Honq Konqda demokratik islahatlar tələbi ilə keçirilən nümayişlərin təşkilatçıları bir aydır davam edən etiraz aksiyalarında növbəti addımın nə olacağı ilə bağlı səsverməni təxirə salıb. Səsverməyə bir neçə saat qalmış aksiya iştirakçıları arasında mübahisə yaranıb.
Çərşənbə axşamı tərəflər arasında keçirilən görüşün nəticəsi olaraq Honq Konq rəsmiləri Çin rəsmi orqanlarına 2017-ci ildə keçiriləcək seçkilərdə Pekinin əvvəlcədən təsdiq etdiyi namizədlər barədə qərarına qarşı məktub göndərəcəklərini təklif edib.
Hökumət rəsmiləri həmçinin demokratik islahatlar və şəhərin əsas küçələrində etiraz aksiyalarına son qoyulması barədə nümayişçilərlə mütəmadi dialoqların keçirilməsini də təklif edib.
Nümayişçilərin liderlərindən bəziləri təklifi yetərsiz adlandıraraq rədd etsə də digər liderlər bildirib ki, referendum etirazçıların istəyini biruzə verəcək ən yaxşı vasitə ola bilərdi.
Səsvermənin nə zaman keçiriləcəyi barədə hələlik heç bir açıqlama verilməyib.