Accessibility links

Əvəz Heydərpur: Braziliyada İran prezidenti ilə təhqiramiz davranıblar


İyunun 25-də İran parlamentinin deputatı, xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Əvəz Heydərpur jurnalistlərə açıqlamasında prezident Mahmud Əhmədinejadın Braziliyaya səfərindən danışıb.
“Media forum” saytının məlumatına görə, Əvəz Heydərpur deyib: “İran prezidenti

Braziliya aeroportuna çatanda onun şəninə uyğun davranılmadığını görən kimi dərhal səfərini dayandırıb geri qayıtmalı idi. Bizə çatan məlumatlara görə, Braziliyada İran prezidenti ilə çox təhqiramiz davranıblar”.
Əhmədinejad BMT-nin təşəbbüsü ilə iyunun 20-22-də qədər Rio-de-Janeyroda “Davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransa qatılmaq üçün Braziliyaya səfər edib.

Bir çox dövlət başçısının iştirakı ilə keçirilən toplantıda dünyada yaşıllığın qorunub saxlanması yolları, ətraf mühit və yoxsulluğun aradan qaldırılması məsələləri müzakirə edilib. Rio-de-Janeyro aeroportunda braziliyalı rəsmilərdən heç kəs İran prezidentini qarşılamayıb. Əhmədinejadı aeroportda qarşılayan yeganə şəxs İranın Ətraf Mühit Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədizadə olub.

Braziliya prezidenti Dilma Russef iyunun 19-da bu ölkədə səfərdə olan Mahmud Əhmədinejadın onunla təkbətək görüşmək xahişini rədd edib. Braziliya mediası bunun Rio-de-Janeyroda Əhmədinejada qarşı keçirilən etiraz aksiyası, İran prezidentinin antisemit mövqeyi və vaxtaşırı Xolokostu inkar etməsi ilə əlaqədar olduğunu vurğulayıb.

İyunun 18-də minlərlə braziliyalının iştirakı ilə Əhmədinejadın səfərinə etiraz olaraq aksiya keçirilib. Aksiyaya hüquq müdafiəçiləri, yerli yəhudilər və cinsi azlıq nümayəndələri qatılıblar. Əllərində ingilis dilində yazılmış plakatlar gəzdirən aksiyaçılar “Əhmədinejad, Braziliyaya gəlmə”, “Əhmədinejad, Braziliyaya xoş gəlməmisən”, “İranlılar, biz sizi sevirik” və digər şüarlar səsləndiriblər.
XS
SM
MD
LG