Accessibility links

Hafiz Həsənov: Dövlət rüsumu fantastik dərəcədə artırılır


Huqüq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Amerikanın Səsinə müsahibəsində Mülki Prossesual Məcəlləyə və digər qanunvericilik aktlarına edilən çoxsaylı yeni dəyişikliklər və məhkəmə sistemindəki problemlərdən danışıb.

Hafiz Həsənov: Dövlət rüsumu fantastik dərəcədə artırılır
please wait

No media source currently available

0:00 0:12:59 0:00


Amerikanın Səsi: Milli Məclis “Mülki Prossesual Məcəllə”yə yeni çoxsaylı dəyişikliklər edib. Bu dəyişikliklər nələri əhatə edir?

Burada 30 manatdan hətta 50 min manatadək dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Hafiz Həsənov: Bu dəyişiklikləri aşağıdakı qruplara bölmək olar. Yəni dəyişikliklərin sayı xeyli dərəcədə çoxdur. Əsas dəyişiklikləri aşağıdakı kimi qruplaşdırmaq olar. Bunlardan birincisi, yazılı icraat qaydasında işlərə baxılmasının dairəsi genişləndirilib. İndi, hazırda qüvvədə olan Mülki Prossesual Məcəllədə bu dairə çox dar idi. Yazılı icraat qaydasında işlərə baxılması o deməkdir ki, məhkəmə tərəfləri məhkəmə prosesinə çağırmadan, şifahi məhkəmə prossesi keçirilmədən tərəflərin yazılı izahatı əsasında məhkəmə tərəfindən qərar qəbul olunur. Yəni, belə deyək, qiyabi şəkildə hər tərəf öz mülahizələrini təqdim edir, hakim özünün hüquq düşüncəsi əsasında qərarlar qəbul edir. Bu dairə xeyli genişləndirilib. Mən deyərdim ki, Ali Məhkəmədəki bütün proseslər yazılı icraat qaydasında həyata keçiriləcək. Bu, kassasiya şikayətlərinə baxılması məsələlərində, əlavə kassasiya şikayətinə baxılmasında, yeni açılmış hallar üzrə işlərə baxılmasında, insan hüquq və azadlıqlarının pozulması kontekstində yeni hallar üzrə işlərə baxılmasında, Ali Məhkəmənin Plenumunda baxılacaq işlərdə, bütün proseslərin hamısında tətbiq olunacaq. Eyni zamanda, hazırda tutaq ki, məhkəmə qərardadları, onlardan verilən şikayətlər şifahi məhkəmə dinləməsi əsasında keçirilirsə, bu qanun qüvvəyə minəndən sonra yazılı icraat qaydasında həyata keçiriləcək. Bir sıra başqa məsələlər də var ki, bunlar da yazılı icraat qaydasında həyata keçiriləcək. İkinci bir məsələ, dövlət rüsumunun dairəsi genişləndirilir. Yəni, indiyədək müəyyən olunmuş dairə o qədər də geniş deyildi. İndiki halda müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı, bir sıra başqa məsələlər var ki, məsələn, xüsusi icraat qaydasında işlərlə bağlı, daha bir sıra başqa məsələlər üzrə də məhkəmə qərardadları üzrə indiyədək dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmurdu. Yəni dövlət rüsumu ödəniləcək məhkəmə işləri, məhkəmə iddiaları, məhkəmə şikayətlərinin dairəsi genişləndirilib. Yeri gəlmişkən, onu da qeyd edim ki, indiki halda bu qanunla paralel “Dövlət rüsumu haqqında” qanuna da dəyişikliklər edilib. Bu dəyişikliklərin mahiyyəti dövlət rüsumunun fantastik dərəcədə artırılmasına gətirib çıxaracaq. Mən xüsusi qeyd edim ki, burada 30 manatdan hətta 50 min manatadək dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Bu da kifayət qədər yüksək məbləğdir. Başqa məqamlar da var. Məsələn, məhkəmə prosesinin video-konfrans vasitəsi ilə keçirilməsi də qanunda əksini tapıb. Pandemiya dövründə bir sıra hallarda məhkəmələrə bu hüquq verilmişdi. İndi qanunvericilikdə konkret olaraq bu hallar müəyyən edilib. Mülki Prossesual Məcəlləyə dəyişikliklərdən biri də təbii fəlakətlər, şəxsin qapalı müəssisələrdə saxlanılması, həbsdə saxlanılan şəxslərin üzürlü səbəbdən məhkəmələrə gələ bilməməməsi, fövqəladə vəziyyət hallarında, xüsusi hərbi vəziyyət rejimi dövründə insanlar video-konfrans vasitəsi ilə məhkəmələrdə iştirak edəcək. Müddətlərlə bağlı da müəyyən məsələlər var. Bir sıra hallarda müddətlər məhkəmələrin xeyrinə dəyişdirilib. Yəni məhkəmə müddətləri indiki halda, məsələn, birinci instansiya məhkəməsində işlərə üç ay müddətində baxılırdısa, indi ağılabatan müddətdə baxılacaq, yəni məhkəmə bir həftə ərzində də, dörd ay müddətində də işə baxa bilər. Burada ayrı-ayrı işlər üzrə də məhkəmədə baxışın müddəti nəzərdə tutulub. İşə bərpa, alimentin ödənilməsi ilə bağlı məslələrə iki ay nəzərdə tutulub. İpoteka ilə bağlı məsələlərdə üç ay nəzərdə tutulub. Digər məslələrlə bağlı ən geci dörd ay nəzərdə tutulub. Hansı ki, bu dörd aylıq müddət hazırda 3 ay nəzərdə tutulub. Hətta, məhkəmələrə imkan verilir ki, bu müddətləri daha iki ay artırsınlar. Başqa dəyişikliklər də var.

