İranda internet xidməti artıq 4-cü gündür bloklanıb. Bu, cümə günündən etibarən baş qaldıran və 8 nəfərin ölümü ilə nəticələnən etirazlar çərcivəsində həyata keçirilir.
Londonda yerləşən NetBlocks internet müşahidəsi idarəsinin direktoru Alp Toker Amerikanın Səsinə bildirib ki, İranda internetin blokalanması veb səhifələrinə çıxış qeyri-mümkün edib.
İranlıların azad və açıq internetə çıxışı dərhal bərpa edilməlidir
"Bu, əslində qaranlığa yaxınlıqdır. Ölkədən kənarda bir neçə internet marşrutu var, amma bunlar hazırda çox texniki olduqlarına görə insanların əksəriyyəti üçün bu tədbirləri aşmaq praktiki deyil. Texniki cəhətdən fərasətli iranlılar mobil cihazdan çox sabit bir xətt və ya genişzolaqlı bağlantıdan istifadə edərək internet əldə edə bilər", Toker əlavə edib.
İnternetin kəsilməsi iranlıların etirazların şəkilləri və videolarını paylaşmasına çətinlik yaradıb.
İranda yanacaq qiymətləri hələ də dünyada ən aşağı qiymətlər hesab edilir. Qiymətlərin 50 faiz artmasından sonra bir litr benzinin qiyməti 15 min riala çatıb. Bu, bir litr benzin üçün 13 sent deməkdir. Müqayisə üçün ABŞ-da bir qallon (təxminən 4 litr) benzinin orta qiyməti 2 dollar 60 sentdir.
İranda bundan öncə 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində iqtisadi durumla bağlı geniş etirazlar baş qaldırmışdı. O zaman İran polisi və İnqilib Keşikçilərinin könüllülərdən ibarət Bəsic qüvvələri ilə toqquşmalarda onlarla insan həyatını itirmişdi.
Hökumət bildirib ki, yanacaqdan əldə edilən gəlirdən yoxsul ailələrə yardım etmək üçün istifadə ediləcək.
ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi ilə ölkə valyutası dəyər itirib, işsizlik və inflyasiya artıb.
Toker hesab edir ki, İran hökuməti interneti bağlamaqla imtiyaz əldə edəcəyini düşünürsə də, bu, hökumətə baha başa gələcək.
"İnternet insanların demokratik şəkildə baxışlarını nümayiş etdirməsi üçün bir platformadır. Onlar bundan məhrum edilsə, nümayişlər daha zorakı hal ala bilər” - deyə, Toker əlavə edib.
Amerikanın Səsinin fars xidmətinin İrandan əldə etdiyi şəkillərdə təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində ölənlərin cəsədləri nümayiş etdirilir. Ölüm halları Behbahan, Kərəc, Marivan, Şəhriyar, Şiraz, Sircan və Tehranın Baharestan bölgəsində qeydə alınıb.
Öldürülən nümayişçilərin kimliyini müəyyən etmək mümkün olmayıb.
ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun İran rejiminin xalqa qarşı zorakılığını kəskin qınadığını və öldürülənlərlə bağlı dərin narahatlığını bildirib.
Pompeo Tehranı “iranlıların azad və açıq internetə çıxışını dərhal bərpa etməyə” çağırıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Pompeonun çağırışını rədd edərək, onun İran xalqına acımaq kimi bir haqqı olmadığını deyib. Musəvi sanksiyalara işarə edərək, onların “iqtisadi terrorizm”ə məruz qaldıqlarını bildirib.
İranın dövlət televiziyası bir təhlikəsizlik işçisinin öldürüldüyünü, banklar və mağazaları talan edilənlərin həbs edildiyi haqda xəbər verib.
Bildirilib ki, 50-dən artıq şəhərdə keçirilən nümayişlər dinc olub.