Nyu-Yorkun federal məhkəməsi 9 iranlıya qarşı ittiham irəli sürüb. Onlar illərdir yüzlərlə amerikalı və xarici universitetlərin araşdırmalarını oğurlamaqda günahlandırılır.
Hakerlərin İranın İnqilab Qvardiyası adından 2013-cü ildən fəaliyyətdə olduğu bildirilir.
Şübhəlilər iki hakerin təsis etdiyi Mabna institutu üçün çalışıb. Bu institut İran universitetlərinə elmi araşdırmalarləldə etməsinə yardım edir.
Baş prokurorun müavini Rod Rozensteyn bildirib ki, hakerlər 144-ü ABŞ universiteti olmaqla, 22 ölkənin 320 elmi-araşdırma institutlarından 3.4 milyard dollar dəyəri olan araşdırmalara giriş əldə edib.
Hədəf alınan digər təsisatlar arasında 47 ABŞ və xarici özəl şirkətlərin, habelə ABŞ Əmək Nazirliyi, Federal Enerji Tənzimləyici Komissiyası, Havay, İndiana ştatları və BMT də var.
Hakerlər hələ də axtarışdadır.
ABŞ-ın Maliyyə Nazirliyi Mabna institutu və kiber-hücum kampaniyası ilə əlaqəli 10 iranlıya sanksiyalar tətbiq edib.
İranın İnqilab Qvardiyası da sanksiyalar altındadır.