İslam Dövləti qrupu ilə İraqın hökumət qüvvələri arasında illərdir davam edən qarşıdurma Mosul kimi şəhərləri xarabalığa çevirib. İşsizliyin dəhşətli dərəcədə yüksək olması minlərlə uşağın həyatda qalmaq üçün zibilliklərdə axtarış aparmasına səbəb olub.
Mosulun zibil emalı idarəsi yaşayış yerlərindən və müəssisələrdən tullantıları toplayaraq, hər səhər zibilxanalara aparır. Uşaqlar da daxil olmaqla, yüzlərlə insan zibillərin arasından alüminium, dəmir, mis və plastik toplayıb satmaq ümidi ilə yük maşınlarını gözləyir. Uşaqlardan biri “Mən dəmir və plastik satmaqla yaşayıram. Gündə 3-5 min dinar qazanıram” deyir.
Mərvan Səttar: “İki-üç ildir burada işləyirəm. Ağır vəziyyətdə yaşayırıq. Heç bir gəlirimiz yoxdur. Kimdənsə pul istəməmək üçün səhər tezdən uşaqlarımızla buraya gəlirik. Bu iş küçələrdə pul dilənməkdən yaxşıdır ”.
Mərvan Səttar burada işləyən uşaqların əksəriyyətinin məktəbə getmək şansının olmadığını deyir. “O uşaqlar məktəbə getməyib və heç bir təhsil almayıb. Onlar burada işləməkdən başqa bir şey bilmir.”
Uşaq və ailə hüquqları təşkilatları işsizlik və İraq hökumətində iqtisadi böhranın minlərlə uşağın məktəbə getmək əvəzinə bu kimi yerlərdə işləmələrinə səbəb olduğunu deyirlər.
Mosul polisi hökumətin küçə uşaqlarının sayının artmasının qarşısını almaq üçün tədbir görməli olduğunu deyir. Vilayət polis idaqərindən polkovnik Abdulla Hüseyin Məhəmməd: “Şübhəsiz ki, bu çox təhlükəli bir vəziyyətdir və insan alveri, gənc qızlara qarşı zorakılıqlar kimi cinayətlərə səbəb olur. Odur ki, belə hallar getdikcə artarsa, böyük bir problemə çevrilə bilər. Hökümət bunun üzərində işləməli, Əmək və Sosial İşlər Nazirliyi yerli hökumətlərlə koordinasiyalı şəkildə bunun üçün maliyyə ayırmalıdır.”
Vəkillərin dediyinə görə, zibilliklərdə çalışan uşaqların rifahı ilə maraqlanan heç bir təşkilat yoxdur. Nergal Təşkilatından Beşər Ciburi: “Biz Nergal Təşkilatında uşaq və qadınların vəziyyətini izləyirik, lakin küçələrdəki uşaqlarla işləyən xüsusi bir təşkilat yoxdur. Bunun səbəbini bilmirik. Mərkəzi və yerli hökumətlərdən bu uşaqlara yardım etmələrini xahiş etmişik.”
Səhiyyə mütəxəssisləri zibilliklər kimi yerlərdə işləyən insanların tənəffüs və dəri xəstəliklərinə daha çox meylli olduqlarını deyir. Onların əksəriyyəti isə yaşamaq üçün həyatlarını təhlükəyə atan uşaqlar və yeniyetmələrdir.