Accessibility links

İranda matəm elan edilib


Hüseyn Salami: Cavabımız sarsıdıcı və dağıdıcı olacaq
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Hüseyn Salami: Cavabımız sarsıdıcı və dağıdıcı olacaq

İranın Əhvaz şəhərində minlərlə adam iki gün öncə hərbi parada hücumda ölənləri yad etmək üçün küçələrə çıxıb. Həmin hücumda azı 25 nəfər öldürülüb, onlarla adam yaralanıb.

Sentyabrın 24-də keçirilən mərasimdə əsgərlər, ruhanilər, rəsmilər qurbanların milli bayrağa bükülmüş cəsədlərini aparıb, onların fotolarını, “Terrorçuluğa yox” yazılmış plakatlar tutublar.

Bəziləri “İsrailə və Amerikaya ölüm” şüarı səsləndirib. İran rəhbərliyi bu ölkələri hücum edənləri dəstəkləməkdə suçlayıb. Birləşmiş Ştatlar hücumu pisləyib.

Bu gün Xuzistan vilayətində matəm günüdür, dövlət idarələri, banklar, məktəblər bağlıdır.

Hadisə qurbanları içində elit İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) üzvləri, dinc sakinlər, dörd yaşlı bir uşaq olub.

İİKK rəhbərinin müavini Hüseyn Salami çıxışında Birləşmiş Ştatlar və İsrailə ittihamları bir daha səsləndirib. O xəbərdarlıq edib ki, bu iki ölkə Tehrandan “məhvedici və dağıdıcı” zərbə gözləsinlər.

ŞÜBHƏLİLƏR ŞƏBƏKƏSİ SAXLANIB

İranın kəşfiyyat naziri Mahmud Ələvi deyib ki, hücumla əlaqədar şübhəlilər şəbəkəsi saxlanıb. Xəbəri sentyabrın 24-də İranın Mizan və Fars agentlikləri yayıb.

Hücuma görə məsuliyyəti iki qrup üzərinə götürüb: etnik ərəb Əhvaz Milli Müqavimət hərəkatı və İslam Dövləti ekstremist qruplaşması.

İŞİD-ə bağlı Amaq xəbər agentliyinin yaydığı videoda bir maşında üç kişi görünür, İİKK-nın uniformasını geyinib.

Həmin şəxslər özlərini İŞİD üzvü kimi təqdim etməsələr də, İranda hərbi parada hücum edəcəklərini deyiblər.

İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatları, İsraili və Körfəzdəki ərəb monarxiyalarını ərəb separatçı qrupunu dəstəkləməkdə günahlandırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Heter Nauert sentyabrın 22-də deyib ki, Birləşmiş Ştatlar “bütün terrorçuluq hərəkətlərini, günahsız insanların ölümünü pisləyir”.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmisi ittihamları “əsassız” adlandırıb.

XS
SM
MD
LG