Accessibility links

İran prezident seçkiləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir


İran prezident seçkiləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir
please wait

No media source currently available

0:00 0:04:21 0:00

İyunun 18-də İranda prezident seçkiləri keçirilir. Beynəlxalq müşahidəçilərin seçkiləri monitorinq etməsi qadağan olduğu üçün səsvermənin azad və ədalətli keçəcəyi ilə bağli ciddi şübhələr mövcuddur. İctimaiyyət arasinda narazılıqların isə builki seçkilərdə seçici fəallığının aşağı olmasına səbəb olacağı gözlənilir.

İran iqtisadiyyatı son üç il boyu əsas etibarilə azalmaqdadır. Bunun əsas səbəbi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Tehranı bölgədə qeyri-sabitlik yaratmaqda günahlandıraraq, Birləşmiş Ştatları 2018-ci ildə İranla nüvə sazişindən çıxardıqdan sonra tətbiq etdiyi sanksiyalarla əlaqədardır.

Londonda Chatham House araşdırma mərkəzinin təhlilçisi Sanam Vakil:

“Bu sanksiyalar İran iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərdi, lakin hər şeydən əvvəl bahalaşma və valyutanın ucuzlaşmasından əziyyət çəkən bütün adi iranlılara dərindən təsir etdi. Bu fonda, əlbəttə ki, İran COVID-19-la qarşılaşdı, Yaxın Şərqdə ən yüksək ölüm nisbəti buradadır.”

Bu fonda iranlılar cümə günü prezident Həsən Ruhaninin xələfini seçmək üçün seçki məntəqələrinə üz tutur. Çərşənbə günü üç nəfərin yarışlardan çıxmasından sonra indi yalnız dörd namizəd qalır. Onların hamısı İran rejiminin Nəzarət Şurası tərəfindən təsdiq edilib və yoxlanılıb. Namizədlərin üçü sərt xətt tərəfdarı mühafizəkardır, yalnız biri islahatçıdır.

Demokratiyanı Müdafiə Fondunun təhlilçisi Behnam Ben Taleblu: “Rejim özünü 2009-cu ildən bəri seçkilərdə təkrarlayaraq, siyasi sistemin sol qanadını bağlayır, qəbul edilə bilən məkan üçün sərhədləri daha da daraldır və (Ali Lider Əli) Xameneyinin rəhbərliyi ilə sistemi daha ifrat sağa sürükləyir.”

Son illərdə İranın seçki landşaftını formalaşdıran bir sıra hadisələr baş verib. General Qasım Süleymaninin 2020-ci ilin yanvar ayında ABŞ tərəfindən hədəf alınaraq öldürülməsi ölkədə böyük qəzəbə səbəb oldu.

Bir neçə gündən sonra İran hərbi qüvvələrinin Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini səhvən vurması hökumət əleyhinə etirazlarla nəticələndi.

Londonda Chatham House araşdırma mərkəzinin təhlilçisi Sanam Vakil:

“Beləliklə, cəmiyyətdə ümumi əhval-ruhiyyənin zəifləməsinə səbəb olan bir-biri ilə bağlı hadisələr dövrü yaşandı. 2019-cu ilin noyabrında neftin bahalaşması ilə əlaqədar etirazlar da amansızlıqla yatırıldı. Yəni adi iranlılar səs verməyə əsasən meylli deyillər.”

Seçkilərin favoriti İranın ədliyyə sisteminin rəhbəri, 60 yaşlı Ebrahim Raisidir. Təhlilçilər əvvəllər insan haqlarının pozulması hallarında iştirakına görə onun Qərb üçün problemli bir prezident ola biləcəyini bildirir.

Demokratiyanı Müdafiə Fondunun təhlilçisi Behnam Ben Taleblu: “Təəssüf ki, o, 1980-ci illərin sonlarında Ayətullah Xomeyninin Tehranda beş min siyasi məhbusun ölümünə səbəb olan qətl fərmanını həyata keçirən qondarma ölüm komissiyası ilə əlaqədar alçaldıcı səhvləri ilə tanınır.”

İran nüvə zənginləşdiriməsini xeyli artırıb və ölkənin nüvə silahı üçün kifayət qədər bölünən material istehsal etməsinə yalnız bir neçə ay qaldığına inanılır.

Bayden administrasiyası 2015-ci il nüvə razılaşmasına yenidən qoşulmağı nəzərdən keçirir, lakin İranın uran zənginləşdirilməsini dayandırması şərti ilə. İran isə ABŞ-ın əvvəlcə sanksiyaları aradan qaldırmalı olduğunu bildirir.

Vyanada danışıqlar davam edir.

Londonda Chatham House araşdırma mərkəzinin təhlilçisi Sanam Vakil:

“Sanksiyaların ləğvi adi insanlar üçün çox dəyəri və təsiri ola biləcək böyük bir nemət olardı. Lakin düşünürəm ki, bu gün iranlılar İranla nüvə anlaşmasına daha az əhəmiyyət verir və ABŞ-a və ya Avropa ölkələrinə daha az güvənirlər.”

İran prezidentliyinə namizədlərin hamısı nüvə razılaşmasını canlandırmaq üçün danışıqları dəstəkləyir.

Londonda Chatham House araşdırma mərkəzinin təhlilçisi Sanam Vakil:

“Seçkilərin bitməsindən sonra İran tərəfinin Vyanada razılaşmanın bağlanacağına daha çox inana biləcəyi gözlənilir.”

Səksən yaşlarında olan Ali dini lider Əli Xameneyinin yaxın illərdə hakimiyyəti xələfinə təhvil verəcəyi gözlənilir. Bu isə İranın növbəti prezidenti qarşısında duran sınaqları daha da çətinləşdirir.

XS
SM
MD
LG