Accessibility links

Hakim: “Mənim gücüm buna çatdı”


Məhkəmə
Məhkəmə

Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsində Toğrul Hacıyevin inzibati həbsindən şikayətinə baxılıb. O, dekabrın 11-də Qarabağ münaqişəsində həlak olan Azərbaycan vətəndaşlarının ailə üzvlərinin etiraz aksiyası zamanı saxlanılıb.

Turan agentliyinin məlumatına görə, Toğrul Qocayev polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

O, məhkəmədə deyib ki, qanun pozuntusuna yol verməyib, sadəcə, digər aksiya iştirakçıları ilə birlikdə prezidentin sərəncamı ilə onlar üçün müəyyən edilmiş kompensasiyanın ödənilməsini tələb edib.

“Mən müqavimət göstərməmişəm, mülki geyimli şəxslər hər hansı açıqlama vermədən məni saxlayıb”, Qocayev məhkəmədə deyib.

Bununla belə, hakim Əmir Bayramov Toğrul Qocayevə iradını bildirib.

"Atan canını ona görə fəda eləməyib ki, sən gedib kimlərəsə qoşulasan", hakim deyib.

Sonra hakim əlavə edib ki, dövlət orqanlarına müraciət edibsə, cavabı gözləmək lazım idi.

Toğrul Qocayev hakimə bildirib ki, 16 oktyabrda rəsmi ququmlara yazdıqları ərizəyə hələ də cavab almayıblar.

Sonda hakim yüngülləşdirici halları nəzərə alaraq Qocayevin həbs müddətinin 30 sutkadan 15 sutkaya endirilməsi barədə qərar qəbul edib

Qocayevin anası hakimə oğlunun himayəsində iki azyaşlı uşağı olduğunu söyləyərək onun azadlığa buraxılmasını xahiş edib.

Hakimin cavabı belə olub: "Mənim gücüm ancaq buna çatdı".

2018-ci ilin yazında prezident İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların və itkin düşənlərin ailələrinə 11 min manat məbləğində birdəfəlik kompensasiyanın verilməsi barədə sərəncam imzalayıb.

Kompensasiyaların verilməsinə oktyabrın 9-dan başlanılıb. Lakin bir çox ailələrə kompensasiya ödənilməyib. Rəsmi qurumların iddialarına görə, həmin ailələr əvvəllər bu vəsaiti alıb. Narazı vətəndaşlara məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Lakin məhkəməyə müraciət etmək üçün mərhumun ailəsi dövlət orqanlarından rəsmi imtina almalıdır. Narazı ailə üzvləri rəsmi qurumlardan imtina sənədi ala bilmədiklərini bildirir.

"Azərsığorta" Dövlət Şirkəti bildirib ki, 1990-cı illərdə hərbçilərin icbari sığortası haqqında qanun çərçivəsində bəzi ailələrə kompensasiya ödənilib. O zaman kompensasiyanın məbləği denominasiya edilməmiş 50000-200000 manat edirdi ki, bu, indiki 10-40 manata bərabərdir.

Qarabağ münaqişəsi zamanı 1994-cü ilin mayında imzalanmış atəşkəs razılaşmasına qədər 12 min nəfərə yaxın Azərbaycan hərbçisi həlak olub, 5 minə yaxın insan itkin düşüb.

XS
SM
MD
LG