Accessibility links

İraq polisi nümayişçilərə atəş açdı - 1 ölü, 200 yaralı


Polis çərşənbə axşamı Bağdadda işsizliyə, korrupsiyaya və keyfiyyətsiz xidmətlərə etiraz olaraq küçələrə çıxan minlərlə nümayişçini dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnağından və əsl güllələrdən istifadə edib. Baş vermiş toqquşmalarda azı 1 adamın öldüyü, 200 nəfərin yaralandığı deyilir.

Əsas nümayiş paytaxtda olub, lakin digər şəhərlərdə də etirazlar baş qaldırıb.

Səhiyyə nazirliyi toqquşmalarda 40 polisin yaralandığını bildirib.

Təcili yardım maşınlarının yaralıları aparmaq üçün hadisə yerinə gəldiyi bildirilib.

Deyilənə görə, təqribən 3,000 etirazçı Bağdadın güclü mühafizə olunan, hökumət binaları və səfirliklərin yerləşdiyi "Yaşıl Zona"ya aparan körpüdən keçmək istəyib.

Yolları bağlayan təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün qumbara və su şırnağından istifadə edib. Geri çəkilmək istəməyəndə isə etirazçılara atəş açıb.

Dövlət rəsmiləri baş verənlərə görə izdihamı zorakılığa təhrik edən adamları günahlandırıb.

Şiə əksəriyyətin yaşadığı cənub bölgəsində keçən il ilk dəfə kütləvi etiraz aksiyaları keçirilmişdi. O zaman təhlükəsizlik qüvvələri ilə infrastrukturun çökməsi, elektrik enerjisinin tez-tez kəsilməsi və geniş yayılmış korrupsiyaya qarşı etiraz edənlər arasında qarşıdurmalar olmuşdu.

XS
SM
MD
LG