Karen Pens koronavirus pandemiyası dövründə hər şeyin qaydasında olmamasının normal olduğunu deyir.
Vitse-prezident Mayk Pens Ağ Evdəki Koronavirus İşçi Qrupuna başçılıq edirkən, onun həyat yoldaşı Karen Pens insanlara pandemiyanın səbəb olduğu narahatlıqlar, qorxu və streslə mübarizə aparmaq üçün yardım etməyə çalışır.
İki aydan çoxdur koronavirus böhranını yaşayan - istər yaxınlarını, istər işini itirən, istərsə də təcrid vəziyyətindən cana doyan milyonlarla amerikalı baş verənlərin öhdəsindən gəlməyə çalışır.
"Bu, hamımızın birlikdə yaşadığımız bir təcrübədir, əvvəllər belə bir şey olmayıb," deyə Karen Pens Associated Press agentliyinə son müsahibəsində bildirib.
Pensin xanımı PREVENTS adlı işçi qrupunun elçisidir. Bu təşkilat veteranlara psixoloji dəstək və intihara qarşı mübarizə məqsədi üçün Ağ Ev tərəfindən təsis olunub.
Veteranların intiharına diqqət çəkən bu qrup 2019-cu ildə yaradılıb. Lakin bu yaxınlarda amerikalılara yardım etmək məqsədilə "Hər zamandan daha çox" adlı sosial media kampaniyasına başlayıb.
"Onlar bilməlidirlər ki, kömək var və bir millət olaraq zehni sağlamlığımıza bəzi təsirlərin qarşısını almaq üçün görə biləcəyimiz işlər var" xanım Pens deyib.
O, PREVENTS səylərinə bu ilin əvvəlində, ABŞ-da koronavirus təhlükəsinin dərəcəsi bəlli olmamışdan qabaq qatılıb.
Çikaqo Universitetinin NORC Məlumat Fondunun keçirdiyi rəy sorğularının nəticələri göstərir ki, amerikalıların əksəriyyəti son 7 gündə azı bir dəfə emosional neqativ hiss keçirib.
Amerikalıların azı üçdə biri son bir həftədə heç olmasa bir gün əsəb, depressiya, tənhalıq və ya ümidsizlik hiss etdiklərini deyib.
Pandemiya dövründəki təcrübələrindən danışan 9 faiz amerikalı bir və ya bir neçə dəfə tərləmə, ürək bulanması və ya hiperventilasiya kimi fiziki reaksiyaların olduğunu bildirib.
Keçən həftə aparılan yeni sorğu COVID-19-un təsirləri ilə bağlı ikinci araşdırmadır.
Amerikalıların 38 faizi son bir həftədə ən azı bir gün, 16 faizi azı 3 gün özlərini tənha hiss etdiyini bildirib. 38 faiz amerikalı heç olmasa bir gün gələcəyə ümidsiz olduğunu, 14 faizi isə azı üç gün belə hiss etdiyini deyib.
Bütün bunlar narahatlıq və depressiyanın təzahürləri sayıla bilər.
Xanım Pens deyir ki, belə hallardan çıxa bilmək üçün insanlar müəyyən vasitələrə əl ata bilərlər.
İnsanlar özlərini nə dərəcədə pis hiss etdiklərini dərk edə, ehtiyac duyduqları dostları və ya yaxınları ilə söhbət edə bilərlər. O, həm də oxumaq, bişirmək və ya başqa bir işlə məşğul olmağın vacib olduğunu deyib. Akvarel rəssamı olan xanım Pensin dediyinə görə, o, hazırda bir rəfiqəsinin evinin divarlarında rəsm əsəri çəkir və ailəsi üçün Milad bayramı açıqçaları hazırlayır.