Accessibility links

Keith Bean: Amerikanın Azərbaycandakı vətəndaşlarının diqqətinə çatdırırıq ki, terror təhlükəsi yenə də mövcuddur, həyəcan siqnalı qüvvədə qalır


Keith Bean: Amerikanın Azərbaycandakı vətəndaşlarının diqqətinə çatdırırıq ki, terror təhlükəsi yenə də mövcuddur, həyəcan siqnalı qüvvədə qalır
Keith Bean: Amerikanın Azərbaycandakı vətəndaşlarının diqqətinə çatdırırıq ki, terror təhlükəsi yenə də mövcuddur, həyəcan siqnalı qüvvədə qalır

Mətbuat katibi Amerika-Azərbaycan münasibətləri, demokratiya sahəsində əməkdaşlıq, Cabbar Savalanın həbsi və başqa məsələlərə toxunub

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda terror təhlükəsi, Amerika - Azərbaycan münasibətləri, Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində aparılan danışıqlar, Dövlət katibinin birinci müavinin Azərbaycana gözlənilən səfəri və bloger Cabbar Savalanın həbsi ilə bağlı məsələlərə toxunub.

Sual: Amerika Dövlət Departamenti son günlər Azərbaycanda terror təhlükəsi ilə bağlı iki dəfə xəbərdarlıq yayıb. Hazırda təhlükə qalırmı?

Cavab: Terror təhlükəsi ilə bağlı Amerika səfirliyi həyəcan mesajları qəbul edib və bununla bağlı məlumat yaymışıq. Ehtimal edilən təhlükə ilə bağlı Azərbaycanın müvafiq strukturları da məlumatlandırılıb və onlarla əməkdaşlıq edilir.

Sual: Hazırda vəziyyət necədir? Çünki Azərbaycanın bir sıra rəsmiləri, o cümlədən Yeni Azərbaycan Partiyasının vəzifəli şəxsləri Amerika və Böyük Britaniyanı yalan məlumat yaymaqda günahlandırır.

Cavab: Biz, yenə də hesab edirik ki, təhlükə mövcuddur. Bununla əlaqədar yerli strukturlarla əməkdaşlığımızı davam etdiririk. Biz yenə də Amerikanın Azərbaycandakı vətəndaşlarının diqqətinə çatdırırıq ki, diqqətli olsunlar, təhlükə yenə də mövcuddur.

Sual: Yəni, hazırda da təhlükə mövcuddur?

Cavab: Həyəcan siqnalı yenə də qüvvədə qalır.

Sual: Azərbaycan-Amerika münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz? Çünki, son zamanlar Azərbaycanın rəsmi mediası Amerikanın əleyhinə çoxsaylı tənqidi məqalələr dərc edib.

Cavab: Bəli, mənim xəbərim var. Bir-iki qəzetdə belə məqalələr dərc olunub. Amma, səfir Brayza prezident Əliyev tərəfindən çox yaxşı qarşılanıb və biz həmin məqalələri dövlətin siyasəti kimi qəbul etmirik.

Sual: Amerika-Azərbaycan münasibətlərinin gələcək perspektivlərinə necə baxırsınız?

Cavab: Biz gələcəkdə Azərbaycanla əməkdaşlığımızı müxtəlif sahələrdə daha da gücləndirmək niyyətindəyik. Bura enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, iqtisadi və demokratiya sahədə islahatların aparılması daxildir.

Sual: Enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri məlumdur. Demokratiya və iqtisadi islahatlarla bağlı Azərbaycan hökuməti hansı işləri görməlidir? Amerika Misirlə də eyni prioritetlərlə əməkdaşlıq edirdi.

Cavab: Təbii ki, biz Azərbaycana yol göstərən deyilik. Bu Azərbaycanın öz işidir. Biz Azərbaycana onu deyə bilərik ki, hansı ölkələr demokratik islahatlar keçirirsə, Amerikanın həmin ölkələrlə münasibətləri daha uzunmüddətli, daha geniş və daha yaxın olur. Bu sahədə Azərbaycanla bir tərəfdaş kimi əməkdaşlığımızı davam etdiririk. Onu da bilirik ki, demokratiya tez bir zamanda həll edilən məsələ deyil. Bu uzunmüddətli bir prosesdir və bu sahədə Amerika Azərbaycanla əməkdaşlığını davam etdirəcək. Hansı ölkələrdə bütövlükdə insan haqlarına hörmətlə yanaşılırsa həmin ölkələrlə daha sıx əməkdaşlıq edirik.

Sual: Amerika Dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək. Səfər zamanı hansı məsələlər müzakirə ediləcək?

Cavab: Bu həftə cümə axşamı (fevralın 24-də) Dövlət katibinin müavini James Steinberg Azərbaycana səfər edəcək. Səfər zamanı Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlər geniş formatda müzakirə ediləcək və prezident Əliyevlə də görüş gözlənilir.

Sual: Bir müddət əvvəl Birləşmiş Ştatların Terrorizmlə Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə Maliyyə Nazirinin müavini Stüart Levi Azərbaycanda və Türkiyədə səfərdə oldu. Hazırda bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Cənab Levinin Azərbaycan səfəri zamanı bir sıra məsələlər müzakirə edildi. Eyni zamanda, İranın beynəlxalq maliyyə qurumlarından istifadə etməklə Azərbaycana nə dərəcədə zərər vura biləcəyi məsələləri müzakirə edilib. Cənab Levi həmçinin Azərbaycan tərəfinə çatdırdı ki, İran tərəfi Azərbaycan maliyyə institutlarından istifadə edərək Azərbaycana təhlükə yarada bilər. İrana qarşı sanksiyalarla bağlı məsələlər də müzakirə olunub.

Sual: Bununla bağlı, hazırda vəziyyət necədir? İrana qarşı sanksiyaların pozulub-pozulmaması ilə barədə məlumatlar varmı?

Cavab: Azərbaycan maliyyə sistemi İran tərəfindən maliyyə institutlarına qanunsuz daxil olmaların olub-olmamasına nəzarət etməlidir.

Sual: Gənc bloger, Azərbaycan Xalq Cəbhəsinin üzvü Cabbar Savalanın həbsinə münasibətiniz necədir?

Cavab: Bizdə bu barədə tam ətraflı məlumat yoxdur. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycan rəsmilərinə müraciət edirik ki, qanun çərçivəsində lazımi addımlar atılsın.

XS
SM
MD
LG