Amerikanın Səsi: Yeni dəyişklikləri bir qism hüquqşünaslar vəkillərə təzyiq, digər qism hüquqşünaslar məhkəmə sistemində islahat sayır. Fikrinizcə, yeni dəyişkliklər bu yanaşmaların hansını özündə ehtiva edir?

Bəs, vətəndaşların mənafeləri, hüquqları nə qədər təmin olunur? Dəyişkliklər bu suala müsbət cavab vermir.

Hafiz Həsənov: Mən hüquqi olaraq məsələləri bu cür qiymətləndirərdim ki, bu dəyişkliklər prezidentin 3 aprel 2019-cu il fərmanına uyğun olaraq məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi kimi təqdim olunur. Ancaq mən deyim ki, bu məsələni birmənalı olaraq qiymətləndirmək olmur. Burada işlər daha çox məhkəmələrin, hakimlərin xeyrinə həll olunur. Məhkəmə proseslərinin tezliyi baxımından, məhkəmənin iş yükünün azaldılması baxımından. Ancaq bu tip yanaşmalar var. Məsələnin digər tərəfi var. Digər tərəf vətəndaşlardır. Bəs, vətəndaşların mənafeləri, hüquqları nə qədər təmin olunur? Dəyişkliklər bu suala müsbət cavab vermir. Hüquqşünasların bu gün daha çox hallandırdığı məsələ ondan ibarətdir ki, yeni dəyişikliklərin bir qismi ondan ibarətdir ki, əgər, məhkəmə prosesini uzatmaq məqsədi ilə, tutaq ki, prosesi ləngirmək üçün hər hansı şikayətlərin verilməsi, yaxud da əsassız vəsatətlər və şikayətlərin verilməsi ilə bağlı indi məsuliyyət yoxdur. Ancaq bundan sonra 500 manatadək tərəfləri (iddiaçı, cavabdeh, onların nümayəndəsi, vəkillər, hüquqşünaslar) cərimə etmək nəzərdə tutulur. Həmçinin məhkəmənin işinə maneçilik törətmək, məhkəmə qaydasını kobudcasına pozmağa görə indiyədək 55 manat cərimə nəzərdə tutulurdusa, bu da 500 manatadək artırılıb. Yəni, tərəflərdə əsas problem yaradan odur ki, məhkəmə prosesində çoxlu sayda vəsatətlərin verilməsinə ehtiyac yaranırdı. Təbii ki, işə mahiyyət üzrə baxılmadığından müxtəlif mərhələlər üzrə məhkəmə qərardadları qəbul olunurdu. Ona görə vəkillər də, tərəflər də vəsatətlər, şikayətlər verirdi. İndi bunu hakim müəyyən edəcək ki, hansı vəsatət əsaslıdır, hansı vəsatət əsassızdır. Cərimənin tətbiqinin hakimin üzərinə qoyulması çəkişmə prosesinə mənfi təsir edəcək hallar yaradacaq. Bu da sanki vəkilləri bəri başdan qorxutma kimidir ki, vəsatətlər verməyin, vəsatətlər olmasın, iş mahiyyəti üzrə araşdırılmasın, təbii ki, bu məsələlər istisna olunmur.

