Accessibility links

İsa Qəmbər: ABŞ insan hüquqları məsələlərində daha təkidli olmalıdır


İsa Qəmbər: ABŞ insan hüquqları məsələlərində daha təkidli olmalıdır
please wait

No media source currently available

0:00 0:11:03 0:00

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Azərbaycan-Amerika ikitərəfli əməkdaşlığının prioritetlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker bildirib ki, Azərbaycanla danışıqlarınınn gündəliyində energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik məsələləri olub. Fikrinizcə yuxarıda sadalanan sahələrdə ikitərəfli əməkdaşlığı uğurlu saymaq olarmı?

İnsan haqları və demokratiya mövzularında təbii ki, boşluqlar daha çoxdur.

İsa Qəmbər: Hər şey nisbidir. Yəni, iqtisadi əlaqələr və enerji məsələlərində ABŞ-ın istəkləri əsasən nəzərə alınır. O baxımdan proses müsbət dəyərləndirilə bilər. Amma, təbii ki, iqtisadi əlaqələri genişləndirmək üçün həmişə böyük ehtiyatlar, böyük imkanlar var. Biz də bunların genişləndirilməsini istəyirik. İnsan haqları və demokratiya mövzularında təbii ki, boşluqlar daha çoxdur. Tərəflər, guya prosesin normal getdiyinə tərəfdar olduqlarını bildirsələr də, burada problemlər həddindən artıq çoxdur. Çünki Azərbaycanda rejim avtoritar mahiyyət daşımaqda davam edir və insan haqlarının kütləvi pozulmasını təbii ki, aradan qaldırmır. O ki, qaldı təhlükəsizlik məsələlərinə, o məsələlərdə də Azərbaycan tərəfi ABŞ-ın yanaşmalarına qarşı həssas davranır. O sahədə də ciddi bir problem olduğunu düşünmürəm. Amma, nəzərə alsaq ki, ABŞ Əfqanıstandan ordusunu çəkmək fikrindədir, Vaşinqtonun Bakıdan bu mövzuda gözləntiləri də xeyli dərəcədə azalacaq. Təbii ki, təhlükəsizliyin başqa komponentləri də var. Bu komponentlər üzrə əməkdaşlıq davam etməlidir.

Amerikanın Səsi: İki ölkə arasında uzun müddətdir demokratiya və insan hüquqlarının vəziyyəti müzakirə mövzusudur. Bu sahədə danışıqlarda irəliləyiş gözləyirsinizmi?

Tərəflər elə bil ki, adət edib, müəyyən normada bu prosesi davam etdirirlər. Fakt odur ki, Azərbyacanın müstəqilliyi dönəminin önəmli bir hissəsində Azərbyacanda insan haqları ilə bağlı vəziyyət pisləşməkdə davam edir.

İsa Qəmbər: Bu sahədə, mən, böyük bir gəlişmə gözləmirəm. Çünki, nə Azərbaycandakı hakimiyyətin bu sahədə müsbət addımlar atmaq fikrində olduğu görünmür, nə də ABŞ-ın bu mövzularda əvvəlkindən daha həssas, daha tələbkar davranmaq istəyi hiss olunmur. Tərəflər elə bil ki, adət edib, müəyyən normada bu prosesi davam etdirirlər. Fakt odur ki, Azərbaycanın müstəqilliyi dönəminin önəmli bir hissəsində Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşməkdə davam edir. Heç bir müsbət dəyişiklik görünmür. ABŞ da bu sahədə, yenə təkrar edirəm, o qədər də tələbkar davranmır. Sadəcə olaraq bir az obyektiv yanaşmağa çalışsaq, onu qeyd etməliyik ki, ABŞ başda olmaqla Qərb dünyasının bu məsələlərə göstərdiyi minimal diqqət də aradan qalxardısa bu vəziyyət Azərbaycanda və digər bir çox ölkələrdə indikindən də pis hala gələ bilərdi. Yəni, bu gün də əgər, burada müəyyən qırmızı xəttlər qalırsa, hesab edirəm ki, bu, Vaşinqton başda olmaqla, Qərb dünyasının bu məsələlərə göstərdiyi həssaslığın nəticəsidir. Amma, təbii ki, biz istəyərdik ki, bu məsələyə daha çox diqqət yetirilsin. Bu məsələyə tərəflər daha ciddi yanaşsınlar. Hesab edirəm ki, ABŞ da, beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətindən ən azından özünün qoşulduğu sazişlərə, özünün qəbul etdiyi, imzaladığı konvensiyalara, üzərinə götürdüyü öhdəliklərə əməl etməsini istəməlidirlər, tələb etməlidirlər.

Amerikanın Səsi: Eksperltər prezident Trampın dövründə Amerikanın regiondakı maraqlarında geriləmələrin olduğunu bildirir. Siz necə düşünürsünüz? Bu sahədə irəliləyişlərin olması üçün nə edilməlidir?

Trampa elə gəlirdi ki, ayrı-ayrı məsələləri seçib onların üzərinə getməklə nələri isə həll etmək olar. Ancaq zaman göstərdi ki, o məsələlərin heç biri həll olunmadı.

İsa Qəmbər: Tramp dönəmində məsələlərə bir az biznesmen yanaşması var idi. Trampa elə gəlirdi ki, ayrı-ayrı məsələləri seçib onların üzərinə getməklə nələri isə həll etmək olar. Ancaq zaman göstərdi ki, o məsələlərin heç biri həll olunmadı. Məsələn, nümunə kimi ABŞ-ın Şimali Koreyaya münasibətlərini göstərmək olar. Guya, çox ciddi addımlar atıldı, ancaq faktiki olaraq heç bir nəticə olmadı. Hesab edirəm ki, bu sahədə böyük irəliləyiş olmayıb. Yeni hakimiyyət, demokratların hakimiyyəti demokratiya məsələlərinə, insan haqları məsələlərinə ənənəvi olaraq daha diqqətli yanaşdığını bəyan edir. Bu sahədə görüləcək çox işlər var. Hesab edirəm ki, ABŞ bu məsələdə daha təkidli olmalıdır və normalara uyğun davranış gözləməlidir. Amma, görünən budur ki, ABŞ-ın Azərbaycana marağı xeyli dərəcədə azalıb. Yəni, ABŞ-ın neft şirkətlərinin hamısının, faktiki olaraq, Azərbaycanı tərk edib getdiyini nəzərə alsaq, ABŞ-ın Bakıdakı müxtəlif institutlarının, o cümlədən Azadlıq Radiosunun faktiki olaraq Azərbaycandan kənarlaşdırıldığını nəzərə alsaq, ABŞ-ın yanaşması dəyişib. Əgər, haradasa, son illərə qədər müəyyən diqqət göstərilirdisə, son dövrdə məncə konseptual olaraq yanaşma dəyişib. Vaşinqton Rusiyaya sanksiyalar tətbiq etməklə, Putin rejiminin bölgəyə mənfi təsirinin məhdudlaşdırılmasına çalışmaqla məsələni həll etməyə çalışır. Yəni, birbaşa bu ölkələrdə məsələlərə diqqət göstərməkdən daha çox, bu ölkələrdəki vəziyyətə mənfi təsir edən Rusiya amilini məhdudlaşdırmaqla məsələlərin həlli üçün daha əlverişli şərait yaratmaq xətti seçilib. Bu xətt açıq-aydın görünür. Bu, nə dərəcədə uğur gətirəcək, zaman göstərəcək.

Amerikanın Səsi: Postmünaqişə dövründə sülhyaratma prosesində Amerikanın rolu nə ola bilər? Sərhədlərin demarkasiyası məsələlərində ABŞ hökuməti Azərbaycana yardım edə bilərmi?

İstənilən halda, bu, Rusiyanın bölgədə təsirini azaltmaq, müəyyən dərəcədə neytrallaşdırmaq, zərərsizləşdirmək baxımından məqsədə uyğundur.

İsa Qəmbər: Təbii ki, ABŞ bu məsələdə prinsipial mövqe tutaraq Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə dəstək verə bilər. Müəyyən beynəlxalq normalar, ənənələr, təcrübələr var. Bu təcrübələrə əsasən məsələlər həllini tapmalıdır. Prinsip etibarı ilə Vaşinqtonun da bu məsələdə yanaşması belədir ki, sərhədlər Sovet dövründə respublikalar arasında hansı sərhədlər mövcud idisə həmin xətlər üzrə dəqiqləşməlidir, delimitasiya və demarkasiya prosesi aparılmalıdır. Vaşinqton bu məsələnin diplomatik yolla, danışıq yolu ilə həllinə tərəfdar olduğunu bildirir və kömək etməyə hazır olduğunu bəyan edir. Hesab edirəm ki, onlar bu məsələdə, o prinsiplərə uyğun şəkildə davranışını gözləyə biləriksə, bu proseslərə müsbət təsirini edə bilər. İstənilən halda, bu, Rusiyanın bölgədə təsirini azaltmaq, müəyyən dərəcədə neytrallaşdırmaq, zərərsizləşdirmək baxımından məqsədə uyğundur. Amma burada mən bir məqamı da qeyd etmək istəyirəm ki, bundan öncə, ABŞ 907-ci düzəlişi, 1992-ci ildə haqsız, ədalətsiz olaraq Azərbaycana tətbiq edilən 907 nömrəli düzəliş ki, var, onu bütövlükdə aradan qaldırmalıdır. Yəni, ləğv etməlidir. Sadəcə olaraq, onun hər il təsirini dayandırmaq yox, bütövlükdə ləğv etməlidir. Xüsusən nəzərə alsaq ki, məntiq də bunu tələb edir. Biz, Milli Strateji Düşüncə Mərkəzi olaraq bununla bağlı yaxınlarda bir sənəd də qəbul etdik. Həmin sənəddə ictimaiyyətə müraciət etdik ki, 907-nin tam ləğvi ilə bağlı ortaya mövqe qoyulmalıdır. Çünki, 1992-ci ildə həmin qərar, 907-ci düzəlişin ədalətsiz olmaqla yanaşı, öz məntiqləri var idi ki, guya Ermənistan blokadaya alınıb və o blokadaya görə Azərbaycana qarşı sanksiya tətbiq olunur. Amma, indi artıq 44 günlük savaş bitdikdən sonra Azərbaycan tərəfi bölgədə bütün kommunikasiyaları, o cümlədən Ermənistanla olan kommuniksiyaların hamısnın açılmasına tərəfdardır və hətta təkid edir. Bu prosesi indi dayandıran Ermənistan tərəfidir. Ona görə də Ermənistan blokadada deyil, sadəcə olaraq təcrid olunmuşdu öz işğalçı siyasətinə görə. Amma indi kommunikasiyaların açılmasının Azərbaycan tərəfdarı olduğu halda, Ermənistan buna mane olursa, Azərbaycana qarşı sanksiya tətbiq edilməsi absurddur, tamamilə absurddur. Ona görə də hesab edirik ki, ABŞ bu düzəlişi bütövlükdə ləğv etməlidir. Bunun ləğv edilməsi həm məntiqə uyğun olar, həm də Azərbaycanla ABŞ arasında qarşılıqlı etimadın daha da yüksəlməsinə və ABŞ-ın bu bölgədə daha aktiv fəaliyyət göstərməsinə zəmin yarada bilər.

Amerikanın Səsi: Fikrinizcə İrana və Rusiyaya qarşı Amerika sanksiyalarının qüvvədə olduğu bir zamanda Azərbaycan bu ölkələrlə münasibətlərini necə qurmalıdır? Azərbaycanın Rusiya və İranla mövcud münasibətləri Amerika-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?

Bu sanksiyalar nəzərə alınmalıdır və bütövlükdə Azərbaycanın da marağına uyğundur.

İsa Qəmbər: Görünən budur ki, ABŞ Rusiyaya, İrana və başqa dövlətlərə qarşı tətbiq etdiyi sanksiyalarda bütün müttəfiqlərindən və bütün həmkarlarından, partnyorlarından eyni dərəcədə prinsipallıq gözləmir və tələb etmir. Yəni, biz, görürük ki, istər Azərbaycanla, istər Ermənistanla münasibətlərdə, bu ölkələrin bölgədə, Rusiya və İran ilə müəyyən münasibət qurmasına ABŞ barmaqarası yanaşır. Prinsipial olaraq bunun üzərinə getmir. Amma, bu, o demək deyil ki, Azərbaycan sanksiyaları nəzərə almamalıdıır. Bu sanksiyalar nəzərə alınmalıdır və bütövlükdə Azərbaycanın da marağına uyğundur. Bu sanksiyalar Rusiyadakı aqressiv rejimin bölgədəki aqressiv siyasətinin məhdudlaşdırılmasına gətirib çıxara bilər. Eləcə də Vaşinqtonun sanklsiyaları İranın bölgədə aqressiv davranışına dayandırıcı təsir göstərə bilər. Ona görə də Azərbaycan tərəfi bunlara diqqətlə yanaşmalıdır. Azərbaycan tərəfi bölgədə öz maraqlarını qorumaq və Rusiyadan, İrandan gələn təhlükələrin qarşısını almaq üçün Amerikanın sanksiya amilindən də milli maraqlarımıza uyğun şəkildə istifadə edə bilər və etməlidir.

XS
SM
MD
LG