Kürd döyüşçülər cə silah mütəxəssisləri deyir ki, İslam Dövləti yaraqlı qrupu İraq və Suriyada kürd qüvvələrinə qarşı kimyəvi silahlarla atəş açıb.
Hücumları araşdıran Britaniya əsaslı iki təşkilatın birgə açıqladığı bəyanatda deyilir ki, iyunun 21-i və 22-də İslam Dövləti yaraqlıları İraqdakı kürd döyüşçüləri kimyəvi agentlə hədəf alıblar.
Bəyanata görə, oxşar hücum iynun 28-də kürdlərin Suriyanın şimalıdakı Hasakeh vilayətdəki mövqelərinə qarşı da həyata keçirilib.
Təhqiqatçılar deyir ki, kürdlərə atılan mərmilərdən sarı rəngli qaz çıxaraq insanların gözlərini və burnunu yaşartmağa, boğazını qıcıqlandırmağa başlayıb. Bununla yanaşı, qaz əzələ ağrılarına, halsızlığa və uzunmüddətli təsirdə qaytarmaya səbəb olub.
Kimyəvi hücuma məruz qalanlar təcili tibbi müalicə üçün xəstəxanalara aparılıb və onların həyatını xilas etmək mümkün olub.
Təhqiqatçılar habelə deyib ki, kürd döyüşçülər bu yaxınlarda İslam Dövləti yaraqlılarından kimyəvi qazlardan müdafiə üçün istifadə edilən əleyhqazlar müsadirə edib və bu onların kimyəvi müharibələrə hazırlığına, eləcə də belə silahlara sahib olduqlarına işarədir.
ABŞ Milli Təhlükəsizlik Şurası hadisədən xəbərdar olduğunu və vəziyyəti yaxından izlədiyini açıqlayıb.