Amerikanın Səsi: Yeni dəyişklikləri məhkəmə sistemində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin daha təsirli təminatı sahəsində yeni mütərəqqi addım saymaq olarmı?

Bu dəyişikliklər mahiyyətcə insanların məhkəməyə etimadını yüksəltmir.

Hafiz Həsənov: Bu gün, Mülki Prossesual, İnzibati Prossesual Məcəllələrinə, "Dövlət rüsumu haqqında" qanuna, ümumiyyətlə prossesual qanunvericiliyə edilən dəyişikliklərin müəyyən hissəsini pozitiv mənada qiymətləndirmək olar. O mənadakı proseslərin tezliyinin təmin olunması, məhkəmə prosesinin sürətlə aparılması, məhkəmənin iş yükünün azaldılması baxımından pozitivdir. Onu da qeyd edim ki, bu dəyişikliklər mahiyyətcə insanların məhkəməyə etimadını yüksəltmir. Bu o zaman effektiv olardı ki, insanların məhkəməyə etimadı böyük olsun, inamı çox olsun, məhkəmələrin müstəqilliyi, qanunun aliliyi təmin olunsun. İndiki halda bu prinsiplər real olaraq təmin olunmadan dəyişikliklərin müsbət dəyişikliklərə gətirib çıxaracağını hesab etmirəm.

Amerikanın Səsi: Yeni dəyişkliklərin hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə, yəni icra orqanlarının müdaxiləsi və digər neqativ halların aradan qaldırılmasına hansı təsirləri ola bilər? Eyni zamanda, yeni dəyişiklikləri məhkəmə sistemində korrupsiyanın, rüşvətin qarşısının alınması sahəsində irəliləyiş hesab etmək olarmı?

Məhkəmə müstəqil deyilsə, mən vəkil olaraq nə qədər inana bilərəm ki, Ali Məhkəmədə mənim erdiyim kassasiya şikayətinə mənsiz baxılanda məhkəmə digər tərəflə qeyri profesional münasibətlərdə olmayacaq.

