Accessibility links

Hindistan COVID-19-a yoluxmalara görə dünyada ikinci yerdədir


Son bir həftədə təxminən yarım milyon yeni yoluxma halının qeydə alındığı Hindistan COVID-19 xəstələrinin sayına görə dünyada ikinci yerdədir.

Hindistan səhiyyə orqanları bazar ertəsi ölkəndə koronavirusa yoluxanların sayının 4.2 milyonu keçərək, Braziliyanı arxada qoyduğunu və slyahıda ABŞ-dan sonra olduğunu bildirib.

“Dalğanın qarşısını almaq mümkün deyil. Püskürtü olacaqdı və bu hələ sona çatmayıb” - deyə, tanınmış virusoloq, Vellorda Xristian Tibb Kollecinin keçmiş professoru Ceykob Con xəbərdarlıq edib. O, 1,3 milyard əhalisi və şəhərlərdə insanların sıx yaşadığı ölkədə yoluxma hallarının bir müddət artmaqda davam edəcəyini deyib.

Hindistanda gündəlik yeni yoluxma hallarının sayı son günlər dünyada ən yüksək səviyyədədir. Təkcə bazar ertəsi 90 mindən çox yoluxma halının qeydə alındığı bildirilib.

Rəsmilər paytaxt Dehli də daxil olmaqla, bir neçə şəhərində ölkənin zəifləmiş iqtisadiyyatını canlandırmağa çalışaraq, beş aydan çox sürən fasilədən sonra bu həftə metro xidmətlərini bərpa edib.

Lakin durmadan artan yoluxma hallarına görə insanlar narahatlıq keçirir və rəsmilərin bir sıra yeni təhlükəsizlik protokollarını elan etmələrinə baxmayaraq, sərnişinlər bazar ertəsi Dehlinin bir vaxtlar sıx olduğu metro qatarlarına minməyə cəsarət etməyib.

Dehli metrosu əvvəllər gündə təxminən 2,6 milyon adam daşıyırdı. Bazar ertəsi metro qismən işləyib. Lakin rəsmilər həftənin sonuna qədər metro sisteminin tam işləyəcəyinə ümid edir.

Hindistan İqtisadiyyatı Monitorinq Mərkəzinin hesablamalarına görə, mart ayının sonunda sərt məhdudiyyətlər tətbiq ediləndən bəri rəsmi olaraq Hindistan iqtisadiyyatda 19 milyon iş yeri itirilib. İqtisadçıların bildirdiyinə görə, gənclərin daha çox zərər görməsi narahatlıq doğurur. Beynəlxalq Əmək Təşkilatının hesabatına əsasən, Hindistanda 30 yaşına qədər əhali arasında 4 milyondan çox insan işini itirib.

XS
SM
MD
LG