Mərkəzi Britaniyada yerləşən Azlıqların Hüquqları Üzrə Beynəlxalq Qrup bildirib ki, Azlıqların hüquqları məsələsi İranda demokratiya uğrunda mübarizənin tərkib hissəsi olmalıdır. Qrupun rəhbəri Mark Lattimer Amerikanın səsinə verdiyi müsahibədə bildirib ki, bu gün İranda ən sistematik siyasi represiyaların hədəfi etnik azlıqlardır.
Mark Lattimer:"İran əhalisinin 40 faizi, bəlkədə hətta yarısı qeyri fars etnik qruplardan ibarətdir. Onlar sistemli şəkildə ölkədə yüksək vəzifələrə təyin olunmurlar, onlar yaşadıqları bölgələrin necə idarə olunması məsələsində fikir ifadə etməkdə məhdudiyyət ilə üzləşirlər, eyni zamanda onların dini azadlıqları kəskin şəkildə məhdudlaşdırılır."
Azlıqların Hüquqları Üzrə Qrup dünən “Ədalət axtarışı və qayğısızlığa son: Bu gün İranda etnik azlıqların durumu” adlı hesabatını açıqlayıb. Sənəddə deyilir ki, İranda etnik azlıqlara qarşı təqib və təzyiqlər hökumətin göstərişi ilə həyata keçirilir.
İran konstitusiyası şiə müsəlman dövləti elan edib. Lattimerin sözlərinə görə başqa dinlərə mənsub olan ibadət etmə hüquqları məhdudlaşdırılır. Məsələn sünni müsəlmanlarının paytaxt Tehranda bir dənə də məscidləri yoxdur. O deyir ki, Bahayi dini icması yəqin ki, təzyiqə ən çox məruz qalan icmalardandır. Lakin bütün başqa qeyri müsəlmanlar da əsas siyasi vəzifələrdən və universitetlər kimi müəyyən nüfuzu olan elmi təşkilatlardan kənarlaşdırılırlar.
Lattimer deyir ki, onların hüquqları uğrunda mübarizə asan deyil. Mark Lattimer: "Mədəniyyət və ya dini azadlığa dair kiçik bir tələb İran hökumətinin təhlükəsizliyinə hücum hesab edilir, bu isə olduqca narahat edici bir vəziyyətdir. Çünkü insan haqları barədə sadə bir tələb respublika əleyhinə, dövlət əleyhinə təxribat hesab edilir. Bu isə İranda etnik azlıqların hüquqlarını müdafiə edənləri artmaqda olan risk qarşısında qoyur."
Bazar ertəsi İranda nümayişçilər Tunis və Misirdəki qiyamlardan ilham alaraq bir neçə yerdə nümayiş keçirdilər. Lattimer deyir ki, o gün bəzi etnik azlıqlar da fürsətdən istifadə edərək öz narazılıqlarını bildirirlər. O deyir ki, belə bir hal İranın şimal-qərbindəki Kirmanşahda da baş verdi. İran hökuməti bu bölgədə cavan kürdlərin nümayişlərinə gücdən istifadə ilə cavab verdi və bir neçə adamı həbs etdi.
Qeyri hökumət təşkilatı olan Azlıqların Hüquqları Üzrə Beynəlxalq qrup etnik, din və dil əsasında azlıq təşkil edən qrupların hüquqlarının müdafiəsi uğrunda fəaliyyət göstərir.
Mövzuya dair audio yazıya burada qulaq asın