Birləşmiş Ştatların Dövlət katibi Con Kerri Pakistanın ölkənin şimal-qərbində, qəbilələrin məskunlaşdığı regiondakı yaraqlılara qarşı apardığı mübarizənin əhəmiyyətli nəticələr verdiyini deyib. Lakin cənab Kerri əlavə edib ki, terrorçu qruplaşmalara qarşı mübarizə davam edəcək.
Strateji müzakirələr aparmaq üçün İslamabadda səfərdə olan cənab Kerri deyib ki, Pakistanda Taliban və Əfqanıstandakı Haqqani və Ləşkəri-Tayyibə kimi qruplar nəinki bu iki ölkə üçün, onların qonşuları və Birləşmiş Ştatlar üçün də təhlükədir. Cənab Kerri bu ölkələrin ekstremistlərin nə Pakistanda, nə də digər bir ölkədə ayaq tuta bilmədiyinə əmin olmalı olduğunu deyib.
ABŞ dövlət katibi Pakistana səfərini Talibanın Pişəvərdə orta məktəbdə 134 şagird və 16 işçini qətlə yetirməsindən bir aydan az vaxtın keçməsindən sonra edir.
Dövlət Departamentinin rəsmiləri dövlət katibinin məktəbdə yaralananları ziyarət etmək üçün Pişəvər xəstəxanasına getməyi planlaşdırdığını, lakin hava şəraitinin buna imkan vermədiyini bildirib.
Parisdə həyata keçirilən terror hücumlarına qarşı kütləvi yürüşdə Obama administrasiyasından heç bir yüksək səviyyəli rəsminin olmaması ilə bağlı tənqidlərdən sonra cənab Kerri ABŞ-ın Fransa ilə həmrəyliyini nümayiş etdirmək üçün bu həftənin sonu Fransaya səfər edəcək.
Keçən bazar günü Avropa, Yaxın Şərq və Afrika ölkələrinin dövlət başçıları Ollandla bərabər ələ-ələ tutub. Onlar arasında Böyük Britaniyanın baş naziri Devid Kameron, İtaliyanın baş naziri Matteo Renzi, İspaniyanın baş naziri Mariano Rajoy, Almaniya kansleri Angela Merkel, İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin prezidenti Mahmud Abbas və Ukrayna prezidenti Petro Poroşenko olub.