Accessibility links

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan işlər narazılıqlara yol açıb


Sosial şəbəkə iştirakçılarının tənqidlərinə qoruq idarəsi cavab verib

Sosial şəbəkələrdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində abidələrə zərər vurulması ilə bağlı çoxsaylı məlumatlar yayılıb və hökumətin fəaliyyəti tənqid edilir. Facebook istifadəçiləri qoruq ərazisində restoranların qurulması ilə bağlı video və fotolar da yayıb.

Mehman Hüseynov: Tariximizi məhv edirlər

Mehman Hüseynov Qala divarları qarşısında (Foto Mehman hüseynovun facebook səhifəsindəndir)
Mehman Hüseynov Qala divarları qarşısında (Foto Mehman hüseynovun facebook səhifəsindəndir)

Bloger Mehman Hüseynov yazır ki, tariximizi özümüzkülər açıq-aydın məhv edir.

“Biz də gözümüzü yumub, ağzımızı bağlayıb sakitçə kənardan tamaşa edirik. Nə ərəblər, nə farslar, nə ruslar Bakıya qarşı belə vəhşilik etmədi. Biz də deyirik Qarabağ? A kişi burdan-bura gözümüzün qarşısında Bakımız əldən gedir. Balaca bir yeri qoruyub saxlıya bilmirik,” bloger qeyd edib.

O, İşərişəhərdə qala divarının uçurulmuş halda və təmir aparılan tikinti meydançasının fotolarını yayıb. Amma fotoların 2012-ci ilə aid olduğu məlum olub. Çünki o zaman ərazidə otel tikilərkən qala divarının sökülməsi ictimai narazılıqla müşahidə olunmuşdu.

Aslan İsmayılov: İçərişəhərin böyük bir kababxanaya çevrilməsinə yol verməməliyik

Hüquqşünas Aslan İsmayılov qoruq ərazisində restoranların yenidən qurulmasını əks etdirən video yayıb.

"“#QalaDivarları boyunca piyadalar üçün nəzərdə tutulmuş səkilər kafe-restoranlardan azad olunmalıdır. Tarixi irsimizi kimlərinsə tamahlarına qurban verib İçərişəhəri böyük bir kababxanaya çevrilməsinə yol verməməliyik,” İsmayılov yazıb.

Zaur Əliyev: Bu daş yazı haradadır?

zair Əliyev
zair Əliyev

Tarixçi alim Zaur Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Əsgər Ələkbərova ünvanladığı məktubunda bildirir ki, İçərişəhərdə dağıdılan abidələr barədə çoxsaylı faktlar yazmaq olar.

“Rus ordusunun generalın ölümündən sonra Bakını işğal etməsi zamanı yeraltı yolla şəhərdən dəniz kənarına qaçan və ordan da gəmi ilə Qacar dövlətinə gedən Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdır: "Sabahını düşünən insan heç vaxt igid ola bilməz" Bu daş yazı hardadır, cənab Əsgər müəllim?” alim sual edir.

Alim İşərişəhər-dəki yeraltı yollardan da yazır.

İçərişəhərdə yeraltı yol
İçərişəhərdə yeraltı yol

“Şirvanşahlar sarayının qarşısında sağ tərəfdə bağça var ki, onun altında 8 metr dərinliyində evlər, küçələr mövcuddur. Amma indi orada bağ salmısız, yanlarında isə restoran və səfirliklər....Dayanacaq da salmısız orada. Çox yerlər var ki, sizə alimlər də deyə bilərlər. Amma nə faydası var, artıq o yolların çoxu yoxdur. Zamanla Sizə məhv etdiyiniz İçərişəhər barədə faktlar yazacam. Ən azından öyrənin, görün nəyi dağıdırsız,” Zaur Əliyev məktubunda qeyd edir.

Siyasi partiya rəhəbləri də qoruq ərazisinsə aparılan işlərə tənqidi münasibət bildirib.

İlqar Məmmədov: Gah bu divara, gah o divara görə ağlamayın​

İlqar Məmmədov
İlqar Məmmədov

REAL Partiyasının sədri İlqar Məmmədov yazıb ki, bu halların qarşısının alınması üçün Bakı meri seçki yolu ilə seçilməlidir.

“Gah bu divara, gah o divara görə ağlamayın. Müalicəsini demişik: Bakıya seçkili mer lazımdır. Şəhərin rəhbərini özünüz seçin. Bu haqda 40 min nəfərin imzaladığı qanun layihəmiz Milli Məclisdədir. Deputatınıza zəng edin, deyin ki, ay deputat, niyə qəbul etmirsən. Dinləməyəcəklər, əlbəttə. Onda 18 aydan sonra REAL`a səs verin, biz qəbul edərik,” siyasi lider qeyd edib.

Əli Kərimli: Xalqımızın tarixi-mədəni irsilə düşmənçilikmi?

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli qoruq ərazisinin restoranlara verilməsini “acgözlük” adlandırıb.

“Nədir bunun adı? Mədəniyyətsizlikmi? Acgözlükmü? Nəfsin əsiri olmaqmı? Xalqımızın tarixi-mədəni irsilə düşmənçilikmi? Vicdansızlıqmı? Bəlkə hamısı bir yerdə?”, o qeyd edib.

Arif Hacılı: İçərişəhər heç kəsin ata mülkü deyil

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Notr-Dam Paris üçün nədirsə Qız Qalası, İçərişəhər Bakı üçün odur.

“Notr-Dam kilsəsinin bərpası üçün könüllülər artıq 1.mld. 200 milyon avro vəsait toplayıb. Bakıda isə hakim zümrə öz restoran biznesini genişləndirmək məqsədi ilə İçərişhəri bərbad vəziyyətə salır. İçərişəhər də, Bakı da, bütün Azərbaycan da heç kəsin ata mülkü deyil. Azərbaycan hamımızındır. Mən də bilirəm, hər kəs də bilir ki, indi İçərişəhərdə belə tikintiyə icazə vermək Eldar Əzizov səviyyəsində olan məsələ deyil. Amma istənilən halda buna görə əsas məsuliyyət daşıyan vəzifəli şəxs Baki İcra Hakimiyyətinin başçısıdır. İlk növbədə Eldar Əzizov bütün ölkədə böyük əks-səda doğurmuş və narazılıqla qarşılanmış bu hadisə ilə bağlı xalq qarşısında hesabat verməli, dağıntıları dərhal durdurmalı, ya da istefaya getməlidir”, Hacılı qeyd edib.

Qoruq İdarəsi: Fotogörüntülər həqiqətlə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) sosial şəbəkələrdə yer alan iddialara belə münasibət bildirib.

“Dünən paylaşılan fotogörüntülər yenidən həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir. İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilmişdir. Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdir.

“İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirmiş və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görmüşdür. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanmışdır. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz,” “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bəyanatında deyilir.

"İşərişəhər" barədə tarixi məlumat

İşərişəhər -qala divarı
İşərişəhər -qala divarı

Bakının qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 kvadrat metrsahəyə malikdir.

Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, artıq VIII-IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşıb, burada sənətkarlıq və ticarət inkişaf edib. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlayıb.1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub. 1806-cı ildə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlayıb, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlayıb.

İçərişəhərdə yerləşən memarlıq abidələri Qız Qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilir. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri - məscidlər, karvansaraylar, hamamlar, yaşayış evləri - yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya İrsi Siyahısına daxil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG