Accessibility links

İranın millət vəkili narkotik maddə cinayətləri iddiası ilə 2000-ə qədər insanın edam ediləcəyini deyir


Loristan vilayətinin Delfan bölgəsini təmsil edən iranlı millət vəkili Yəhya İbrahimi İranın kiçik qərb bölgəsində narkotik alveri cinayətlərinə görə 2000-ə qədər şübhəlinin edam riski ilə üzləşdiyini bəyan edib.

Sosial mediada paylaşdğı videoda İbrahimi təxminən 150 min əhalisi olan Delfana səfərində narkotik maddə alveri ittihamı ilə məhkum olunmuş şəxslərin ailələri ilə keçirdiyi görüşlərdən danışıb və Delfanda ölüm hökmünə məhkum edilmiş məhbusların sayının çox olması ilə bağlı dərin narahatlıq ifadə edib.

"Bu vəziyyət - son 44 ildə məmurların yüksək cinayətlər və bu qədər edamlara şərait yaratması məni çox sarsıdıb" - deyə, İbrahimi indiki İran hakimiyyətini ölkənin başına gətirən 1979-cu il İslam İnqilabından sonrakı zaman intervalına açıq-aşkar istinad edərək bildirib.

"Təəssüf ki, biz indi bu şəxslərin edam ərəfəsində olduğunun şahidi oluruq" deyən İbrahimi edamları dayandırmaq üçün rəsmilərə müraciət etdiyini bəyan edib.

"Mən [İranın] ədliyyə orqanı rəhbərindən Allah və xalq xatirinə bu hökmləri icra etməməyi xahiş etdim. Çünki hakimiyyət bu şəhəri yoxsulluq və səfalətdən qurtarmağa yardım edə bilmədiyi üçün biz məmurlar da cavabdeh olmalıyıq" İbrahimi deyib.

İbrahiminin açıqlamalarını Tehrandakı Ettelaat qəzeti saytında dekabrın 20-də dərc etsə də, videonun dəqiq nə vaxt çəkildiyi bəlli deyil.

İranda edamların nisbəti, xüsusən də keçən il 22 yaşlı Məhsa Əmininin baş örtüyü qaydasını pozduğu iddiası ilə polis nəzarətində ölməsindən sonra bütün ölkəni bürümüş geniş etirazlardan sonra kəskin şəkildə yüksəlir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu yaxınlarda İranda geniş yayılmış insan haqları pozuntularını pisləyən, xüsusilə İslam Respublikası tərəfindən həyata keçirilən çoxsaylı edamları vurğulayan qətnamə qəbul edib. Qətnamədə qeyd olunub ki, bu edamlar çox vaxt məcburi etiraflardan sonra və ədalətli məhkəmə araşdırması olmadan icra edilir.

Beynəlxalq Amnistiya Təşkilatı da İranda narkotiklə bağlı edamların sayının əhəmiyyətli dərəcədə artdığına dair narahatlığını bildirib.

Forum

XS
SM
MD
LG