Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə ölkədə bir sıra saytların bloklanması məqsədi ilə məhkəməyə müraciətdən danışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iddia ərizəsində məhkəmədən “dövlətin və cəmiyyətin qanuni maraqlarına təhlükə yaratdıqları üçün” azadliq.info,azadliq.org , “azerbaycansaati.com” domenlərinə, habelə “Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan telekanalına girişə blok qoyulması barədə qərar qəbul etməyi xahiş edib.
İddia əsasında aprelin 27-də Səbael rayon Məhkəməsində məhkəmə prosesi başlayıb.
Amerikanın Səsi: Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir sıra saytların girişinə blok qoyulması ilə bağlı məhkəməyə müraciət edib. Bu, qanunvericiliyə uyğundur?
Ələsgər Məmmədli: Seçkili orqan 10 mart 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni bir fəsil əlavə edib. Həmin 3-1-ci fəsil, - “İnternet informasiya ehtiyatları” adlanır. Orada bir çox məhdudlaşdırıcı normalar gətirilib. Həmin normalardan biri də internet resurslarında qadağan edilmiş informasiyaların yerləşdirlməsinin qarşısını almaq məqsədi ilə əlavə edilən müddəalardır. Həmin müddəada göstərilir ki, müvafiq icra hakmiyyəti, burada adını çəkdiyiniz nazirlik qanunvericilik çərçivəsində məhkəməyə müraciət edib, hansısa qadağan olunmuş informasiya yayan informasiya ehtiyatının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edə və onun məhdudlaşdırılmasını, yəni blok qoyulmasını tələb edə bilər. Bu gün məhkəməsi olacaq halda qanunun 13-3 maddəsinə istinad olunur. Amma, bir məqam unudulur. 13-cü maddədə konkret olaraq qadağan olunmuş informasiyanın yayılması və ya qarşısının alınmasından söhbət gedir. İndiki halda hansı qadağan olunmuş informasiyadan söhbət gedir, o məlum deyil. Qanunda bəlli prosedurlar var. Məsələn, informasiya yayılandan 8 saat ərizində qadağan olunan məlumatın çıxarılması ilə bağlı həmin icra strukturu saytlara xəbərdarlıq edə bilər. Əgər sayt məlumatı çıxarmasa, məhkəməyə müraciət edilə bilər. Amma indiki anda bu edilməyib. Belə bir xəbərdarlığı o resursların heç biri almayıb və birbaşa məhkəməyə müraciət edilməsi də şübhəli görünür. Amma qanunvericiliyə gətirilən bu müddəanı onlar daha öncədən tətbiq edib, artıq bu resurslara bir neçə aydır ki, blok qoyublar. Bu günədək həmin saytlar praktik qoyulan bloku indi hüquqiləşdirməyə cəhd edirlər. İstər praktik olsun, istərsə də məhkəmə qaydası ilə olsun, saytlara bu formada blok qoyulması, xüsusən də az domenində olmayan bir sayta blok qoyulması yolverilməzdir. Çünki, ortada heç bir qadağan olunmuş məlumatdan söhbət gedə bilməz. Bu resursların hansı qadağan olunmuş informasiyanı yayması barədə hər hansı məlumat verilməyib.
Amerikanın Səsi: Qadağan olunmuş informasiya deyəndə nə başa düşülür?
Ələsgər Məmmədli: Qanunvericilikdə üzərində məhdudiyyət qoyulan bütün informasiyalar bu kateqoriyaya aiddir. İstər dövlət sirləri olsun, istər peşə sirləri olsun, istrər özəl həyat olsun, istər kommersiya sirri olsun, yəni sirr anlayışı çərçivəsində qorunan və yayılması bu və ya digər şəkildə məhdudlaşdırılan xidməti informasiyalardır.
Amma burada söhbət konkret informasiydan getməlidir. Yəni o informasiya hansı sənəddə olub, hansı daşıyıcıda olub, hansı qrifdə olub. Bunlar asan deyil, dövlət sirrini yaydın deyib kimisə suçlamaq olmaz. Əgər dövlət sirri yayılıbsa, hansı resursda yayılıb, hansı sənəddən götürülüb, nə vaxt qrifləşdirilib, bunlar olmalıdır. Yəni məhkəmədə bu məlumat yayılıb deyib, saytın bloklanması hüquqi addım deyil.
Amerikanın Səsi: Qadağan olunmuş informasiyanı hansı orqan müəyyən edir?
Ələsgər Məmmədli: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşı haradan bilir ki, o informasiya qadağan edilmiş informasiyadır. Qadağan olunmuş informasiya məsələsini qaldırmaq üçün orada zərərçəkən tərəf olmalıdır. Zərəçəkən tərəf zərərin məbləğini müəyyən etməlidir, bunun üçün araşdırma aparılmalıdır ki, hansı kateqoriya dövlət sirri yayılıb, mənbəyi haradandır. Əgər dövlət sirri yayılıbsa, bu həm də cinayət məsuliyyəti yaradır.
Amerikanın Səsi: Məhkəməyə müraciətin əsl səbəbləri nədir? Siz necə hesab edirsiniz?
Ələsgər Məmmədli: Hansı saytların bloklanmasına və ya məhdudlaşdırılmasına baxdıqda məqsəd aydın olur. Məqsəd alternativ informasiya mənbələrinə ölkədə çıxışı məhdudlaşdırmaqdır. Çünki bu resurslar daha obyektiv, daha balanslı, eyni zamanda da qarşı tərəfə də geniş yer verən, yəni sırf hökuməti tərifləyən deyil, vətəndaşın da problemini gündəmə gətirən resurslar kimi cəmiyyətdə tanınır. Onlar ictimai nəzarət funksiyasını daha yaxşı icra edə bilir. Zaman-zaman tənqidi məsələləri gündəmə gətirirlər. Bir sözlə, onların bu prosesə məruz qalmasının səbəbi tənqidi onlayn media resursları olmasıdır.