Hafiz Həsənov: Bu dəyişikliyə məhkəmələrin müstəqilliyi, qanunun aliliyi, tərəflərin bərabərliyi, real çəkişmə prinsiplərinin aparılması, məhkəmələrin fəaliyyətinə kənar müdaxilələrin olmaması kontekstindən, məhkəmələrdə, siz dediyiniz, korrupsiya hallarının hazırda da mövcud olduğu prosesdə, yəni hakimlərin müstəqilliyinə, deyilən məsələlərin gələcəkdə həll olunmasına ümidləri o qədər də artırmır. Güman olunur ki, bu sahədə vəziyyəti dəyişməyəcək. Əslinə qalsa məhkəmələrin müstəqilliyinin təmin edilməsi, hamının qanun qarşısında bərabər olması üçün hər kəsin bərabər məsuliyyəti, bərabər hüququnun olması təmin edilməlidir. Bir də məhkəmə hakimiyyətinin icra strukturlarından çıxarılması vacibdir. Məhkəmələrin real olaraq sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində tədbirlər həyata keçirilməlidir. Məhkəmələrin müstəqil, asılı olmayan həyat səviyyəsini təmin edəcək əmək haqqı və digər sosial təminatlar olmalıdır. Bundan sonra təbii hakimlərin qanun qarşısında bərabərliyi məsələsi olmalıdır. Hazırda bunlar mövcud olmadığından, bu məsələlərin, yəni gələcəkdə məhkəmələrdə asılılıq olmayacağına, korrupsiya olmayacağına inanmaq çətindir. Əgər bu gün məhkəmə müstəqil deyilsə, mən vəkil olaraq nə qədər inana bilərəm ki, Ali Məhkəmədə mənim verdiyim kassasiya şikayətinə mənsiz baxılanda məhkəmə digər tərəflə qeyri-profesional münasibətlərdə olmayacaq, rüşvət amili olmayacaq. Bax, buna təminat yoxdur. Ümumilikdə bu dəyişikliklər onda effektiv olardı ki, əvvəl məhkəmələrə etimad yaranardı, sonrakı mərhələdə təbii ki, qanunvericiliyə bu cür dərin və çoxsaylı dəyişikliklər aparılardı.

Amerikanın Səsi: Bu dəyişikliklərdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin sayı azalacaq, yoxsa çoxalacaq?

Təəssüf doğuran budur ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı təqdim olunan bu dəyişikliklər geniş ictimai müzakirələr aparılmadan, hüquq camiəsinin iştirakı olmadan, vəkillərin geniş formada iştirakı olmadan, insanların rəyi öyrənilmədən tələsik, ardıcıl olaraq Milli Məclisin üç iclasında tez qəbul olundu.

Hafiz Həsənov: O halda Avropa Məhkəməsinə verilən şikayətlərin sayı azalardı ki, müstəqil məhkəmələr olardı, siyasi sifarişli məhkəmələr olmayaydı, hamıya eyni münasibət göstəriləydi, məhkəmə icra hakimiyyətindən asılı olmayaydı. Yəni, bu dəyişikliklər Avropa Məhkəməsinə müraciətləri aradan qaldırmayacaq. Əslində məhkəmələrin ədalətliliyini, həqiqi məhkəmə hakimiyyətinin formalaşmasını daha geniş, daha dərin islahatlarda axtarmaq lazımdır. Real məhkəmə hakimiyyəti yaranmalıdır ki, bundan sonra şikayətlər olmasın. Mən güman etmirəm ki, yeni dəyişikliklər şikayətlərin sayını azaldacaq. Avropa Məhkəməsinə göndərilən şikayətlərin çoxu siyasi xarakterli işlərdəndir. Siyasi hüquqların, fundamental insan hüquqlarının pozulması ilə bağlı işlərdir. Bu gün insan hüquqlarının təmin olunması ilə bağlı mövcud vəziyyət dəyişmədiyindən, cəmiyyətdə yaxşılığa doğru mesajlar olmadığı halda güman etmirəm ki, Avropa Məhkəməsinə şikayətlər azalacaq. Bir məqamı da xüsusi qeyd edim ki, idniyədək Mülki Prossesual Məcəlləyə, digər qanunvericilik aktlarına bu sayda dəyişikliklər olmamışdı. Ancaq həm də təəssüf doğuran budur ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı təqdim olunan bu dəyişikliklər geniş ictimai müzakirələr aparılmadan, hüquq camiəsinin iştirakı olmadan, vəkillərin geniş formada iştirakı olmadan, insanların rəyi öyrənilmədən tələsik, ardıcıl olaraq Milli Məclisin üç iclasında tez qəbul olundu. Ancaq təbii ki, bu, geniş ictimai müzakirə tələb edən bir qanun idi. Məsələnin mənfi tərəfləri həm də bu cür xarakterizə oluna bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG