Accessibility links

İsrail Qəzzədə xarici media orqanlarının yerləşdiyi binaya raket atıb


Qəzzədə Al-Jazeera və Associated Press (AP) xəbər agentliklərinin ofislərinin yerləşdiyi çoxmərtəbəli bina şənbə günü İsrailin hava hücumu nəticəsində dağılıb.

İsrail təyyarələri Qəzzəyə havadan zərbələr endirib, Həmas militantları isə cavab olaraq İsrailə raket atıb.

Media təşkilatları ilə yanaşı başqa ofislərin və mənzillərin yerləşdiyi 12 mərtəbəli bina İsrailin atdığı raketlər nəticəsində dağılıb. Hücumdan bir saat öncə binanın sahibi İsrail ordusundan hücumun olacağına dair xəbərdarlıq alıb.

AP işçiləri və binanın digər sakinləri binanı dərhal tərk ediblər, lakin Al-Jazeera bina dağıldığı zaman hava hücumlarını işıqlandırmağa davam edib. "Al-Jazeera susdurulmayacaq. Biz sizə buna dair zəmanət verə bilərik,” veriliş aparıcısı bildirib.

AP-nin adını açıqlamayan müxbiri işçilərin heç birinə zərər gəlmədiyini bildirib.

İsrail binaya nə üçün hücum etdiyini bildirməyib.

Bina dağılmadan öncə İsrailin sıx məskunlaşmış qaçqın düşərgəsinə bir başqa hava hücumu nəticəsində çoxları uşaq olmaqla 10 fələstinli öldürülüb. Bu, bu həftə zorakılıqlar artandan bəri ən tələfatlı hava hücumu olub.


Fələstinin səhiyyə rəsmilərinin bildirdiyinə görə, bir digər hava hücumu azı iki nəfərin ölümü ilə nəticələnib.

Şənbə günü fələstinlilər 1948-ci ildə Fələstinin dağıdılması və İsrailin yaranmasını qeyd edən Nəkbə və ya “Fəlakət günü”nü qeyd etdiyi zaman gərginlik daha da artıb.

Cümə günü israillilərlə fələstinlilər arasında zorakılıqlar artıb, İordan çayının qərb sahilində döyüşlər aparılıb, Qəzzəyə havadan zərbələr endirilib, İsrail daxilində isə ərəblər arasında iğtişaş yaranıb.

İordan çayının qərb sahilində yüzlərlə fələstinli İsrail polisi ilə toqquşub, onlar bir-birilərinə daş və yanan təkər atıblar. Bu, son illərdə regionda baş verən ən böyük etirazlardır.

Fələstinli rəsmilər zorakılıqlar nəticəsində 11 fələstinlinin öldürüldüyünü bildirir.

İsraildə artıq dördüncü gecədir icmalar arasında zorakılıqlar davam edib. Belə ki, Lod şəhərində yəhudi və ərəb kütlələr arasında toqquşma baş verib.

Qəzzədə İsrail fələstinlilərin nəzarət etdiyi Qəzzə zolağı ilə sərhədə əlavə quru qoşun yerləşdirib. Bu da 5 günlük münaqişənin böyük müharibəyə çevriləcəyinə dair qorxulara səbəb olub.

İsrail ordusunun sözçüsü polkovnik-leytenanat Conatan Konrikus deyib ki, İsrailin Qəzzəyə hücumunda əsas hədəf Həmasın illər ərzində qurduğu tünellər sistemidir.

İsrailin ehtiyatda olan təxminən 9000 əsgəri sərhəddəki qüvvələrə qoşulub.

Qəzzədə səhiyyə rəsmiləri cümə günü Ramazan bayramında Qəzzənin şimalında 13 nəfərin, o cümlədən bir qadın və onun üç uşağının öldürüldüyünü bildirir. Onların cəsədləri binanın dağıntıları altından çıxarılıb.

Qəzzənin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, döyüşlərdə 32 uşaq, 11 qadın daxil olmaqla azı 124 fələstinli ölüb, 900 nəfər yaralanıb. Raket hücumları nəticəsində isə 6 yaşlı bir oğlan daxil olmaqla səkkiz israilli ölüb.

