Accessibility links

İlham Hüseyn: Hakimiyyət xalqın kütləvi etirazından qorxur


İlham Hüseyn: Hakimiyyət xalqın kütləvi etirazından qorxur
please wait

No media source currently available

0:00 0:05:06 0:00

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Amerikanın Səsinə müsahibəsində toplaşmaq azadlığı ilə bağlı durumdan danışıb.

Amerikanın Səsi: Azərbaycan hökuməti toplaşmaq azadlığı ilə bağlı öhdəliklərini tam yerinə yetirdiyini bildirir. Siz müxalifət partiyasının fəalı kimi necə düşünürsünüz?

Bu ilin 19 yanvarından sonra bu məsələ ümumuyyətlə aradan qalxdı. Biz Milli Şura olaraq 8 mitinq müraciəti etdik. Amma, bu mitinq müraciətlərinin heç birinə müsbət cavab verilmədi.

İlham Hüseyn: Əvvəla ondan başlayım ki, biz razılaşdırılmış mitinqlər keçirəndə də şüarlarımızın içərisində sərbəst toplaşmaq azadlığı olurdu. Yəni mitinqlərə razılıq verilsə də, biz bunu heç vaxt sərbəst toplaşmaq azadlığının təmin olunması kimi qiymətləndirmirdik. Çünki həmişə istənilən yerdə, istənilən vaxtda mitinqə razılıq vermirdilər. Bundan əlavə, mitinqə razılıq verilsə də onlarla partiya fəalı həbs olunurdu. Mitinqə gələnlərə müxtəlif əngəllər yaradılırdı. Ona görə, biz buna həmişə etirazımızı bildiririk, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur. İnsanların sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. Bu ilin 19 yanvarından sonra bu məsələ ümumuyyətlə aradan qalxdı. Biz Milli Şura olaraq 8 mitinq müraciəti etdik. Amma bu mitinq müraciətlərinin heç birinə müsbət cavab verilmədi. Nəyə görə razılıq verilmədi? Əsaslandıra bilmədilər. Məsələn, əsaslandırmaları bu oldu ki, guya biz həmin mitinqdən sonra guya şüşələri qırmışıq, orada sakinlərin rahatlığını pozmuşuq. Amma fakt odur ki, həmin mitinqdən sonra Bakı Şəhər İcra Hakimiyyəti və Respublika prokurorluğu birgə bəyanat yaydı və bildirdilər ki, mitinq normal keçib. Sonradan baş verən siyasi sifarişlə başqa bir qətnamə ortaya çıxıb. O nöqteyi-nəzərdən biz Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmadığını sübut etdik.

Amerikanın Səsi: Bəs hökumətin toplaşmaq azadlığı ilə bağlı konstitusiya öhdəliklərini yerinə yetirməməsinin səbəbləri nədir?

Doğurdanda xalq-hakimiyyət birliyi varsa, doğurdan da seçkilərdə 80-90% hakimiyyətin namizədi qalib gəlirsə, doğurdan da sorğularda bütün xalq xoşbəxtdir və bu hakimiyyətə alternativ görmürsə ,o zaman məntiqlə, müxalifətin mitinq keçirməsinə razılıq verilməli idi.


İlham Hüseyn: Mitinqlərə razılıq verilməməsi əslində hakimiyyətin bu günə qədər apardığı təbliğatla daban-dabana ziddir. Özlərini təkzib etməklə məşğuldurlar. Doğurdanda xalq-hakimiyyət birliyi varsa, doğurdan da seçkilərdə 80-90% hakimiyyətin namizədi qalib gəlirsə, doğurdan da sorğularda bütün xalq xoşbəxtdir və bu hakimiyyətə alternativ görmürsə ,o zaman məntiqlə, müxalifətin mitinq keçirməsinə razılıq verilməli idi. Və yaxud bir partiyanın 750 min üzvü varsa, o, guya sözdə saymadıqları, müxalifət kimi qəbul etmədikləri qüvvənin varlığından narahat olmamalı idilər. Amma bunu bütün ölkə də, dünya ictimaiyyəti də açıq-aydın görür ki, Azərbaycan hakimiyyəti əslində bilir ki, Azərbaycan xalqında ciddi narazılıq var. Xalqla hakimiyyət arasında böyük uçurum var. Azərbaycanda sosial-iqtisadi vəziyyəti, insanların həyat şəraitini bərbad vəziyyətə salıbdır. Buna görə də Azərbaycan hakimiyyəti xalqın kütləvi etirazından qorxur. Buna görə də sərbəst toplaşmaq azadlığına imkan vermir.

Amerikanın Səsi: Müxalifət kütləvi aksiyalarında daha çox hansı problemləri hökumətin qarşısında qaldırmağı planlaşdırır? Əvvəlki aksiyalardan fərqli şüarlar nə ola bilər?

İlham Hüseyn: Bilirsiniz, açığı biz bu suallarla tez-tez rastlaşırıq. Bəzən insanlar deyir ki, şüarları təkrarlayırsınız. Bizim bu günə qədər qaldırdığımız problemlər həllini tapmayıb ki, biz əvvəlki şüarlarımızdan imtina edək. Korrupsiya daha artan xətt üzrə gedib. Repressiyalar artan xətt üzrə gedib. Ölkədə bütün sahələrdə statistikaya baxsaq, səhiyyə, məhkəmələrdə vəziyyət, ümumiyyətlə bütün sahələri götürəndə bizim indiyə qədər qaldırdığımız problemlər həllini tapmayıb. Ümumiyyətlə saxtakarlıqlar, bərbad idarəçilik davam edib. Əvvəlki şüarlardan imtina edə bilmirik. Amma son piketdə bizim əsas və yeganə şüarımız sərbəst toplaşmaq azadlığının təmin olunmasıdır. Çünki biz digər şüarlarımızı səsləndirmək üçün mitinq meydanlarından xalqın sözünü deməliyik.

Amerikanın Səsi: Bu il bələdiyyə, gələn il parlament seçkiləri ilidir. Seçkilər dövründə kütləvi aksiyaların təşkili ilə bağlı hansı addımlar atılmalıdır?

İlham Hüseyn: Deyim ki, partiya üçün təbii bir haldır ki, seçkilərdə iştirak edilməlidir. Biz də bu illər ərzində müxtəlif seçkilərdə iştirak eləmişik. Seçkiləri boykot qərarı da vermişik. Bizim növbəti seçkilərdə iştirak edib-etməməyiz mövcud durumun dəyişməsindən asılı olacaq. Seçki qanunvericiliyi dəyişərsə, ölkədə azad seçki mühiti, rəqabətli şərait yaradılarsa biz seçkilərdə iştirak eləyərik. Amma seçkilərdə iştirak eləsək də, iştirak eləməsək də kütləvi aksiyaları davam etdirəcəyik. Biz kütləvi aksiyaları təkcə seçkiyə görə etməyəcəyik. Seçkiən sonrakı dönəmdə də, əvvəlki dönəmdə də bu, bizim hüququmuzdur, edəcəyik. Amma indiki konkret şəraitdə deyə bilərəm ki, Azərbaycanda seçki adına heç nə yoxdur. Seçkinin imitasiyasından da imtina edilibdir. Ona görə də mitinqlərimizdə şüarlarımızdan biri də seçki islahatlarıdır.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə insanların fundamental hüquqlarının, o cümlədən toplaşmaq azadlığının tam təmin edildiyini bidirir. Rəsmi Bakı bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG