Accessibility links

Keçmiş məhbus: Həbsxanalarda koronavirusla bağlı durum kifayət qədər ciddidir


İlkin Rüstəmzadə

Ədliyyə Nazirliyinin məlumatına görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar koronavirusa yoluxub.

NİDA Vətəndaş Hərəkatının fəalı, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə 13 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə il həbs həyatı yaşayıb.

İlkin Rüstəmzadə Amerikanın Səsinə müsahibəsində 13 saylı Cəzaçəkmə Müəssisəsində və ümumilikdə ədliyyə sistemində müalicə və müayinə işinin vəziyyətindən danışıb.

“13 saylı Cəzaçəkmə Müəssisəsində həbs həyatı yaşayan dostlarım mənimlə əlaqə saxlayıb bildirdilər ki, orada çoxlu qızdırması olan məhbuslar var. Onlar bir həftə, on gün qabaq da bu barədə demişdilər. Ümumiyyətlə, yalnız 13 saylı Cəızaçəkmə Müəssisəsində deyil, bütün cəzaçəkmə müəssisələrində tibbi-sanitar hissəsi təyinatı üzrə deyil, otel kimi fəaliyyət göstərir. Kimin pulu var orada qalır. Hətta, koronovirus dövründə tibbi-sanitar hissəsindən məhbusları müalicə, müayinə etmək, yoluxan məhbusları karantində saxlamaq üçün yox, əvvəlki qaydada otel kimi istifadə ediblər. Məndə olan məlumata görə, 13 saylı Cəzaçəkmə Müəssisəsinin ərazisində klub var, hansı ki, orada məhbusların saxlanılması mümkün deyil, çünki, döşəmə betondur. Həmin klubda səyyar xəstəxana düzəldiblər. Karantinə alınan məhbusları orada saxlayırlar. Virus aşkarlanan məhbusları isə mərkəzi hospitala götürürlər.”

İlkin Rüstəmzadə: Həbsxanalarda koronavirusla bağlı durum kifayət qədər ciddidir
please wait

No media source currently available

0:00 0:08:16 0:00

13 saylı Cəzaçəkmə Müəssisəsinin ərazisindəki klubda səyyar xəstəxana düzəldiblər.

Keçmiş məhbus Ədliyyə Nazirliynin yalnız 33 nəfərin koronavirusa yoluxması ilə bağlı məlumatına şübhə ilə yanaşır.

“Çünki 13 saylı Cəzaçəkmə Müəssisəsində şərait elədir ki, orada bir nəfər qripə yoluxanda, çox qısa müddətdə həbsxanadkı bütün məhbuslar yoluxurdu. Əsas isə o idi ki, 280 nəfər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində bizim vaxtımızda 1400 nəfər saxlanılırdı. İndi isə təxminən 1200 nəfər saxlanılır. Belə bir şəraitdə virusun yayılması çox sürətli olacaq.”

Rüstəmzadə hesab edir ki, ədliyyə sisteminin tibb müəssisələrində savadlı həkimlər var. Dərman təchizatı da kifayət qədər güclüdür.

“Dərmanların demək olar ki, 99 faizi təyinatı üzrə istifadə olunmur. Penitensiar Xidmətdə, eləcə də cəzaçəkmə müəssisələrinə verilən dərmanların əsksəriyyəti satılır. Təbii ki, cəzaçəkmə müəssisələrinə gəlib çıxan dərmanlar da olur. Həmin dərmanları da çöldəki qiymətlərindən bir az aşağı qiymətə məhbuslara satırlar. Pulsuz dərman vermə anlayışı demək olar ki, yoxdur. Ancaq şikayət edən, öz hüquqlarını müdafiə edən məhbuslara dərmanlar pulsuz verilir.”

Pulsuz dərman vermə anlayışı demək olar ki, yoxdur.

Onun qənatəincə Ədliyyə Nazirliynin müalicə müəssisəsi yüzlərlə virusa yoluxmuş şəxsi müalicə etmək gücündə deyil.

