyyətini yenidən qurduqdan sonra çox güman ki, bəzi kadr dəyişikliklərinə ehtiyac olacaqdır. Mən ixtisarların həyata keçirilməsini istəmirəm, mən çoxlu sayda əməkdaşın işdən xaric olunmasını da istəmirəm. Dediyim kimi, “gəlin komplektləşmə ilə bağlı hədəflərimizin bəzilərini normal gecikmə ilə həyata keçirək”.

Bununla belə, mən təxminən 2,300 işə qəbulla bağlı istisnaları imzalamışam, çünki hər bir vəzifə ilə əlaqədar olaraq bildirmişəm ki, əgər vacib əhəmiyyətli ştat varsa və əgər ora yeni işçi götürmək lazımdırsa, müraciət edin. Səhv etmirəmsə 2,300 müraciətdən səkkiz ştatla bağlı olan müraciəti rədd etmişəm və onlara həqiqətən də ehtiyac olmadığını bildirmişəm. Beləliklə biz təşkilatın tam komplektləşməsini təmin edirik. Bizim diplomatik xidmət məktəbimiz hələ də fəaliyyət göstərir və bu il 300-dən çox qəbul olmuşdur. Ona görə də boşalmadan söhbət getmir. Bəzilərinin uydurduğu rəqəmlər yalandır və onlar həqiqəti əks etdirmir.

Peşəkar diplomat karyerasına sahib olanların sayının təxminən 60 faiz azalması ilə bağlı söhbətlər gedirdi. Peşəkar diplomat karyerası çox az sayda şəxsə birinci dərəcəli elit statusu vermək məqsədilə 1955-ci ildə Konqres tərəfindən yaradılmışdır. Dövlət Departamentində diplomat karyeraya sahib olanların sayı istənilən dövrdə ən azı bir, ən çoxu isə yeddi nəfər olmuşdur. Mən Dövlət Departamentində fəaliyyətə başladığım vaxt onların sayı altı idi. Onlardan dördü təqaüdə çıxdı. Onlar təqaüd yaşına çatmış şəxslər idilər, 65 yaşlarına çatdılar və təqaüdə çıxdılar. Bizdə seçim prosesi vardır, biz həmin əməkdaşların yenisi ilə əvəz olunmasına çox diqqətlə yanaşırıq, lakin hazırda seçim prosesi davam edir və həmin təyinatlara layiq ola biləcək çoxlu sayda əməkdaşın qiymətləndirilməsi həyata keçirilir. Hələ də iki nəfərimiz vardır. Sadəcə altı nəfərdən iki nəfərə qədər azalmışdır, bu isə 60 faiz deməkdir. Halbuki elə səslənir sanki dünyanın sonudur.

Digər tərəfdən bir sıra namizədlərimizlə bağlı təsdiq prosesi son dərəcə ləng getdiyinə görə, fəxrlə qeyd etmək istərdim ki, dövlət katibinin köməkçisi vəzifəsini icra edənlər könüllü olaraq dövlət katibinin müavini vəzifəsinin icrasını da öz üzərilərinə götürmüşlər. Mən təşkilatda boşalmaların baş verəcəyi ilə bağlı bu cür məqalələri oxuyarkən bu insanların təhqir olunduğunu düşünürəm, çünki həmin vəzifələri üzərilərinə götürən insanlar son dərəcə böyük işlər görürlər və onlar da bilirlər bu vəzifə daimi deyil. Onlar da bilirlər ki, bizim namizədlərimiz var, lakin hər gün işə gəlirlər, gərgin çalışırlar, dünyanın müxtəlif bölgələrinə mənimlə birlikdə səfərlər edirlər və həmin qrup mənə və Prezidentə beynəlxalq sanksiyaları özündə ehtiva edən Şimali Koreya strategiyasını formalaşdırmağa, bizim düzgün yolda olduğumuzu düşündüyüm Suriyadakı sülh prosesini müəyyən etməyə, Rusiya ilə Ukrayna barədə danışıqlar aparmağa, İŞİD-in məğlubiyyəti üçün yanaşmanı müəyyən etməyə, İran siyasətini, Əfqanıstandakı Cənubi Asiya siyasətini, bizim Pakistanla bağlı yeni mövqeyimizi, azad və açıq Hind Körfəzi bölgəsinin yaranması kimi siyasəti işləyib hazırlamağa və formalaşdırmağa kömək ediblər, bütün bu işlər bu gün burada çalışan əməkdaşların əməyidir və mən bununla fəxr edirəm. Mən onların gördükləri işlərlə fəxr edirəm. Onlar böyük əmək sərf edirlər və onların adından yazılanlardan incidiyimi bildirirəm. İnsanların Dövlət Departamentinin öz funksiyasını icra etmədiyini deməsi bir növ onları təhqir etməsi deməkdir.

Mənim nöqteyi-nəzərimdən Departament öz funksiyasını layiqincə yerinə yetirir. Bizim görmək istədiyimiz çox işlər varmı? Bəli, biz hələ çox işlər görmək istəyirik. Modernləşdirmə fəaliyyətində mənim yeganə məqsədim bu cür insanlara - bu peşəni öz karyerası olaraq seçmiş insanlara - kömək etməkdir, çünki mən də nə vaxtsa gedəcəyəm və digər siyasətçilər də gələcək və gedəcəklər – bəs onlara kömək etmək üçün mən nə edə bilərəm? Axı onlar öz ömürlərini bu peşəyə həsr etmək qərarını qəbul ediblər və onlara öz fəaliyyətlərini daha effektiv, daha səmərəli, maneəsiz və əziyyətsiz həyata keçirməyə imkan yaratmaq lazımdır. Mən bu baxımdan onların qarşısında duran çətinlikləri aradan qaldırmaq istəyirəm.

Ceyn Harman: Deyə bilərəm ki, sizin bu ismarışınız dünyanın müxtəlif yerlərində böyük əks-səda yaradacaq. Bir çoxları məhz bunu eşitmək istəyirdi. Sizin vaxtınız çox azdır. Ona görə də qısa olaraq auditoriyadan daxil olan üç sualı birləşdirmək istərdim. Nümayəndələr Palatasının üzvü Cerri Konolli ilə çalışan Molli Kol, əminəm ki, o, bizim xarici siyasət proqramının ad qazanmış ulduzlarından biridir, belə bir sual verir, “Sizcə dünyanın başqa yerlərində demokratiya və insan haqlarının müdafiəsini dəstəkləmək Dövlət Departamentinin missiyasının vacib hissəsidirmi?”. Bu birinci sual.

Bizim Kennan İnstitutuna - Corc Kenan bir zamanlar burada təhsil almışdır - rəhbərlik edən Mett Rojanski soruşur, “Sizcə Rusiya ilə münasibətdə tərəqqi harada mümkündür?”.

Nəhayət, sizin də görüşdüyünüz, bizim Qütb Təşəbbüsü layihəmizə rəhbərlik edən Mayk Sfraqa sual verir, “Arktikaya olan marağın və buradakı fəaliyyətin artdığını nəzərə alsaq, Arktika və Alyaska bölgəsi, Birləşmiş Ştatlar və onun şimal qütbündəki avropalı müttəfiqləri üçün strateji əhəmiyyət kəsb edirmi?”.

DÖVLƏT KATİBİ TİLLERSON: İnsan haqları və insan ləyaqəti kimi məsələlərə gəldikdə, əlbəttə ki, onlar böyük əhəmiyyət kəsb edir. Bu məqamların bizim xarici siyasətimizlə olan əlaqəsini qeyd edərkən mən bildirdim ki, bu dəyərlər daimidir və heç zaman dəyişmir. Xarici siyasəti, strategiyaları və yanaşmaları formalaşdırarkən siz prioritetləri müəyyən etməlisiniz və bu zaman insan haqlarının əhəmiyyətini azalda bilməzsiniz. O, sizinlədir, o, sizin qəbul etdiyiniz hər bir siyasi qərarın tərkib hissəsidir. Məsələ ondadır ki, siz buna necə təsir etmək istəyirsiniz? Əgər siz onun prioritet olduğunu müəyyən edirsinizsə, o zaman prioritetlər dəyişmir. Bu heç zaman dəyişə bilməz. Bu daimidir və bizim formalaşdırdığımız hər bir xarici siyasətin tərkib hissəsidir.

Lakin əgər siz İŞİD-in işğalı altında olan Suriya və İraq kimi ərazilərlə bağlı fəaliyyət göstərirsinizsə, burada ən vacib məsələ insanların həyatlarını xilas etməkdir. Bəs biz insanların qətlə yetirilməsinin qarşısını necə ala bilərik? Çünki son nəticədə insan haqqı həm də yaşamaq haqqıdır. Bu zaman yaşamaq haqqı birincidir. Əgər mən yaşaya bilsəm o zaman ailəmin qayğısına qala bilərəm, insan haqlarımın uğrunda mübarizə apara bilərəm, bəşəriyyət uğrunda mübarizə apara bilərəm, - lakin əgər hər gün məni qətlə yetirsələr, hər gün üstümə bombalar yağdırsalar, qazla zəhərləsələr bütün bunları edə bilmərəm – ona görə də burada bizim üçün əsas məsələ insanların həyatını xilas etmək idi. Biz ilk növbədə insanları xilas etmək istəyirik və əgər buna nail olsaq, bölgədə sabitlik yarada, insanların hüquqlarının və ləyaqətinin qorunduğu şəraiti qura bilərik.

Rusiya ilə bağlı, birgə əməkdaşlıq edə biləcəyimiz sahələr mövcuddur. Biz İŞİD-in məhv edilməsi istiqamətində Suriyada böyük əmək sərf edirik və İŞİD-in Suriyada birdəfəlik məhv edilməsinin astanasındayıq. Bizim hələ görəcəyimiz çox işlər vardır. Biz Rusiya ilə birlikdə vətəndaş müharibəsinin yenidən baş qaldırmasının qarşısını almaq istiqamətində çalışırıq və Suriyadakı sonluğun hansı formada baş tutması ilə bağlı Rusiyanın mövqeyi və bizim mövqeyimizlə əlaqədar çoxlu müzakirələr aparırıq, beləliklə, burada bir çox ortaq məqamlar vardır.

Taktiki olaraq sülh danışıqlarının baş tutması üçün bir-birimizlə sıx şəkildə əməkdaşlıq edirik. Uğurlarımız və uğursuzluqlarımız olur. Düşünürəm ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Vyetnamın Dananq şəhərində keçirilmiş toplantısında Prezident Tramp və Prezident Putinin verdiyi birgə bəyanat çox önəmlidir. Bu, Suriyadakı sülh prosesinin davam etdirilməsi ilə bağlı mövqelərin üst-üstə düşdüyünü göstərir və Rusiya tərəfinin bizimlə eyni mövqedə olduğunu bəyan etməsi çox vacibdir. Biz bu mövqedən istifadə edərək onu daha da inkişaf etdirəcəyik.

Hesab edirəm ki, terrorçuluğa qarşı mübarizədə digər sahələr də vardır. Rusiya, Mərkəzi Asiya bölgəsindən olan miqrasiyadan və Rusiya daxilində ola biləcək terrorçuluq fəaliyyətlərindən ehtiyat edir. Biz hesab edirik ki, terrorçuluğa qarşı mübarizə sahəsində Rusiya ilə böyük əməkdaşlıq imkanları mövcuddur. Əfqanıstanda da birlikdə əməkdaşlıq etmək imkanları ola bilər. Bu əməkdaşlığın hansı formada ola biləcəyini müəyyən etməmişik, lakin bu istiqamətə danışıqlar gedir.

Ukrayna ilə bağlı, mən ruslara da demişəm ki, biz Ukrayna məsələsini həll etməyincə ikitərəfli münasibətlərimiz əvvəlki normal vəziyyətinə qayıtmayacaqdır. Bu, daima mövcud olan bir maneə kimi qalır və biz bunu həll etməliyik. Ona görə də mən NATO-dakı keçmiş səfirimiz Kurt Volkeri xüsusi nümayəndə kimi təyin etmişəm və ona Putinin təyin etdiyi rusiyalı həmkarı ilə bu prosesi irəliyə doğru inkişaf etdirmək – Normand prosesini kənara qoymamaq, lakin ondan istifadə etməklə problemi ölü nöqtədən tərpətmək üzərində çalışmağı tapşırmışam. Bizim bir neçə substantiv müzakirələrimiz keçmişdir. Biz Ukraynada davam edən qətliamın – hər gün insanlar qətlə yetirilir, dinc əhali öldürülür – dayandırılması üçün sülhməramlıların yerləşdirilməsi imkanlarını nəzərdən keçiririk. Biz ilk növbədə bunu dayandırmaq və insanların həyatlarını xilas etmək və sonra isə prosesin üzərində işləmək istəyirik.

Beləliklə, Rusiya ilə əməkdaşlıq edə biləcəyimiz bir çox sahələr vardır və onların da bizimlə çalışmaq istədikləri bir sıra digər sahələr vardır. Biz yalnız onları həyata keçirməyin vaxtının yetişmədiyini düşünürük.

Arktika bölgəsi ilə bağlı olaraq, bu məsələ bu gün əhəmiyyət kəsb edir. Bu, xüsusilə də su yollarının açıldığını nəzərə alsaq gələcəkdə daha da önəmli olacaqdır. Deyə bilərəm ki, Birləşmiş Ştatlar geridədir. Biz, Arktikadakı bütün digər dövlətlərdən geridəyik. Onlar bununla bağlı çoxdan fəaliyyət göstərirlər. Onlar bizdən xeyli irəlidədirlər. Rusiyalılar bunu özlərinin strateji əhəmiyyətli məsələsi kimi müəyyən ediblər. Hətta çinlilər də buzqıran tankerlər hazırlayırlar. Bəs buzqıran gəmilər onların nəyinə lazımdır? Onlar ki, Arktika dövləti deyillər. Çünki onlar bu yolların dəyərini görürlər. Biz bu sahədə gecikmişik. Məncə bu gün işləyən yalnız bir buzqıran gəmimiz var. Sahil Mühafizə Xidməti onunla fəxr edir – (gülüş) – heç bir işə yaramayan.

Ceyn Harman: Bəli, elədir.

DÖVLƏT KATİBİ TİLLERSON: Bilirəm ki, büdcədə bizə pul ayrılıb

Ceyn Harman: Əlavə biri üçün.

DÖVLƏT KATİBİ TİLLERSON: Əlavə bir buzqıran gəmi hazırlamaq üçün. Bütövlükdə Arktika bölgəsi, Arktika kanallarının açılmasından sonra iqtisadi və ticarət baxımından baş verənləri nəzərə alsaq, eyni zamanda əlbəttə ki, təhlükəsizlik baxımından bu bölgə bizim maraqlarımız üçün böyük əhəmiyyət kəsb edir. Bizim fəaliyyətimiz, təkcə Arktika Şurası vasitəsilə deyil, eyni zamanda digər mexanizmlərdən istifadə etməklə Arktika ölkələri ilə beynəlxalq normalar, qaydaların müəyyən olunması baxımından vacibdir, çünki bu məsələlərə əvvəllər diqqət yetirilməyib, lakin onlar çox vacibdir.

Ceyn Harman: Beləliklə, vaxt tamam oldu. Sizdən görüşümüzün yekunu olaraq hansı düşüncələrin yadda qalmasını istədiyinizi soruşmaq istəyirdim, lakin sizi dinlədikdən sonra bu sualın cavabının hələ ki, müəyyən olub-olmadığını bilmirəm. Siz dünyanın müxtəlif yerlərinə səfərlər edirsiniz, siz çətin məsələlərin həlli üzərində çalışırsınız. Növbəti həftə Avropaya yola düşəcəksiniz. Geri qayıdıb bu gün verə bilmədiyimiz sualları cavablandırmalı olacaqsınız. Razısınızmı?

DÖVLƏT KATİBİ TİLLERSON: Bəli, mən geri qayıdacağam.

XS
SM
MD
LG