Accessibility links

İranda su qıtlığı ilə əlaqədar etirazlar daha da kəskinləşib


İranın cənub-qərbində quraqlıq səbəbindən yaranan su qıtlığına etirazlar artıq digər şəhərlərə də yayılıb. Altıncı gecədir ki, hökümətə qarşı kəskin iğtişaşlar davam edir.

Amerikanın Səsinin Fars xidmətinin sosial mediada paylaşdığı videolarda çərşənbə axşamı İranın Xuzistan əyalətindəki etirazçıların "Xameneyiyə ölüm" və “Rza Şah ruhun şad olsun” şüarları səsləndirdiyi görünür. Bəzi videolarda silah səsi də eşidilir.

İran hökümətinin ölkədəki fəaliyyətinə qadağa qoyması səbəbindən Amerikanın Səsi müstəqil şəkildə videoların orijinallığını təsdiqləyə bilməyib.

“Xameneyiyə ölüm” şüarı son illərdə Ali dini rəhbər Ayətullah Əli Xameneyinin avtoritar hakimiyyətindən hiddətlənən etirazçıların ortaq şüarıdır.

Amerikanın Səsinin Fars xidmətinin bazar ertəsi sosial mediada yayımladığı videolarda Xuzistan əyalətinin digər bölgələri - Əhvaz, Andimeshk, Hamidiyeh, Ramhormoz, Şustər və Susangerd şəhərlərində etirazların baş qaldırığı görünür. Videolarda nümayişçilərin əyalətdə içməli su və kənd təsərrüfatı üçün su çatışmazlığına qarşı şüarlar səsləndirməsi ilə yanaşı silah səsləri eşidilməkdədir.

İran dövlət mediası isə öldürülən iki şəxsin yaxınları ilə müsahibə aldığını deyərək onların yaxınlarının hökumət tərəfdarı olan Bəsic milis təşkilatı ilə müttəfiq olduqlarını iddia edir.

Lakin İranlı sosial media istifadəçiləri öldürülən şəxslərin qohumlarının qatillərin məsuliyyətdən azad edilməsinə məcbur edildiklərinə inandıqlarını bildirir.

Ölkədəki bəzi tanınmış İran hüquq müdafiəçiləri Xuzistan etirazlarına həmrəylik ifadə etmək üçün çərşənbə axşamı Tehranda Daxili İşlər Nazirliyinin qarşısında mitinq keçirib. Videolarda toplanan qrupun tərkibində keçmiş siyasi məhbuslar Məhəmmədi, Araş Sadegi, Cəfər Əzimzadə və digər bir neçə fəalın olduğu görünür.

Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı Twitterdə həyat yoldaşı da daxil olmaqla, mitinqdəki fəallardan bəzilərinin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs olunduğunu yazır. İran dövlət mediasında Məhəmmədinin taleyi barədə heç bir məlumat verilmir.

İrandakı su qıtlığı qismən iqlim ilə əlaqəli faktorlardan da qaynaqlanır. İsti yay mövsümündən əlavə ötən aylarda keçən illə müqayisədə yağışın səviyyəsi 40 faiz aşağı düşüb.

Mütəxəssislər İran hökuməti tərəfindən onilliklərdir səhv idarəçiliyin də quraqlığın artmasına səbəb olduğunu bildirir. Onlar rəsmiləri düzgün yerləşdirilməmiş hidroelektrik bəndlərin inşası və eləcə də Xuzistandakı çayları və bataqlıq ərazilərindən suyun qonşu bölgələrdəki sənaye sahələrinə yönəldilməsi səbəbindən əyalətdə içməli suyun tükənməsində günahlandırır.

İran rəsmiləri dövlət mediasında son günlər su çatışmazlığı və etirazçılarara qarşı odlu silahdan istifadə ilə bağlı xəbərləri araşdırması üçün nümayəndə heyətlərini Xuzistana göndərdiklərini bildirir.

XS
SM
MD
LG