“Koronavirus yoluxması şübhəsi olan məhbusların qohumları deyir ki, həmin məhbuslara analgin adlı dərman verirlər. Yəni, vəziyyət bu qədər bərbaddır.”

İlkin Rüstəmli hesab edir ki, həbsxanalarda durumun yaxşılaşdırılması üçün ədliyyə sistemindəki korrupsiya dayandırılmalıdır.

“Heç olmasza pandemiya dövründə korrupsiya hallarını dayandırsınlar ki, insanlar əziyyət çəkməsin. Açıq və hesabatlı fəaliyyət göstərməlidirlər. Hazırda həbsxana sistemi ilə bağlı fəaliyyət göstərən nəzarət sistemi yararsızdır. Yeganə nəzarət mexanizmi o ola bilər ki, cəzaçəkmə müəssisələrinə baş çəkmək hüququ olan tam müstəqil şəxslər, müstəqil qruplar olmalıdır. Bu baş verməsə nəzarət mümkün deyil. Çünki hazırki sistem tam inzibati əzmək məqsədi güdür və korrupsiya üzərində qurulub.”

Keçmiş məhbus hesab edir ki, həbs yerlərində virusa yoluxma ehtimalını azaltmaq üçün siyasi məhbuslar başda olmaqla həbs müddətinin yarıdan çoxunu çəkmiş, az ağır cinayətlərdə suçlu bilinən məhbuslar azadlığa buraxılmalıdır.

İnsanların həbsedilmə mexanizmi çox asandır, amma insanların vaxtından əvvəl azadlığa buraxılma mexanizmi o qədər dəhşətli çətindir ki, hətta ən korrupsioner cəzaçəkmə müəssisəsinin rəisi belə yuxarıdan sifariş gəlməyincə ən böyük miqdarda rüşvət təklif edən məhbusları belə azadlığa buraxa bilməz.

“Məhbusların həyatı üçün siyasi məsuliyyəti indiki hakimiyyət daşıyır. Amma məhbusların azadlğa buraxılması bir az müşkül məsələdir. Hakimiyyətin hətta məhbuslar ölsə belə azadlığa buraxacağını düşünmürəm. Amma pandemiya dövründə məhbusları ya müvəqqəti evə buraxmaq, ya həbsxana sistemi məzmunu olmayan hansısa hospitala yerləşdirmək və ya xüsusi təcrid tədbirləri görmək mümkündür. İnsanların azadlığa buraxılmasını, əlbəttə, biz hamımz istəyirik. Bunun üçün hamının imzalayacağı ortaq bir müraciətə ehtiyac var. Artıq vəziyyət kifayət qədər ciddidir və bununla bağlı nə isə etmək lazımdır. Amma bütün hallarda hakimiyyətin siyasi məhbusları azadlığa buaraxacağını düşünmürəm. Nəinki siyasi məhbusları, ümumiyyətlə həbsxana administrasiyaları hətta adi bir məhbusu belə azadlığa buraxa bilmirlər. İnsanların həbsedilmə mexanizmi çox asandır, amma insanların vaxtından əvvəl azadlığa buraxılma mexanizmi o qədər dəhşətli çətindir ki, hətta ən korrupsioner cəzaçəkmə müəssisəsinin rəisi belə yuxarıdan sifariş gəlməyincə ən böyük miqdarda rüşvət təklif edən məhbusları belə azadlığa buraxa bilməz,” Rüstəmzadə qeyd edib.

Qeyd: Amerikanın Səsinin müxbiri dəfələrlə cəhd etsə də Ədliyyə Nazirliyi sistemindən, o cümlədən müalicə müəssisəsindən münasibət öyrənə bilməyib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi bir qayda olaraq məhbusların qanunvericiyə əməl edilməklə daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir. Penitensiar Xidmət məhbusların hüquqlarının pozulması ilə bağlı tənqidləri qəbul etmir.

XS
SM
MD
LG