İran cümə axşamı İraqda bir gün öncə konsulluğunun yandırılmasını qınayıb.
İraqın cənubunda zorakılıqlar bütün gecə davam edib. Təhlükəsizlik qüvvələri çərşənbə günündən bəri 16 etirazçını öldürüb, 90-nı yaralayıb. Etirazçılar yolları bağlayıb, neftlə zəngin vilayətlərə çox sayda polis və hərbi qüvvə yerləşdirilib. Etirazçılar çərşənbə günü ölkənin cənubunda yerləşən Nəcəf şəhərində İran konsulluğunu yandırıb.
Təhlükəsizlik qüvvələri onların binaya daxil olmasının qarşısını almaq üçün döyüş patronları ilə atəş açıb. Konsulluq işçiləri xəsarət almayıb.
Bu, artıq ikinci dəfədir ki, etirazçılar İranın diplomatik missiyasına hücum edir. Bu ayın əvvəli etirazçılar Kərbəlada yerləşən konsulluğa atəş açıb, amma yanğın baş verməyib.
Bu hadisə oktyabr ayından bəri İraqın cənubunda vüsət alan etirazlarda gərginliyin artdığına işarədir.
Oktyabrın 1-dən bəri davam edən etirazlarda nümayişçilər hökümətdə korrupsiyaya, habelə İranın İraqın daxili işlərinə getidikcə artan təsirinə son qoyulmasını tələb edir.
Etirazlar getdikcə daha zorakı hal alır. Nümayişçilər binalar və körpüləri zəbt edir və təhlükəsizlik qüvvələri ilə toqquşur. Təhlükəsizlik qüvvələri isə demək olar hər gün gözyaşardıcı qazdan və döyüş patronlardan istifadə edir.
Oktyabr ayından bəri 350-dən çox insan ölüb, minlərlə insan yaralanıb.