İsrailin hücumları nəticəsində fələstinli ailələr Qəzzə yaxınlığındakı evlərindən qaçıblar və maşında, piyada və ya eşşəklərin üzərində BMT-nin idarə etdiyi məktəblərə üz tutublar. Onlar özləri ilə ədyal və çörək kimi zəruri əşyalar aparıblar.

Bundan əlavə İsrail ordusu cümə günü İsrail ərazisinə Suriyadan raketlərin atıldığını bildirib. Nəticədə heç bir tələfat və ya dağıntı olmayıb. Dəməşq isə buna dərhal münasibət bildirməyib.

BMT-nin Təhlükəsizlik Şurası iclas keçirəcək

BMT-nin Təhlükəsizlik Şurası məsələni müzakirə etmək üçün bazar günü iclas keçirməyə razılaşıb. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib ki, Birləşmiş Ştatlar gərginliyi azaltmaq üçün ən yük səviyyədə diplomatiya aparacaq.

İsrailin Vaşinqtondakı səfirliyinin sözçüsü Elad Strohmayer Amerikanın Səsinin Fars xidmətinə müsahibəsində bildirib ki, İsrailin BMT-dəki səfiri Gilad Erdan Təhlükəsizlik Şurasının iclasında İsrailin Həmasla döyüşlərdə mülki vətəndaşlar arasında tələfatları minimumda tutmağa çalışdığını söyləyəcək.

“Təhlükəsizlik Şurası mənəvi baxımdan İsrailin müdafiə xarakteri daşıyan hərbi fəaliyyətini Həmasın heç bir şeyə fərq qoymadan törətdiyi müharibə cinayətləri ilə bərabər tuta bilməz. Əgər biz belə bir müqayisə aparsaq, Həmas qalib gələr və biz beynəlxalq ictimaiyyətə Həmasa bu qələbəni verməsinə imkan verməməliyik, ABŞ da bu məsələdə bizi dəstəkləyir,” Strohmayer deyib.

İsrail rəsmiləri deyir ki, Qəzzədə hava hücumlarında ölən fələstinlilərin əksəriyyəti Həmas döyüşçüləridir. Həmas da yüksək səviyyəli komandirlərdən bəzilərinin İsrail tərəfindən öldürüldüyünü bildirir.

Vasitəçilik səyləri

İsrail Qəzzədə daha öncəki üç müharibədə mülki əhali arasında tələfatlara görə beynəlxalq tənqidlərlə üzləşir.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Duçaricin dediyinə görə, BMT-nin baş katibi Antonio Quttereş cümə günü xəbərdarlıq edib ki, əgər döyüşlər dayanmasa, münaqişə “qarşısı alına bilməyəcək təhlükəsizlik və humanitar böhrana” və “ektremizmin daha da da artmasına” gətirib çıxara bilər.


ABŞ-ın region üzrə nümayəndəsi, dövlət katibinin İsrail və Fələstin məsələləri üzrə müavini Hadi Əmr Bayden administrasiyasının vasitəçilik səylərinin bir hissəsi olaraq cümə günü İsrailə yola düşüb.

Fələstinli militant qrupla İsrail qüvvələri arasında 2014-cü ildə Qəzzədə başlayan müharibədən bəri ən ağır döyüşlər zamanı raket və hava zərbələrinin mübadiləsi Qüdsün nəzarəti ilə bağlı narahatlıqların artmasından və yəhudilərin ərəblərin nəzarətində olan torpaqları ələ keçirmək cəhdlərindən sonra başlayıb.

Döyüşlərə son qoymaq məqsədilə qlobal vasitəçilik səyləri davam edir. Belə ki, Misirin iki kəşfiyyat rəsmisinin bildirdiyinə görə Misir rəsmiləri Həmasa təzyiq göstərir, ABŞ və digər ölkələr isə Tel-Əvivdəki İsrail rəsmiləri ilə danışıqlar aparır.

XS
SM
MD
LG