İsraillə HƏMAS arasında atəşkəs cümə günü Qrinviç vaxtı ilə səhər saat 5-də başlayacaq və Qəzzadan ilk qrup girov axşam saat 4-də buraxılacaq. Bu barədə razılığın vasitəçiliynə yardım edən Qətərin xarici işlər nazirliyinin sözçüsü məlumat verib.
Sözçü Məcid Əl-Ənsari Dohada jurnalistlərə bildirib ki, atəşkəsə Qəzzanın şimalında və cənubunda hərtərəfli atəşkəs daxil olacaq. O qeyd edib ki, İsraildə həbsdə olan fələstinlilər də razılaşmanın bir hissəsi olaraq azad olunacaqlar.
Oktabrın 7-də İsraildə HƏMAS militant qrupu tərəfindən qaçırılan 50 qadın və uşaq İsraildə həbsdə olan 150 fələstinli qadın və uşağın müqabilində sərbəst buraxılacaq.
Qəzzadan 13 girov cümə günü azad ediləcək və 50 girov azad edilənə qədər atəşkəs rejiminin hər günündə əlavə girovlar azad ediləcək.
İsrail baş nazirini ofisi cümə axşamı bildirib ki, İsrail cümə günü Qəzzadan buraxılacağı gözlənilən girovların ilkin siyahısını alıb.
“Müvafiq orqanlar siyahının təfərrüatlarını yoxlayır və hazırda bütün ailələrlə əlaqə saxlayır,” baş nazirin ofisinin açıqlamasında deyilir.
Razılığa əsasən, İsrail dörd gün boyunca Qəzzaya hücumlarına fasilə verəcək. İsrail bildirib ki, HƏMAS hər gün ən azı 10 girov buraxsa, atəşkəs ilkin dörd gündən daha uzun müddət davam edə bilər. Qətər sözçüsü deyib ki, Doha atəşkəsin dördüncü gününədək Qəzzadan daha çox girovun buraxılmasını təmin etmək üçün başqa razılığa vasitəçilik etməyə ümid edir.
50 girovun əvvəlcə cümə axşamı buraxılacağı gözlənilirdi. İsrailin milli təhlükəsizlik müşaviri Tzaçi Hanegbi çərşənbə günü axşam saatlarında bəyanat yayaraq bildirib ki, danışıqlar davam edir və HƏMAS-ın Qəzzada saxladığı girovların ilk qrupu ən azından cümə gününədək sərbəst buraxılmayacaq.
Sərbəst buraxılanların heç birinin kimliyi açıqlanmayıb, ancaq ABŞ rəsmiləri buraxılanlar arasında HƏMAS tərəfindən girov saxlanılan doqquz amerikalıdan bəzilərinin olacağına inandıqlarını deyiblər.
Davamlı hücumlar
İsrail ordusu cümə axşamı bildirib ki, son bir gündə HƏMAS-ın 300 hədəfinə, o cümlədən militant qrupun istifadə etdiyi tunellərə, anbarlara və tank əleyhinə mövqelərinə qarşı havadan zərbələr endirib.
İsrail baş naziri Beynamin Netanyahu HƏMAS-ın gələcəkdə İsrailə hücum edə bilməməsini təmin etməyə söz verib. O, çərşənbə günü mətbuat konfransında deyib ki, atəşkəs rejimindən sonra İsrail ordusu Qəzzadakı kampaniyasını davam etdirəcək.
“Mən açıq olmaq istəyirəm. Müharibə davam edir. Müharibə davam edir. Biz məqsədlərimizə çatanadək onu davam etdirəcəyik,” Netanyahu deyib.
İsrail HƏMAS-ı məhv etmək üçün hərbi kampaniyasına ABŞ-ın terror qruplaşması kimi tanıdığı qrupun oktyabrın 7-də İsrailə hücum etməsindən sonra başlayıb. İsrail həmin gün 1200 insanın öldürüldüyünü və 240-a yaxın girovun Qəzzaya aparıldığını bildirib.
HƏMAS-ın idarə etdiyi Qəzzanın səhiyyə nazirliyi bildirib ki, İsrailin Qəzza zolağına hərbi hücumu zamanı azı 5 mini uşaq olmaqla 12 mindən çox fələstinli həlak olub.
İsrailin saxladığı məhbuslar
İsrailin Ədliyyə Nazirliyi razılaşmanın bir hissəsi kimi azadlığa buraxıla biləcək 300 məhbusun siyahısını dərc edib. Onlar əsasən ötən il ərzində daş atma və digər kiçik cinayətlərə görə saxlanılan yeniyetmələrdir. İsrail qanunlarına əsasən, ictimaiyyətin istənilən şəxsin sərbəst buraxılmasına etiraz etməsi üçün 24 saat vaxtı var.
İsrail ordusu müharibə başlayandan bəri İordan çayının qərb sahilində 1850-dən çox fələstinlini saxladığını və onların əksəriyyətinin HƏMAS üzvü olduğundan şübhələndiyini bildirib. İordan çayının qərb sahilində əsasən də ordunun reydləri nəticəsində baş verən döyüşlər zamanı 200-dən çox fələstinli həlak olub. Yəhudi köçkünlər tərəfindən hücumların sayı da artıb.
Qəzzaya humanitar yardım
Döyüşlərin dayandırılması Qəzzada fələstinlilərə daha çox humanitar yardımın çatdırılmasına imkan verəcək. Döyüşlər başlayandan bu cür yardımlar kəskin şəkildə məhdudlaşdırılıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi çərşənbə günü 80 yük maşınının fələstinli anklava çatdığını və son bir ayda cəmi 1479 yük maşınının yardımı ora çatdırdığını bildirib. Agentlik münaqişədən əvvəl hər ay Qəzzaya orta hesabla 10 000 yük maşını dolu ticari və humanitar malların gətirildiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatı Qəzzada 1,7 milyondan çox insanın, o cümlədən 945,000 nəfərin BMT-nin idarə etdiyi sığınacaqlarda qaldığını bildirib.
Forum