Accessibility links

İlham Əliyev cəbhə xəttində olub


İlham Əliyev cəbhə xəttində olub
İlham Əliyev cəbhə xəttində olub

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olub. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı hərbi hissədə olub.

Əliyev qoşunların təmas xəttində baş verən son hadisələrdən danışaraq deyib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.

“Bu ilin əvvəlində Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlət aprelin ilk günlərindən yenidən atəşkəsi pozdu və ordumuz tərəfindən layiqli cavabını aldı”.

İlham Əliyev cəbhə xəttində olub
İlham Əliyev cəbhə xəttində olub

O, aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrin atəşə tutulduğunu söyləyib.

“Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir, döyüş mövqelərimiz daha da möhkəmlənib”, prezident qeyd edib.

Prezident Əliyev və xanımı sonra Tərtər və Ağdam rayonlarında ermənilərin artileriya zərbələri ilə dağıdılmış evlərin həyətlərində olub, yerli sakinlərlə görüşüb.

Dövlət başçısı və xanımı Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində atəşkəsin pozulması nəticəsində yaralanmış dinc sakinlərə də baş çəkib.

XS
SM
MD
LG