Podkastlar, elektron kitablar və smartfonların geniş yayıldığı bir vaxt Birləşmiş Ştatlarda köhnə dəbdə kitab oxumaq hələ də populyardır. Elə buna görə də kitabsevərlərə yardım və kitab mübadiləsi üçün bütün ölkə boyu kiçik, pulsuz kitabxanaların sayı artır.
Beş yaşlı Everi kitab oxumağı sevir. Buna görə də o hər həftə anası ilə birlikdə kitab seçmək üçün yerli kitabxanaya gedir. Bəzən anası məşğul olanda özü yeni bir kitab tapmaq üçün “Kiçik, Pulsuz Kitabxana”ya gedir. “Kitab sizə çox şey öyrədir. Mən ilanın ayağının olmadığını, bəzilərinin quyruğunda zınqırov olduğunu, bəzilərinin isə zəhərli olduğunu öyrəndim” - deyə, o bildirir.
“Kiçik, Pulsuz Kitabxana”ları yaradan qeyri-kommersiya təşkilatlarının məqsədi insanları kitab oxumağa şövq etməkdir. Bu, bir neçə rəfdən ibarət kiçik kitabxanalara insanlar kitab gətirə, oxuya və kitab mübadiləsi edə bilər.
Jurnalist Kad Lazarof belə bir kitabxananı özünün Montqomeri mahalındakı evinin yaxınlığında 5 il əvvəl yerləşdirib. “Mən “Kiçik, Pulsuz Kitabxana”ları başqa məhəllələrdə görürdüm və kitab mübadiləsi ideyası çox xoşuma gəlirdi. Kitabxana yaxşı yerdir. Lakin bunun yaxın bir yerdə olması və istədiyin kitabı seçib oxumaq, istədiyin qədər saxlamaq, oxumaq üçün kiməsə vermək isə daha gözəl işdir.”
Bu kitabxanalar insanların kitabları asan əldə etmələrinə yardım edir. Kitabxananın rəfləri nadir hallarda boş olur və insanlar kitabla dolu qutuları onun qapısı önünə qoyur. Kat insanların məmnuniyyətlə yardım etmək istədiklərini deyir. “Qonşularımdan biri mənə belə bir sualla müraciət etdi: “Olar ki, mənim uşağımın ad günündə qonaqlar ona hədiyyə əvəzinə “Kiçik, Pulsuz Kitabxana” üçün kitab gətirsinlər?” Sonra hamı gəlib gətirdiyi kitabı kiçik kitabxanaya qoydu. Bu çox əyləncəli idi.”
Qeyri-kommersiya təşkilatının bildirdiyinə görə, kitab müvadiləsi artıq dünyanın 85 ölkəsində fəaliyyət göstərir. Girl skautlar “Kiçik, Pulsuz Kitabxana”nı məktəb kampusunda açıb. cenifer Konrad: “Kitab oxuyanlar lider olur. Skaut qızlar doğrudan da lider olmaq istəyir və bu, qızlara lider olmaq yollarını öyrənməyə yardım edir.”
Həm Girl skautlar, həm də jurnalist Kat Lazarof bu kiçik kitabxanaların kitaba sevgini artırdığını və müxtəlif yaşlardakı oxucuların bir araya gəlmələrinə yardım etdiyini deyirlər.