Accessibility links

Harvi qasırğası nəticəsində azı iki nəfər həyatını itirib


Texasın cənub-şərq bölgəsində həftə sonu sellər və tornadolarla müşayiət olan Harvi tropik qasırğası nəticəsində azı iki nəfərin öldüyü bildirilir.

Həyatını itirən ikinci şəxs Hyuston şəhərinin qərb hissəsində sel zamanı avtomobilindən çıxmağa cəhd göstərmiş qadın olub. Cümə günü gecə Korpus Kristi şəhərindən 48 kilometr şimalda yerləşən Roport şəhərində evdə yanğın nəticəsində kimliyi müəyyən edilməmiş bir nəfər həyatın itirib.

Harvi qasırğası Texas ştatının cənubuna indiyə qədər görünməmiş güclü yağışlar gətirib. Hyuston şəhərinin polisi sakinlərə “fəlakətli, indiyə kimi görünməmiş, həyat üçün təhlükəli sellər”lə bağlı xəbərdarlıq edib.

Milli Hava Xidməti Hyustonda “fəlakətli dərəcədə” sellərlə bağlı xəbərdarlıq edərək, vəziyyətin gələn həftəyə qədər davam edəcəyini bildirib.

Milli Hava Xidməti Hyuston şəhərində cümə günü azı yeddi tornadonun baş verdiyini təsdiq edib.

Amerikanın Səsinin Hyustondakı müxbri Sesila Mendosanın verdiyi məlumata görə, şəhərdə hər yer bağlıdır. “İnsanlar onlara nə olacağı, onların evlərinə nə olacağından narahatdır”, o bildirib.

Təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə yanaşı, Korpus Kristi və Hyuston arasında ərazidə azı 14 nəfərin xəsarət aldığı bildirilir. Texas rəsmiləri hadisə qurbanlarının sayının bundan daha artıq ola biləcəyindən ehtiyat edir.

ABŞ prezidenti Donald Tramp bazar günü Tvitter səhifəsində mesajında yazıb ki, bir sıra agentliklər arasında “əla koordinasiya “ nəticəsində minlərlə insanın həyatını xilas etmək mümkün olub.

XS
SM
MD
LG